Köşə

  • 2 023

Kasıbyana yay istirahəti: hansı imkanlar var? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Dünyanın bütün sivil ölkələrində insanlar yay tətilində həm öz ölkələrində, həm də xarici ölkələrə səyahət edə bilir, yarım ay, bir ay müddətində istirahət edirlər. Bundan başqa, hər həftəsonu şəhərkənarı təbiət guşələrində qısa müddətli “piknik” adlandırılan istirahət formasından yararlanırlar.

Azərbaycanda bu sahədə bir sıra problemlər var. Əhalinin təminatlı hissəsi öz istirahətlərini həm ölkəmizin gözəl təbiət guşələrində, həm də xarici ölkələrdə keçirirlər. Lakin aztəminatlı hissə bu imkanlardan məhrumdur. Çünki, xarici ölkələr bir yana qalsın, ölkəmizin daxilindəki turizm müəssisələrinin qiymətləri çox yüksəkdir. Bu səbəbdən də sadə bir ailənin belə mərkəzlərdə bircə həftəlik istirahəti üçün belə maliyyə imkanı yoxdur. Bunun üçün ailə başçısı bir neçə aylıq maaşınından keçməlidir.

Sovet dövründə həmkarlar təşkilatları bütün işçilərə növbə ilə putyovkalar təşkil edirdilər və onlar da ölkənin müxtəlif sanatoriyalarında istirahət edir, hətta müalicə alırdılar. Bu gün həmkarlar təşkilatı formal olaraq mövcuddur və belə putyovka almaq mində bir adama nəsib olur.

Belə bir halda yalnız yaxın əraziərdə qısamüddətli istirahət, yəni “piknik” haqda düşünmək olar. Çox təəssüf ki, Bakı ətrafı ərazilərdə təbiət (meşə, çay, göl) olmadığından, şəhərdən 100 km-ə qədər radiusda ərazilər səhralıq olduğundan Bakı sakinləri bu imkandan da məhrumdurlar. Dəniz kənarında yerləşən Bakı bağlarında 1 günlük ev kirayə edib istirahət etmək istəsəniz bir neçə yüz manatınızdan keçməli olacaqsınız. Bu da aztəminatlı təbəqə üçün əlçatan deyil.

Bu halda isə ümid qalır lap balaca istirahətə- yəni şəhər daxilində bir neçə saatlıq “piknik”ə. Bu imkan da ancaq çimərliklərdən və şəhərkənarı bəzi parklardan ibarətdir. Çimərliklərdə qiymətlər o qədər də ucuz deyil və 1 ailənin pullu çimərliyə gedib istirahət etməsi azı 50-100 manata başa gələcək. Pulsuz cəmi bir neçə çimərlik var ki, onlarda da adam əlindən tərpənmək olmur, heç dənizə girməyə belə yer qalmır.

Yaşıllıq sahələri və parklara gəldikdə Bakı və ətrafında bir neçə belə məkan var. İnsanlar evdən bəzi qida məhsulları götürərək orada istirahət edə bilirlər. Lakin bu da pulsuz başa gəlmir. Orada olan bəzi xidmətlərdən istifadə etməli olursan, dayanacaq haqqı ödəyirsən, uşaq bir neçə karuselə minir, sərin bir içki içmək istəyəndə 3 qatına almalı olursan. Adi parklarda atrraksionların qiyməti 2 manatdan başlayır. Əvvəllər 1 manat idi, qiymətin niyə 2 dəfə artmasının izahı hələ də tapılmayıb.

Bakı Zooparkı şəhərimizdə ən yaxşı təbiət güşəsidir. Burada da getdikcə bilet qiymətlərini artırırlar. Təsəvvür edin ki, əvvələr 1-2 manat olan biletin qiyməti indi böyüklər üçün 7 manat, uşaqlar üçün isə 2 manatdır. Uşağın təkbaşına gedə bilməyəcəyini nəzərə alsaq, 1 uşağın Zooparka baxması üçün bilet haqqı 9 manata başa gəlir. Üstəlik, Zooparkın daxilindəki satış nöqtələrində su, şirniyyat və sair məhsullar 3 qat qiymətə satılır. Daxildəki kafedə oturub yemək yemək isə çox baha başa gəlir. Yəni, 50 manatla qurtara bilmirsən.

Mərdəkanda Dendrapark var, amma ora da gedib gəlmək və bir iki xırda xuruş almaq (çay, su, şirniyyat və s) elə 50 manatdan çox pul tələb edir.

Bəziləri dəniz sahilində balıq tutmaqla istirahət etmiş olur. Qalanları isə şənbə-bazar günlərini yaxınlıqdakı çayxanada və həyətdə qonşularla söhbətləşmədə, ya da evdə oturub kinoya filana baxmaqla keçirir. Bizdə kütləvi piknik mədəniyyəti hələ də formalaşmayıb. Çünki nə müvafiq imkanlar var, nə sadə insanlar üçün sərfəlidir.

Mədəni ölkələrdə çox sayda pulsuz belə yerlər təşkil olunur və insanlar həftə sonlarını təbiət qoynunda keçirirlər. Bizdə isə harda təbiət adlı bir yer var, dərhal özəlləşdirilir və yüksək qiymətlərlə xidmət göstərir. Belə bir vəziyyətdə istirahət edə bilməyən insanlarda aqerssivlik artır, stress və yoğrunluq halı yüksəlir, iş qabiliyyəti azalır.

Bir çox yerlərdə meşələr, çay və göəl kənarları, dəniz sahili ümxtəlif şəxslər və müəssiələr tərəfindən tutulub və çəpərlənib. İnsanların vaxtilə pulsuz istirahət etditi təbiət guzşələrinə girişi məhdudlaşdırılıb. Ölkənin təbii sərvətləri (meşə, gözəl, çay, dəniz, çöl və s) qanunla bütün vətəndaşların birgə mülkiyyətidir və kimsə haranısa zəbt edib vətəndaşları ora buraxmaya bilməz.

Bu məsələlərlə bağlı müvafiq orqanlar tərəfindən ciddi bir iş aparılmalı, qanunun tələbi yerinə yetirilməli və vətəndaşların öz vətənlərinin təbii sərvətlərindən istifadəsinə yaradılan süni maneələr aradan qaldırılmalıdır.

Digər xəbərlər