PDF Oxu

Köşə

  • 1 305

Baş aşağı: lakin nə üçün?..

image

İndi bir xatırlama edəcəm. Yəqin buna gülənlər çox olacaq. İnanmayanlar ondan çox olacaq. Tərəddüd edənlər daha da çox olacaq. Geridə qaldığımı zənn edənlər isə qat-qat çox olacaq. Nə deyirsiniz deyin, istəyirsiniz gülməkdən uğunun, keçirəm mətləbə.

Bəzən kitab oxuduğumuz o illərin o unudulmaz günlərini elə həsrətlə xatırlayıram ki... Nə qədər kitab oxuyurdıq, İlahi... Günlərimiz kitabxanalarda keçirdi. İki gündən, üç gündən bir kitab alıb evə gətirirdik. Bizə hansısa bir iş tapşıran valideynlərimizdən oğurlanıb mütaliə edirdik. Dərslərimizi hazırladıqmı, işimiz gizlidə-aşkarda, orada-burada ancaq kitab oxumaq olurdı. Kitablar da o qədər maraqlı idi ki, bitirmədən gözümüzə yuxu getmirdi. Dəfələrlə “Ay bala, o işığı söndürün, yatın, ta gecdir”,-deyən ata-anamıza hər dəfə “Yaxşı, indicə söndürürük”,-deyərək gecə yarısı kitabı bitirib, sabah yenə kitabxanaya gedir, yeni kitablar alırdıq. Desəm ki, kitabxanalarda ta oxunmamış kitab qoymamışdıq qala, bu dəfə daha ucadan güləcəksiniz. Neynim, gülün də. Ancaq vallah belə idi.

Bir də ki, bizim dünənimizə kimsə gülərsə, biz nə yaxşı onun bu gününə gülməyək?.. Biz gözümüzü kitabdan ayırmırdıq, siz telefondan ayırmırsınız. Bizə “Ay bala, bu qədər kitab gözlərinizi kor edəcək” deyirdilər, sizə “bu telefonlar gözünüzü kor edəcək” deyirlər. O vaxt əksəriyyət başı aşağı kitab oxuyurdu, indi haradayıqsa- evdə, küçədə, nəqliyyatda, orada əksəriyyətin başı aşağı, gözü telefondadır. Yaxşı, biz kitab oxuyurduq, bəs siz nə edirsiniz başı aşağı? Vallah, düzü bilmirəm günün bu qədər saatını orada nə axtarırlar. Ancaq həqiqətən çox maraqlıdır nə axtardıqları. Axşamadək barmaqlar bir saniyə dincəlmir: axtarır, yazır, pozur... Bircə onu bilirəm ki, barmaqlar nə qədər işləyirsə, beyin bir o qədər yorğun düşür. Lakin kitab oxuyarkən beyin dincəlir, zehin açılır.

Mətləbdən uzaqlaşmayaq. Bu günlərdə metroda yenə əksər başı aşağı, gözü telefonda hər yaş qrupundan olan insanları müşahidə edərkən başı aşağı kitab oxuduğumuz o illəri xatırladım. Öz-özlüyümdə xeyli müqayisə apardım. O vaxtlar elə bu metroda da kitab oxuyanlar çox idi. Nə oldu görəsən, niyə kitablar qatlanıb bir kənara atıldı? Bir andaca kitabların o möhtəşəm ətri gəldi burnuma. Harada qaldığımızı bəlli etmək üçün qatladığımız səhifələr... Saxlanc yerimiz olan səhifələr... Orada saxladığımız şəkillər, quruyub səhifələrin arasında özünə yer edən xatirələr dolu güllər... Bəlkə indi də hansısa kitabxanada kitabların arasındaca qalır onlar. Kitabxanalarda digər “yaşayanlar” kimi.

Görəsən niyə kitabları telefonlara dəyişdik? Telefonlar da o kitablar kimi saxlanc yeri ola biləcəkmi? Yəni içindəki minlərlə şəkilləri, xatirələri əbədi saxlaya biləcəkmi? Yoxsa bir an internet itərsə, şəkillər də, xatirələr də itəcəkdir. Ən əsası isə görəsən kitabların insana verdiklərini 100 il bundan sonra telefonlar verə bilərmi?

Elə bu düşüncələrlə o illərlə bu illər arasında var-gəl edərkən oturacaqlardan birində kitab oxuyan bir gənc oğlan gördüm. Nə qədər sevindimsə, məmnun oldumsa, dəfələrlə öz-özümə “Şükür sənə, İlahi”,-dedim.

Bəli, başımızı aşağı salaq, lakin telefondan çox, kitab üçün.

Mətanət Məmmədova

Digər xəbərlər