PDF Oxu

Köşə

  • 8 227

Bu gün sənin günündür, AĞDAM!

image

Bu gün sənin günündür, AĞDAM!

27 il düşmən tapdağı altında qalan və 2020-ci ilin 27 sentyabrından başlanan yolla azadlığına doğru yolçuluğa çıxan Ağdam bir qərinəyə yaxın qara günlər yaşadı. Gözəl hüsnündən əsər-əlamət qalmadı Ağdamın. Vəhşi düşmən bu ağ saraylı, ağ binalı şəhəri yerlə yeksan etdi. Dağıdıldı, yandırıldı, köksü qara tüstü burulğanına büründü. Ağ şəhər qara şəhərə çevrildi. Həm də qara günlü şəhərə...

27 il idi ki, adından “ağ” sözünü çıxarıb Qarabağın qara bəxti, qara taleyi adlandırmışdıq Ağdamı. Çünki ağ günündən, ağappaq şölə saçan növrağından əsər-əlamət qalmamışdı bu yurdun. Ona yad əllər uzanmışdı. Bədxah addımlar köksündə yaralar açmışdı. Tanış olmayan nəfəslər bu yerlərin ağ gününə qara tüstü püskürmüşdü.

İllərdi yanırdı çinarlıqları. Sökülürdü abidələri, mədəniyyət ocaqları. Dağıdılırdı zəhmət əllərinin ucaltdığı evlər - bir ailənin ümidi sökülürdü. Evindən-eşiyindən köçmək məcburiyyətində qalanların yuxularının tez-tez qonağı olurdu Ağdam. Bu yuxular dünyada məşhur olan Qarabağ atlarının məskəni olan Ağdamın ağ atlı oğullarından, ağ duvaqlı qızlarından “danışırdı”. 27 il əvvəl Qarabağın qoynundakı ən çox şəhid verən bu bəyaz şəhərin qara günlərini nağıl edirdi o yuxular. Lakin nə bu yuxular, nə də real həyat belə davam edəcəkdi. Çünki xalqın belə bir deyimi var: Qara günün ömrü az olar.

Qara gününün ömrü 27 il olsa da, 27 sentyabrdan başlanan Vətən müharibəsi Ağdamın bu ömrünün sonu oldu. Müzəffər ordumuzun sürətlə irəliyə doğru irəliləməsi, o yuxulardakı ağ atlı oğulların düşmənin qara kabusuna çevrilməsi son qoydu Ağdamın qara günlərinə. Ali Baş Komandanımızın da söylədiyi kimi: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş və böyük vəsait xərclənmiş istehkamlar. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etmişdilər. Bizim gücümüzü düzgün hesablaya bilməmişdilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bizi o Qələbəyə aparan həm gücümüz, texniki təchizatımız, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

27 sentyabrdan başlanan hərbi yol 10 noyabrda siyasi yolla birləşərək Ağdamın qələbəsini yaxınlaşdırdı. Tarix yenə 27 il əvvələ geri döndü. Lakin bu dönüş azərbaycanlıların başına açılan o müsibətli günləri qələbə sevinci ilə əvəzlədi. Bu dəfə əzilən başqasının torpaqlarında ağ gün axtararkən qara günlərin sahibinə çevrilənlər oldu. Tarix öz siyasi lideri və səhifələrinə minilliklərin hünər səhifəsini yazan azəri övladlarının şücaəti ilə Ağdamı ağdamlılara qaytardı. Həmin gün Ağdamın “çöhrəsini” gülümsəyən gördük. Sevinc göz yaşları axıtdıq. Qəlbimiz qürur hissi ilə doldu...

Ağdamda Azərbaycan bayrağı ucaldıldı. Ağdam bu doğma nəfəsləri, tanış əllərin hərarətini duyduqca gülümsəyirdi. 27 il çöhrəsinə qara rəng çökən Ağdam gülümsəyirdi. Dağıdılmış, viran edilmiş abidələri, tarixi yerləri, incəsənət, mədəniyyət nümunələri, bərəkətli, altı da, üstü də zəngin torpaqları ilə birlikdə gülümsəyirdi. Çünki o əllər bu yurd yerinə yeni həyat vermək üçün gəlmişdi. Minlərlə evinin daşı daş üstündə qalmayan bir yurdu yurddaşlarına vermək, buraya yeni növraq bəxş etmək üçün gəlmişdi. Bu səbəbdən də Ağdam gülümsəyirdi. Qələbəsini, azadlığını bayram edirdi. Bütün işğaldan azad olunmuş torpaqlarımız kimi, Ağdamın da üzünə gülümsəmək necə də yaraşır...

Budur, azadlığından 4 il ötür Ağdamın. O, yenidən qurulur. Bağrına çəkilən min bir dağa dağ vüqarlı oğullarımız məlhəm oldu. Bu gün isə dövlətimiz Ağdamı yenidən dirçəldir. Dirçəldir ki, sakinləri öz ata-baba torpaqlarına-doğma Ağdamlarına qayıtsınlar, ona qara günlərini unutdursunlar. O gün çox yaxındadır.

Günün mübarək, Ağdam. 20 noyabr-sənin azadlığın günü xalqımızın qürur tarixidir.

Mətanət Məmmədova

Digər xəbərlər