Köşə

  • 4 744

Hədiyyəmiz yalnız kitab olsun...

image

Kitab... Deyərdim ki, dünyada yaradılmış ən dəyərli vasitədir. Kitab insanın ən yaxın dostudur, onun ömrünün bəzəyidir. Kitab sirdaşdır, hər an pıçıltılarını dinləyən, sənə düzgün yol göstərən əsl dost. Kitab vaxtdır, bəzən ilişib qalan saatları sürətlə irəliyə doğru aparan, günün haradan gəlib haraya getdiyindən insanı bixəbər edən vasitədir.

Hər kəsin yanında olub, bir gün səndən uzaqlaşdığı təqdirdə kitab səninlə qalan, dərd-sərinə şərik olan vasitədir. Kitab milyonlarla insanla tanışlığındır. Minlərlə insan taleyi ilə tanışlığındır. Düz yolun göstəricisi, əyri yolun düşmənidir.

Kitab xarakterdir. İnsan xarakterinin düzgün formalaşmasında tərbiyəedicidir. Nəyi necə etməyi göstərən, nəyi harada danışmağı öyrədən müəllimdir. Əməyi, zəhməti misilsiz olan müəllim. Haqqı ödənilə bilməyən öyrədicidir.

Kitab yol yoldaşıdır. Hər an yanındadır. Dünyanın harasında olsan, hansı səbəbdən olsan, yanında tək olandır. Səni tək qoymayan, darıxmaqdan uzaq saxlayan, münasib olmayan dostluqlardan çəkindirən yoldaşdır. Harada gəldi dərdini sonadək dinləyən, yaralarına məlhəm olan yolyoldaşıdır.

Kitab taledir. Mənim, sənin, hamımızın taleyidir. Bir-birimizə sirrimizi-sözümüzü demədiyimiz halda, kitab bizləri bir-birimizin taleləri ilə tanış edən vasitədir. Kiminsə taleyinə acıdığımız, kiminsə taleyinə sevindiyimiz, pisi pis, yaxşını yaxşı kimi tanıtdıran, öyrədəndir.

Kitab xatirədir. Uşaqlıqdan gəncliyə, gənclikdən ahıllığa ərmağan olan xatirələr toplusudur. Bir dəfə səhifələrində gözlərin gəzəndən sonra ikinci dəfə əlinə aldığında səni gənclikdən uşaqlığa, ahıllıqdan gəncliyə aparan xatirələrdir.

Elə bütün bu səbəblərdən də kitab hər birimiz üçün dəyərlidir. Çünki o bizim də dostumuz, yoldaşımız, sirdaşımız, yolyoldaşımız, taleyimiz, xatirələrimiz olub. Kimsəyə deyə bilmədiyimiz sözümüzü dinləyənimiz olub. Qəhrəmanlarına öz dərdlərimizi də qarışdırıb göz yaşını axıtdığımız səhifələrdir. Gecəni sübhədək ayrıla bilmədiyimiz yuxumuzdur. Dünyanın ən şirin neməti olan yuxunu illərlə qurban verdiyimiz varlıqdır. Qəhrəmanları həyat idealımıza çevrilən, bizi peşəyə, sənətə, həyata yönəldən varlıq...

Deyərdim ki, kitab ana laylasının davamıdır. Körpəykən ana laylasıyla dinclik, sakitlik, məlhəm tapdığımız halda, ömrümüzün sonrakı çağlarında bu laylaları yeganə əvəz edə bilən kitablardır. Ana laylalarına qulaq kəsib ağlamamışıq, bir də kitablarla evlərimizdə varlığımız-yoxluğumuz hiss olunmayıb. Çəkilmişik bir guşəyə, burada onunla-ikinci ana laylasıyla baş-başa qalmışıq. Ruhumuza qida olub kitablar, ana südü tək qidamız olub. Kitab oxuyanlar xatırlayar, hansısa bir kitab səni özündən alıb elə aparıb ki, gün ərzində aclıq hissi belə duymamısan. Belə isə ən gözəl qidadır kitablar.

Kitab arzudur, bu arzuya qurulan xəyaldır. Gələcəyin, sabahındır. Qəhrəmanlarının səni səslədiyi həyat yoludur. Onlara bənzəyən həyat yolunu qurmaqda səni ruhlandıran, yolgöstərəndir. Mübarizlikdir kitab. Həyatla, haqqınla, insanlarla mübarizədir. Bütün bunları necə etməyi öyrədəndir.

Kitab bir filmdir, oxudunmu, sanki bir filmə baxdın, bir hadisənin içərisində oldun, onun qəhrəmanlarınla birgə yaşadın. Kitab bir mahnı, bir şeirdir, necə ki, bir musiqi, bir parça şeir səni səndən alıb aparır, kitab da elədir. Saatlarla gedirsən, bəzən keçmişə, bəzənsə gələcəyə...

Dünya əhalisi 2012-ci ildən fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Belə isə bir-birimizə hədiyyəmiz yalnız kitab olsun. Olsun ki, yuxarıda söylədiyim duyğular da bizim olsun!

Mətanət Məmmədova

Digər xəbərlər