Köşə

  • 1 967

Sevginin həddi...

image

Bu fikirdəyəm ki, heyvanları sevməyən hissiz, duyğusuz adamdır. Həm də özünə hörmət qoymur ki, heyvanlara da sevgi verə bilmir. Yəni, onları sevmir.

Sevimlidir heyvanlar, buna şübhə yoxdur. Onları sevdikcə sanki insani duyğularımız çoxalır. Onların bizə ehtiyacı olduğunu anlayırıq. Həm də köməyə ehtiyacları olduğunu dərk edirik. Bu köməyi isə yalnız biz onlara edə bilərik.

Edirik də... Heyvanlara yem alıb veririk, müxtəlif yerlərə su qabları yerləşdiririk. Onların mühafizəsi və qorunması üçün tədbirlərə qoşuluruq, yaşıllıqları çoxaltmağa çalışırıq ki, bu, heyvanlar üçün daha vacibdir.

Hətta heyvanları evlərimizdə də saxlayırıq. Onlar bizim dostumuz, həmdəmimiz, bəzən sirdaşımız da olurlar. Bəzən evimizin səs-küyü, bəzən yol yoldaşımız, bəzən əsəblərimizi sakitləşdirəndir onlar...

Həqiqətən onları sevməmək mümkün deyil. Çünki çox sevimlidirlər, bəzən ətrafımızdakı insanların anlamadığı qədər bizi anlayır, qayğı göstərirlər. Elə heyvanlarla bizi bir-birimizə bağlayan da bu cəhətlərdir.

Lakin hər şeyin bir həddi olduğunu da unutmasaq, daha yaxşı olar. Son günlərdə qarşılaşdığım bir neçə mənzərə ilə bunları söyləməyə haqlı olduğumu düşünürəm. Ona görə də deyirəm ki, ta bu qədər də yox da, sevginin də bir həddi olmalıdır axı...

Parkda gəzirəm. İki oğlan var qarşıda, itləri ilə gəzintiyə çıxıblar. Gəlib yanlarından keçəndə nə eşitsəm yaxşıdır? Oğlanlardan biri itə deyir ki, gedək ta, atam. Buyurun, siz deyin, olar belə? Necə yəni, gedək ta, atam. Bu, itə sevginin, hörmətin ölçüsüdürsə, bu ölçü dəyərini dəyişsək, daha yaxşı olar. Hər halda it itdir, nə qədər yaxın dost, sevimli heyvan olsa da. Ata da atadır ki, biz onu Allahdan başqa bütün varlıqlardan üstün tuturuq. O, heç kimə, heç nəyə bənzədilməyən böyüyümüz, ağsaqqalımız, əzizimizdir. İtə bu cür müraciət qəbahətdən qəbahətdir, deyilmi?.. Bu səbəbdən də sevginin həddini aşmayaq...

İşə gəlirəm, baxıram ki, bir qız qarşıdakı avtomobildən düşdü. Qucağında deyəsən uşaqdır, elə basıb ki, bağrına, az qalır bağrı çatlasın. Yaxınlaşıb nə görsəm yaxşıdır? Bu, uşaq deyil, itdir. Anlayırıq, sahibi itini çox sevir, lakin bu qədər yaxın təmas nə qədər doğrudur? Hansı birimiz evimizdə saxladığımız it və ya pişiklərin sağlamlığına təminat verə bilərik? Bu səbəbdən də sevginin həddini aşmayaq...

Keçən günlərdən birində yenə parkda baxıram ki, bir ana uşağı və iti ilə gəzintidədir. Eyni zamanda qonşusudur, qohumudur, bilmirəm, başqa bir qadın da var yanında, onunla möhkəm söhbətdədir. Uşaq da nə edir? Əlindəki peçenyeni, uzadır itə, o da ağzını vurur, sonra çəkir aparır bir dişlək alır, yenə itə tərəf uzadır... Ana isə söhbətdədir. Bunların heç birini görmür. Dayana bilmədim, ananı xəbərdar etdim. O da sağ olsun, mənə elə qəribə bir göz süzdürdü ki. Amma cəhənnəmə süzdürsün. Uşağın sağlamlığı naminə deməli idim. Yenə də öz-özümə pıçıldadım: sevginin həddini aşmayaq...

Və yaxud da ki, qonşuda uşaqla bir yerdə yatan pişik. Uşaq yatıb, pişik də onun yanında, nəfəs-nəfəsə. Anasına deyirəm ki, axı belə olmaz. Cavab verir ki, tər-təmizdir, onun nəyi var ki... Çimdirirəm, təmizləyirəm, həkimə göstərirəm. Amma mən onun bu fikirləri ilə qəti razılaşmıram. Deyirəm ki, həkim hansı USM-dən keçirib bunu, daxilində hansı xəstəliyin olmasını müəyyənləşdirib? Yoxsa kompüter tomoqrafiya edib, xəbərimiz olmayıb?

Ana gülümsəyir...

Mən də deyirəm ki, sevginin həddini aşmayaq...

Mətanət Məmmədova

Digər xəbərlər