PDF Oxu

Köşə

  • 5 074

Maaş artımları inflyasiyanı kompensasiya edəcəkmi? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son dövrlərdə bir çox məhsulların və xidmətlərin qiymətinin davamlı bahalaşması əməkhaqqı və pensiyaların artırılmasını şərtləndirir. 2024-cüilin dövlət büdcəsi layihəsinə əsasən, gələn ilin yanvarından maaş və pensiyalarda artımların olacağı gözlənilir.

Maaş və pensiyalarda 15 faiz civarında artım gözlənilir. Real inflyasiya həcmi bundan az deyil. Əslində bu artım yox, indeksasiyasıdır, lakin qiymət artımları davam etsə indeksasiya belə təmin olunmuş olmaz.

İndiyədək adambaşına yaşayış minimumu 246 manat idi, gələn il üçün yaşayış minimumu isə 270 manat nəzərdə tutulur. Artım cüzidir və bu 10 faizlik artım inflyasiyanı kompensasiya etmir. Əksər ailələrin adambaşına gəliri bu məbləğdən də aşağıdır. Faktiki yaşayış minimumu ən azı 350 manat civarındadır. Bahalaşmanın davam etməsi ilə bağlı minimum istehlak səbətinin dəyəri də durmadan artır. Bu səbəbdən həm minimum əməkhaqqının və minimum pensiyaların, həm də yaşayış minimumunun artırılması aztəminatlı ailələrin sosial müdafiəsi üçün çox vacibdir.

Ölkədə maaş və pensiyaların artırılması əhalinin sosial vəziyyətinin yüksəlməsini təmin etməlidir. Lakin ənənəvi olaraq bəzi işbazlar tərəfindən bu artımlardan sonra əksər məhsul və xidmətlərin qiymətlərinin süni bahalaşdırılması tendensiyası müşahidə olunur ki, bu da son nəticədə inflyasiyanı artırır, edilən artımları səmərəsiz hala gətirir. Ölkə prezidenti bir neçə dəfə belə hallara qarşı sərt reaksiya verib və süni bahalaşma halları aradan qaldırılıb.

Büdcədən maliyyəşənlərin maaş və pensiyaları qaldırılandan sonra baş verən bahalaşma meyilləri təkcə onlara deyil, özəl və ictimai sektorda çalışan və maaşları artmayan vətəndaşlara da zərər vurur. Çünki, maaşı artımları dövlət büdcəsindən əməkhaqqı alanlara aid olur, özəl şirkətlərdə işləyənlərin maaşları artmır. Ona görə də, minimum əməkhaqqının 350 manatdan 500 manata qaldırılması vacibdir.

Süni bahalaşmanın qarşısını almaq üçün inzibati metodların tətbiqi də mümkündür, lakin burada başqa faktorlar da var ki, ilk növbədə onlara toxunmalıyıq. Bazarda süni proseslərin qarşısını almaq üçün rəqabət mühiti təmin olunmalıdır.

Məhsulunu bazara çıxaran şəxs və ya şirkət bunun üçün verdiyi rüşvətləri məhsulun üzərinə əlavə edir və qiymətlər süni şəkildə artır. Qiymətlər bazar stabilləşdirməlidir, tələb-təklif münasibətləri əsas rol oynamalıdır. Ona görə də, dövlət başçısının dediyi kimi, inhisarçılıq, korrupsiya halları aradan qaldırılmalıdır.

İnzibati təzyiq vasitələri müvəqqətidir, amma bunun da təsiri ola bilər. İnzibati təzyiq ona yönəlməlidir ki, sahibkarların, məshul istehsalçılarının əlavə xərcləri yaranmasın. Əks halda, qiymətlər süni şəkildə artacaq.

Qiymət və qiymətləndirmə məsələsini tamamilə bazarın öhdəsinə buraxmaq da düzgün deyil. Çünki burada təkcə iqtisadi problem deyil, ictimai, siyasi, sosial və mənəvi məsələlər də birləşir. Belə ki, bəzi qiymətlərin dövlət tərəfindən tənzimlənməsi həmin məhsulların və xidmətlərin ucuzlaşması ilə nəticələnə bilər ki, bu da son nəticədə əhalinin həyat səviyyəsinə müsbət təsir edər.

Dünyanın ən yüksək inkişaf etmiş ölkələrində belə, qiymətlərin müəyyən sərbəstliyi və sahibkarın qiymət sahəsindəki sərbəstliyi ilə yanaşı, dövlətin tənzimləyici siyasəti də mühüm yer tutur. Məsələn, hətta ABŞ kimi klassik bazar iqtisadiyyatına malik olan ölkədə gündəlik tələbat məhsullarından tutmuş strateji məhsullara qədər 900-ə yaxın adda məhsul və xidmətin qiyməti dövlətin nəzarətindədir.

Bu o deməkdir ki, həmin qiymətlər müəyyən dəhliz daxilində tənzimlənir, yəni onun mümkün minimum və maksimum qiymətləri müəyyən edilir və qiymətlərin bu arada olması təmin edilir.

Buna baxmayaraq, prosesi təkcə inzibati metodlarla tənzimləmək mümkün olmayacaq. Bazarda daha çox bolluq yaratmaq üçün istehsalı stimullaşdırmaq, bazara çıxışları asanlaşdırmaq lazımdır. Fermerlərin məhsul istehsalı ilə daha fəal və səmərəli məşğul olması üçün dövlət dəstəyi gücləndirlməlidir.

Bütün bunları nəzərə alaraq qeyd etməliyik ki, hökumət elə bir optimal mexanizm tapmalıdır ki, həm bazar rəqabəti qaydaları pozulmasın, həm süni bahalaşmnın qarşısı alınsın ki, əməkhaqqı və pensiya artımları inflyasiyanın yeminə çevrilməsin. Bu, daxili bazarı qorumaq, əhalinin sosial müdafiəsini gücləndirmək, iqtisadi artımı təmin etmək həyati dərəcədə vacibdir.

Digər xəbərlər