PDF Oxu

Köşə

  • 2 571

Payız yağışı özü ilə problemlər gətirdi

image

Bir qədər əvvəl yazmışdım ki, kasıbınkı yay və yaz fəslidir. Nə də olmasa yayda, yazda kasıb-kusub meşədə meyvədən, şirəli ot, əncirdən yeyib özü üçün şellənir. Ən pis halda bazardan ucuz qiymətə olan bostan bitkilərindən alıb, problemsiz həyatını yaşayır. Qaza, suya, işığa da o qədər ehtiyacı olmur. Misal da göstərmişdim ki, filan-filan adda, soyadda kasıb həftə səkkiz, mən doqquz gəzməkdə, keyfi damaqdadır. Hətta qudurub yolunu dənizin sahilindən salıb, qızılı qumun üstünə uzananlar və ya meşədə ağacların kölgəsinin altında sərilib istirahət edənlər də var. Ancaq məsəl var deyərlər, “sən saydığını say, gör, fələk nə sayır”. Məsəli bilərəkdən ulularımızdan üzr istəməklə təhrif etsək, belə ifadə etmək olar: “sən saydığın say, gör payız və qış fəsli nə sayır”.

Payız və qış fəsilləri öz görkəmləri, duruşları və fəaliyyətləri ilə insanlara qorxunc anlar, unudulmaz məşəqqətlər yaşadırlar. Payız, qış fəsli özləri ilə soyuq evlər, işıqsız otaqlar, susuz borular, qaranlıq küçələr, keçilməz yollar və acından qarını zəngulə vuran yaşayış gətirir. Misal göstərmək üçün uzağa getməyə ehtiyac yoxdur, oktyabrın 21-də payızın gəlişi ilə yağan yağışdan sonra Bakı şəhərində baş verən acınacaqlı halları qeyd etsək, vəziyyətin həqiqətən də son dərəcə dramatik olduğunu demək olar. Həmin gün evlərin zirzəmiləri su ilə doldu, işıqlar söndü, qazın verilişində problemlər yarandı, kanalizasiya sistemləri işləmədi. Küçələr, magistral yollar, tunellər su ilə doldu. Ən ürəkdağlayan hadisə isə Sabunçu rayonu ərazisində yerləşən tunelin yağış suları ilə dolması səbəbindən iki nəfərin boğularaq həyatlarını itirmələri oldu. Bu müdhiş olay cəmiyyətdə haqlı iradlar, narazılıqlar yaratdı.

Düzdür, iddia oluna bilər ki, təbiət hadisəsidir və yağış da normadan yüz qat artıq yağıb. Lakin bunu bəhanə və məhkəmədə hakim qarşısında özünü müdafiə vasitə kimi qiymətləndirmək olar. Çünki bundan əvvəl də Sabunçu rayonu ərazisində tunel yağış suları ilə dolmuş və çoxsaylı avtomabil tuneldə qalmışdır. O zaman şəhər icra hakimiyyətinin rəhbərliyi jurnalistlər qarşısında bildirmişdir ki, tunelin tikintisində tikinti-quraşdırma qaydalarının pozulması ehtimalları var. Bu ehtimallar sonradan təsdiqini tapdı, tapmadı, onu deyən olmadı. Olan isə ondan ibarət oldu ki, “Azərbaycan Dəmir Yolları”nın sifarişi ilə ( Dəmiryolu hara, tunel sifariş etmək, asfalt çəkmək istəyi hara? Bildiyim qədər onlarınkı vaqon almaq, dəmir yolu çəkmək və digər işlərdir. İ.Ə.) "Körpü Bina Tikinti" MMC Sabunçu rayonunda növbəti fəlakət yaradan tunelin tikintisini həyata keçirdi. Açılışını da elə sifarişçi tərəfin qara kostyumlu ağ köynəkli qırmızı qalstuklu məmurunun iştirakı ilə edildi. Bəh-bəhlə elan etdilər ki, 388 metr, hündürlüyü 5.5 metr, eni isə 13.5 metr olan tuneldə üç nasos, 100 kilovatlıq transformator və generator quraşdırılıb. Lakin görünən fakt isə ondan ibarətdir ki, nasosların heç biri işləmədi və nəticədə iki ailə başsız qaldı. Əcaib və qərayib hal ondan ibarətdir ki, insanlar baş verənlərə görə ciddi və əsaslı izahat gözlədiyi məqamda vəzifə mənsubları çıxıb dedilər: “biz axşam yığışıb, məsələni müzakirə edəcək, götür-qoy edib, problemin aradan qaldırılmasına çalışacağıq”.

Yığışdılarmı, müzakirə etdilərmi, nəyi götürüb, sonra da götürdüklərini yerinə qoydularmı, bu barədə heç kimə heç nə demədilər. Demirəm ki, bu sayğısızlıqları ilə cəmiyyətə hörmətsizlik ediblər, sadəcə bilmək haqqımızdır ki, əgər müzakirələr aparıblarsa nə qərara gəliblər? Günahkar tapılıbmı, bacarıqsız, səhlənkar şəxs kim olub? Kim tuneldə həyatını itirən şəxslərə görə məsuliyyəti öz üzərinə götürüb? O hansı qurum(lar) və ya şəxs(lər)dir ki, kəndiri boynuna keçirməyə hazır olduğunu bəyan edib? Ancaq məndə şübhə var ki, heç kim baş verənlərə görə günahkar olduğunu, məsuliyyət daşıdığını deməyəcək. Hərə bir cür aradan çıxmağa və özünü təmizə çıxartmağa çalışacaq. Ola bilsin ki, üzəduranlıq da olsun. O mənada ki, kreslosunu qorumaq, işini itirməmək, qınaq obyekti olmamaq, barmaqlıqlar arasından boylanmamaq üçün biri digərini ittiham edəcək. Kim həbs olunacaq, kim cərimə ilə canını qurtaracaq və ya kimsə işindən olacaq, bu, artıq heç nəyi dəyişmir. Çünki o gün şəhərin sakinləri bir neçə saatlıq yağışın yağması ilə çətin anlar yaşayıb, iki nəfər isə həyatını itirib.

Hər şey də bir və ya bir neçə məmurun və iş adamının səhlənkarlığı, təcrübəsizliyi səbəbində yaranıb. Əgər bir günlük yağışın yağması ilə şəhərin girişi, çıxışı və hərəkəti tamamilə iflic vəziyyətə düşübsə, vay o günə ki, bir həftə yağış yağa və ya qar-çovğun ola. O zaman həqiqətən də insanların halı fəna olacaq. Deyirəm həm də məsləhətim ondan ibarətdir ki, icra hakimiyyətlərinin pafoslu, gəlişgözəl fikirlərinə inanıb bu günün işini sabaha saxlamasınlar. Elə bu yazını oxuyub bitirincə yağışdan qorunmaq, soyuqdan mühafizə olunmaq və qar- çovğundan hifz olunmaq üçün tədbirlər görməyə çalışsınlar.

İLHAM ƏLİYEV

Digər xəbərlər