Köşə

  • 3 412

Vergi dərəcələrinin azaldılması iqtisadi inkişafı sürətləndirər - TƏKLİF

image

Elçin Bayramlı

Bu yaxında Gürcüstan sadələşmiş vergi dərəcəsini 1 faizə endirdi. Digər vergi dərəcələri də aşağı həddə müəyyənləşdirilib. İqtisadçı ekspertlər bu addımların ölkədə iqtisadi aktivliyi artıracağını qeyd edirlər.

Vergi sistemində yeni islahatların aparılması iqtisadi inkişafı sürətləndirə bilər. Dünya təcrübəsi göstərir ki, vergilər nə qədər aşağıdırsa, istehsal, xidmət sektoru da o qədər çox inkişaf edir. Nəticədə, ÜDM artır, büdcənin gəlirləri artır, ölkədə bolluq və ucuzluq yaranır, məşğulluq problemi həll olur, dövlətin sosial yükü azalır və s. Yəni, dövlət vergidən itirdiyi hər 1 manatın yerinə 2 manat əldə edir. Ümumilikdə isə iqtisadi aktivlik artır, əhalinin sosial rifahı güclənir.

Azərbaycanda sadələşmiş vergi dərəcəsi 2 faiz müəyyən edilib. Bu dünya üzrə aşağı rəqəmlərdən biridir. Lakin gəlir vergisi və ƏDV üzrə vergi dərəcələrini bir qədər aşağı salmağa ehtiyac var. İndiyədək gəlir vergisi 5 faiz təşkil edirdi, lakin bu ildən etibarən bu 4 dəfə artıb və 20 faiz təşkil edir. Bir çox vətəndaşlar sərfəli olduğuna görə sadələşdirilmiş vergidən gəlir vergisinə keçmişdilər, indi isə məlum olur ki, onların vergi öhdəliyi xeyli artıb. Onlar da isə bu pulu öz məhsul və xidmətlərinin üzərinə qoyacaqlar və nəticədə ölkədə bahalaşma yaranacaq.

Sadələşmiş vergidə əvvəllər paytaxt və regionlar arasında 2 dəfə fərq var idi, sonra isə bu dərəcə bərabərləşdirildi. Halbuki, Bakıdakı bir obyektlə ucqar rayondakı obyektib sövriyyəsi, müştəri sayı, gəliri eyni deyil və burada ən azı 2 dəfə fərq olmallıdır. Hökumət reionlarda sahibkarlığı təşviq etmək üçün aşağı vergi dərəcələri qoymalıdır nəinki paytaxla bərabərləşdirməli.

Bundan başqa, sadələşmiş vergi üzrə dövriyyə limitinin 200 mindən 400 minədək artıırlması lazımdır, çünki keçən dövr ərzində manat iki dəfədən çox ucuzlaşıb və əvvəlki 200 min hazırda 100 min manat dəyərindədir.

Orta və iri sahibkarlığı dəstəkləməyə ehtiyac yoxdur, onlar özlərini inkişaf etdirmək üçün müvafiq maliyyə imkanlarına malikdirlər, lakin kiçik sahibkarlıqda bu imkan yoxdur.

Sosial-iqtisadi inkişafına qarşısında ən böyük əngəl də gömrükdür. Gömrükdəki problemlərə son qoyulmalı və korrupsiyanın qarşısı alınmalıdır. Ölkəyə idxal olunan malların gömrükdə malın həqiqi dəyərinin (invoys) 2 qatı səviyyəsində statistik dəyərləndirilməsinə son qoyulmalıdır, çünki 1000 manatlıq malı gömrük 2000 manatlıq kimi qeyd edir, rüsumları da 2 qat artıq almış olur, onsuz da gömrük rusumü az qala 40 faizə çatır ki bu da astronomik dərəcədir.

Vergi də faktiki 1000 manatlıq mala görə 2000 manatlıq malın vergisini tələb edir. Nəticədə həm dövlət statistikasında səhv yaranır, həm də idxalçılar itirdikləri vəsaitləri malın üzərinə qoyub ölkədə süni bahalıq yaranmasına səbəb olurlar. Belə ki, xaricdən 1 manata alınan mal gömrükdən keçərkən 2 manata başa gəlir, vergi, karqo və s. xərclərlə birgə 3 manata çatır, idxalçı da 4 manata satır, pərakəndə satışda isə artıq 5 manat olur. Demək xaricdə 1 manata alınan mal ölkədə azı 5 manata satılmalıdır.

Yəni, vergi və gömrük rüsumları bu gün büdcəyə 5 manat artıq qazandırmaqla sabahkı 25 manatın qazanılmasını əngəlləyir. Üstəlik, ölkədə süni bahalıq yaranmasına səbəb olur.

Respublikaya istehsal avadanlıqlarının gətirilməsinə qanunla güzəşt var, amma faktiki olaraq gömrükdən hər hansı bir dəzgahı rüsumsuz keçirmək çox çətindir, qanunun bu tələbinə əməl edilməsi təmin olunsa ölkəyə xeyli istehsal avadanlıqları gətirilər və biz xaricə xammal yox daha çox hazır məhsul, ən azı yarılmfabrikatlar satıb dəfələrlə daha çox qazanarıq.

Görünən odur ki, hökumət bu iqtiqamətdə iş aparır, lakin bu islahatları sürətləndirməyə, tezləşdirməyə ehtiyac var.

Bu addımlar atıldıqdan sonra ölkədə sürətli iqtisadi inkişaf başlayacaq, bir nəfər işsiz qalmayacaq, respublikada bolluq və ucuzluq yaranacaq, büdcəmizə də daha çox vəsait daxil olacaq.

Digər xəbərlər