Köşə

  • 4 299

Kökdən düşmüş televizor – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Azərbaycan teleməkanında yaranmış faciəvi vəziyyət uzun illərdir cəmiyyəti narahat edir, bununla bağlı ekspertlər, jurnalistlər, ictimai xadimlər, adi tamaşaçılar kütləvi etiraz edir, lakin heç nə dəyişmir, düzəlmir, əksinə getdikcə vəziyyət daha da pisləşir.

Efir məkanı artıq bütün mənfi xüsusiyyətlərin təbliğat məkanına çevrilib, gənclərin psixologiyasına zərər vuran verilişlərlə zənginləşib. Əlbəttə ki, burada söhbət özəl telekanalardan gedir, dövlət televiziyaları olan AzTV və Mədəniyyət kanalları efir mədəniyyətinə riayət edir, birabırçı verilişlər, seriallar və şou proqramlarla çıxış etmirlər. Əksinə, daha çox elmi, əbədi, tarixi mövzulara, milli mədəniyyətimizə və mənəvi dəyərlərimizin təbliğinə üstünlük verirlər. Hətta verilən kinolara, musiqilərə belə xüsusi diqqət göstərilir.

Özəl kanallar üçün isə yeganə dəyər puldur, kommersiya maraqlarıdır, pul qazanmaqdır və bu yolda mümkün olan hər şeyi edirlər. Kommersiya televiziyalarının isə sosial məsuliyyəti yoxdur. Bu baxımdan bütün mənəvi, sosial öhdəliklər kənara atılır və yalnız biznes maraqları nəzərə alınır. Nəticədə vaxtilə mədəniyyət məbədi sayılan televiziya məkanı artıq pozğunluq mərkəzi kimi tanınır.

Məlum olduğu kimi, medianın məlumatlandırma, maarifləndirmə və əyləndirmə kimi üç funksiyası var. Kommersiya televiziyalarında məlumatlandırma və maarifləndirmə vacib hesab olunmur, çünki bunlar pul gətirmir. Göründüyü kimi yalnız əyləndirmə funksiyası nəzərə alınır. Lakin bu funksiyanı yüksək səviyyəli materiallarla da həyata keçirə bilərlər. Lakin kommersiya kanalları buna üstünlük vermirlər, iddia edirlər ki, səviyyəli verilişlər kütlənin marağını cəlb etmir və az reklam gətirir. Buna görə də yalnız saxta şou yaratmağa fokuslanıblar. Xalqın mənəviyyəti, gənc nəslin tərbiyəsi kimi məsələlər qəti şəkildə kommersiya kanallarını maraqlandırmır. Buna görə də özəl televiziyalar xalqın ən böyük düşmənidir, mənəvi-psixoloji terrorla məşğuldular.

Digər tərəfdən ölkəmizdə fəaliyyət göstərən əcnəbi şirkət saxta reytinq siyahıları ilə televiziya, efir məkanının proqram şəbəkəsini müəyyənləşdirir. Həmin şirkət araşdırmalarını apara bilmək üçün cəmi 400 evdə qurğular quraşdırmış və guya bununla Azərbaycan əhalisinin daha çox hansı tip proqramlara üstünlük verdiklərini müəyyənləşdirməyə çalışırdılar. Amma bu gülünc haldır. Çünki 10 milyonluq əhalinin nəyə baxdığını 400 nəfər müəyyənləşdirə bilməz. Bunun əsasında isə saxta reytinq siyahıları hazırlanır və kanallara təqdim olunur.

Zənnimcə, bunu qəsdən edirlər ki, xalqımızın mənəvi dəyərlərini tədricən məhv etsinlər. Buna görə də, şəxsən mən Azərbaycanda televiziya dedikdə yalnız “AzTV” və “Mədəniyyət” kanallarını nəzərdə tuturam. Digər kanallar isə sadəcə efir tezliyi almış şou və reklam studiyalarıdır. Hər zaman da cəmiyyəti bu kanalları “boykot” etməyə çağırmışam. Burada cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür. Belə ki, cəmiyyət sözügedən kommersiya kanallarını izləməməli və bununla da onları “boykot” etməlidir. Beləliklə, həmin kanallar yavaş-yavaş sıradan çıxacaq. Yəni, cəmiyyət istəsə, “boykot” metodu ilə həmin kanalları sıradan çıxara bilərlər.

Son vaxtlar internetin inkişafı ilə televiziyaya baxanların sayı kəskin azalıb. Belə bir şəraitdə olan-qalan tamaşaçı kütləsini dı qıcıq edib efirdən uzaqlaşdırırlar. Bu isə dövlətin və cəmiyyətin informasiya məkanında təsirini mimumuma endirir.

Bütün bu deyilənlər təkcə tv-lərə deyil, radiolara da aiddir. Radio efirində milli-mənəvi dəyərlərimizə zidd verilişlər, söhbətlər, mahnılar və s səsləndirilir. Nəticədə, radio da bir media sistemi də kimi öz auditoriyasını itirib, tək-tük sürücüləri nəzərə almasaq, artıq heç kim radioları dinləmir.

Medianın bütün funksiyalarını internet resurslar və sosial şəbəkələr ələ alıb və bizim informasiya məkanımıza da onlar nəzarət edirlər. Bu çox təhlükəli bir haldır- çünki dediyimiz kimi, biz artıq dövlət və cəmiyyət olaraq öz informasiya məkanımız üzərində nəzarəti tamamilə itirmək üzrəyik. Bu isə həddən artıq ciddi milli və dövlət təhlükəsizliyi məsələsidir.

Digər xəbərlər