Köşə

  • 4 458

Ölümə məhkum edilmişlər... - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son dövrlərin ən çox müzakirə olunan problemi intiharlarla bağlıdır. Belə halların sayı getdikcə artır, üstəlik intihar yaşı da cavanlaşır. Problemin ciddi nəticələri var, amma biz səbəblərini axtarmağa çalışaq.

Ümumdünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. İntihar nəticəsində hər il 1,5 milyon insan həyatını itirir.

Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb. Proqnozlara görə, 2030-ci ildə intiharlarla həyatına son qoyanların sayının 5 milyonu keçəcəyi gözlənilir.

İntiharlar kapitalizm cəmiyyətlərində artım tempi azalmaq bilməyən adi haldır. Dünyada ən çox intihar hadisəsi inkişaf etmiş ölkələrdə baş verir. Liderlər qrupuna ənənəvi olaraq Şimali və Qərbi Avropa ölkələri, ABŞ və Yaponiya başçılıq edir. Buradan aydın olur ki, ökənin zəngin olması, adambaşına düşən gəlirlərin yüksək olması hələ hər şey demək deyil.

2023-cü ildə Azərbaycanda 620 intihar hadisəsi qeydə alınıb. 2022-ci il 654 nəfər, 2021-ci ildə isə 612 nəfər özünə qəsd edib. İntihar hadisələrinin üçdə ikisi kişilər tərəfindən reallaşdırılıb. İntiharların təxminən 10 faizi uşaqlar tərəfindən edilib.

Nəzərə almaq lazımdır ki, müxtəlif səbəblərdən baş tutmamış və rəsmi qeydə alınmamış yüzlərlə suisid faktı da baş verir ki, bu da vəziyyətin daha qəliz olduğunu göstərir.

İntiharlar son dövrlərdə şiddətlənmiş problemdir. 20-30 il əvvəl belə hallar demək olar ki yox idi, ya da çox nadir hallarda olurdu. Dəyərlərin dəyişməsi, psixoloji gərginlik, mənəvi böhran, sosial problemlər bu prosesə təkan verdi.

Düzdür, intiharlarda sosial problemlər məngənəsində boğulmağın böyük rolunu qeyd edirlər. Amma müqayisəli statistika başqa şey deyir. Maraqlıdır ki, aclıq, müharibə dövrlərində intiharlar demək olar ki olmur. Əksinə, intiharlar əsasən sosial-iqtisadi cəhətdən daha üstün zamanlarda olur. Hətta, bir neçə il əvvəl intiharlara qarşı fəaliyyət göstərən, maddi imkanı heç də pis olmayan tanınmış psixoloqun özünün intihar etməsi faktı da göstərir ki, burda sosial problemlərin heç bir rolu yoxdur.

Böyük Vətən Müharibə illərində- ən ağır sosial problemlərin olduğu vaxtda intiharlar ən aşağı səviyyədə olub. Ən ağır dövrlərimizdən olan 90-cı illərdə də çox az idi. Daha bir arqument isə odur ki, intiharların səviyyəsinə görə, dünya üzrə ilk yerləri məhz inkişaf etmiş ölkələr tutur, yoxsul ölkələr isə son yerlərdədir. Üstəlik, həm bizdə, həm xaricdə intiharların çoxu sosial cəhətdən daha üstün, daha imkanlı ailələrdə baş verir.

Demək, bu 3 təkzibedilməz fakt sübut edir ki, intiharlarda sosial problemlərin rolu azdır. Əsas faktor psixoloji problemlər və mənəvi deqradasiyadır. Cəmiyyətdə mənəvi dəyərlərin deqradasiyaya uğraması, bəzi insanların tərbiyə və əxlaqının normal səviyyədə olmaması, ünsiyyət ənənəsinin itməsi, hansısa ağır xəstəlikdən əzab çəkməsi, təklənmək problemi, şəxsiyyətin sın(dırıl)ması, başqaları tərəfindən başa düşülməmək, cəmiyyətdə gözlənilmədən baş verən hadisələrə uyğunlaşa bilməmək, fərdin qayğısına qalan və onu sevən birinin olmaması, sevdiyi şəxsin xəyanəti, norkotik maddələrdən asılılıq kimi problemlər intiharların əsas səbəbidir.

Qeyd etmək lazımdır ki, ölkədə psixoloji problemlərin çoxalmasında özəl televiziyaların da çox böyük rolu var. Son dövrlərdə adamlar televiziyada daha çox qan-qırğın, terror, qətl, intihar hadisələri ilə rastlaşırlar. Bu hallar adiləşir və sonda insanlar hansısa problemi yarananda çıxış yolunu intiharda görür.

Səbəb nə olursa olsun- intihar hadisəsi fərdin cəmiyyətə etirazının ən yüksək formasıdır. Bu artıq cəmiyyətin problemidir, fərdin yox. Cəmiyyət də eqoizm altruizmdən, “mən” “bizdən” üstün tutulanda, bütün mənəvi dəyərlər pulla ölçüləndə, insan insan cəmiyyətində boğulanda başqa yol qalmır.

Faciənin ən dəhşətli tərəfi isə azyaşlı uşaqların intiharıdır. Bu faciəyə uşaqlar yox, böyüklər məsuliyyət daşıyır. Yəni, dövlət və cəmiyyət. Uşaqları yelləncək əvəzinə boğazlarına keçirdikləri kəndirdə yellənməyə məcbur etmək cəmiyyətin faciəsidir.
Hər şeyi geri qaytarmaq üçün hələ də gec deyil...

Digər xəbərlər