Köşə

  • 2 456

Xəzər dənizi satışa çıxarılır KÖŞƏ

image

O gün mətbuatdan oxuyuram ki, sərvəti 300 milyard ABŞ dollarını keçən amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask Sakit Okeanın Cənub-Şərq hissəsini alıb. Açığı tutuzdura bilmədim ki, okeanın Cənub-Şərq hissəsi hansı tərəfdir. Həm də özüm üçün aydınlaşdırmaqda çətinlik çəkdim ki, bu yadplanetli deyilən uzik okeanın Cənub-Şərq hissəsini almaqda məqsədi və niyyəti nədən ibarətdir? Düzünü deyim ki, bu suala cavab tapmaq üçün bir xeyli beynimdə var-gəl etdim, nəhayət yoruldum, “cəhənnəm olsun İlon Mask da, onun duzlu okeanı da” - deyib, başqa sualın cavabını düşünməyə başladım: görən Mask Sakit Okeanın Cənub-Şərq hissəsini necə və kimdən alıb? Bu sualın cavabı haqqında çox düşünməli olmadım. Çünki mənə və digər kəslərə məlumdur ki, Xəzər dənizinin sahilində yerləşən Bakı, Abşeron, Siyəzən, Şabran, Xaçmaz, Xızı, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara rayonlarının ərazilərini hasarlayıblar, malikanələr, villalar, obyektlər tikiblər, elə həmin alqı-satqı formasından da İlon Mask istifadə edib. Sadəcə, bir fərq var ki, İlon Mask sahibi olduğu okeanın Cənub-Şərq hissəsi deyilən ərazisində müxtəlif şirkətlər, o cümlədən də nəslindən olan yadplanetlilər üçün hərbi və ya mülki baza tikməklə dünyanı yenidən təəccübləndirə bilər, Xəzər dənizinin sahillərini zəbt edənlər azərbaycanlılar isə sadəcə, əzəmətli villaları, sayrışan restoranları, göz oxşayan istirahət mərkəzləri ilə kasıbı, zəlil gündə yaşayan insanları təəccübləndirməyi bacarırlar, bundan o tərəfi yoxdur. Bizdə həm də acıgözlər də çoxdur. Yəni elə şəxslər var ki, dənizin “0” nöqtəsi ilə kifayətlənməyib, dənizin ortasına doğru villalarının, obyektlərinin hasarlarını çəkirlər. Yazılanlara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Fizuli Ələkbərov Şıxov istiqamətində dənizin içərilərini torpaqla doldurmaqla özünə dəyəri on milyonlarla manat olan villa tikib, and da içib ki, kim onun ərazisinə yaxın gəlsə, xəstəxanalıq edəcək. Bunun üçün də ətrafı 24 saat müşahidə edən 6 nəfər yekəpər mühafizəçi də işə götürüb, hərəsinə də 1800-2000 manat aylıq maaş verir. Eləcə də, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, keçmiş nazir Səlim Müslümov və digərləri dənizin sahillərini zəbt edib, özlərinə evlər tikib, obyektlər inşa ediblər. Deyə bilərsiniz, niyə indiki vəzifə mənsublarının mal-mülkündən bəhs etmirsən? Bəli, haqlı iraddır. Ancaq mən o dərəcədə sadəlövh deyiləm, axı onların əlləri çox uzundur.

Tikirlər, ancaq “oxay, nə gözəldir”, - deyib içində yaşaya bilmirlər

Ümumiyyətlə, mənim Xəzərimin sahilində tikilən villaların, obyektlərin böyük hissəsi keçmiş vəzifə mənsublarınındır, əsasən də eks-nazirlərin, keçmiş icra hakimiyyətlərinin başçılarının və eks-deputatlarındır. Lakin həmin villaların çoxunda “oxay, nə gözəldir”, - deyib yaşamırlar, əvəzində gözətçilər kef edirlər. Digər tərəfdən, qanun həmin şəxslərin Xəzər sahillərində şəxsi evlərin və obyektlərin tikintisini qadağan edir. 2003-cü il yanvarın 13-də imzalanan “Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadəyə dair bir sıra tədbirlər haqqında” Sərəncama əsasən Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron, Siyəzən, Şabran, Xaçmaz, Xızı, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara rayon icra hakimiyyətləri Xəzər dənizi sahillərində 130 metrlik məsafədə tikilən evləri və obyektləri sökməli idilər. O zaman yenicə Bakı şəhər icra hakimiyyətinin başçısı təyin olunmuş Hacıbala Abutalıb Şıxov sahil zolağında zurna-balabanın müşayəti ilə bir neçə obyekti, villanı böyrü üstə qoydu. Sonradan iş başlanğıc nöqtəsində dayandı. Daha bir cəhdlə Buzovnada dənizin sahilini və qayalıqlarını hasarlayanların pul-paralarının sulara qərq olunması ilə nəticələndi. Bu günlər isə dənizin Bilgəh istiqamətində bir keçmiş eks-deputatın üç evini başına uçurtdular. Maraqlıdır ki, hər söküntü işləri başlayanda dənizi açıq gözlə görmək arzusunda olanlar sevinirlər, bir-birini təbrik edir, gözaydınlığı verirlər ki, həsrətə son qoyulacaq. Lakin biçarə kasıba haradandır ki, o bəxt arzuları çin olsun. Tikinti işləri nəinki dayandırılır və ya tikilənlər sökülür, əksinə, villalar sıralama inşa edilir, obyektlərin sayı artırılmaqla kef əhlinin ixtiyarına verilir. Halbuki, Konstitusiyamıza görə bir sıra sahələrlə yanaşı, dənizin hansısa hissəsi özəlləşdirilə bilməz. Qanunla dənizə yaxın 50 metr zolaqda hər hansı tikintinin aparılması qadağandır. Dəniz sahilinin hasarlama və ya digər üsullarla bağlanılması yolverilməzdir. Qanun pozulmasına görə, fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 8 000 – 40 000 manat cərimə nəzərdə tutulur. Cinayət Məcəlləsinin 112-ci maddəsinə görə, Xəzər dənizinin sahilboyu 20-50 metrlik torpaq sahəsini zəbt edən vəzifəli şəxslər 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub. Görünən isə ondan ibarətdir ki, hələ qanunlara əhəmiyyət verilmir. Təbii ki, bu hal təəssüf doğurur.

Çimərliyə giriş 2-25 manatdır

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, mənim Xəzər dənizim Səngəçaldan başlayaraq, Bayıla qədər hasarlanıb. Paytaxta gəlib gedənlər dənizin gözəlliyini görüb, ən azı gözlərinin qurdunu öldürməkdən məhrum olurlar.Yalnız bir neçə metr hündürlükdən olan hasarların arxasında tikilən villaları, obyektləri görmək olur ki, bu da insanlar üçün heç də xoş deyil. Daha bir bəla isə mənim Xəzər dənizimin çimərliklərinə pulsuz daxil olmaq imkanından məhrum olunmağımızdır. Hər çimərliyin girişində bir şlaqbaum qoyub insanlardan pul tələb edirlər. Daha doğrusu, istirahətə gələnlərdən 2 manatdan 25 manata qədər pul alıb, çimərliyin ərazisinə buraxırlar. Digər xərclər də ceyran belində. Düzdür, hər il Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri insanların qoltuğuna qarpız verirlərmiş kimi bər-bəzəkli sözlər deyirlər. Bildirirlər ki, Bakı çimərliklərinə daxil olmaq pulsuzdur. Hətta şəhər icra hakimiyyətinin rəhbərliyi iddia edir ki, çimərlik ərazisinə daxil olarkən kimlərsə pul istəsələr, o zaman yaradılan 566-83-71 saylı “qaynar xəttə” zəng etsinlər. Ancaq qaynar xəttin formal xarakter daşıdığı şübhəsizdir. Çünki bu günə qədər əhaliyə meydan oxuyan çimərlik sahibinin cəzalandırıldığını nə oxumuş, nə də eşitmişəm. Bu isə işbazların əl –qol açmalarına və mənim də Xəzər dənizindən bəhrələnmək haqqımdan istifadə etməyimə əngəl yaradırlar. Nə edə bilirsən ki, pul onlarda, zor da onların əlində. Hətərən-pətərən edəcəksən, yıxıb yerə qarnına təpiklər ( Gördünüz bir qoluzorlu məxluq “Xalq artisti” Ağadadaş Ağayevi yerə yıxıb necə təpikləyirdilər. - İ.Ə.) vuracaqlar, bir az da yolunu azsan polis bölməsinə atdırıb inildədərlər. Ona görə də, susmaq qızıldır, həm də canına və həyatına xeyirlidir.

İLHAM ƏLİYEV

Digər xəbərlər