Elçin Bayramlı
Son vaxtlar inanclı, dindar insanların çoxalmasını bəziləri təhlükə kimi qələmə verməyə çalışır. Halbuki, təhlükə getdikcə dinə meylin artmasında yox, bəzi dini mərkəzlərin dini siyasiləşdirmə cəhdlərində və dindən siyasi alət kimi istifadə etmə cəhdlərindədir. Azərbaycanda dinin həm dövlət, həm cəmiyyət tərəfindən belə funksiyası qəbul edilmir.
Dinin, müqəddəs kitabların səhv qəbul olunması və ondan başqa məqsədlər üçün istifadə cəhdləri orta əsrlərdə Avropanın, Yaxın və Orta Şərqin tənəzzülünə səbəb olub. Zaman göstərdi ki, yeni tarixi mərhələdə dinin siyasətdən ayrılması özünü doğrultdu, ümumbəşəri dəyərləri, insan haqlarını, texniki və elmi inkişafı təmin edə bildi. Avropanın, Rusiyanın, Yaponiyanın, Çinin, ABŞ-ın timsalında bu, daha aydın görünür.
Bəşəriyyətin mənəvi inkişafına səbəb olmalı olan dini ideologiyalar əksər hallarda siyasi müstəviyə keçirilərək, müəyyən dairələrin maraqlarını əks etdirməyə başlayıb və bu böyük faciələrə gətirib çıxarıb. Bəşəriyyət hələ də səlib yürüşlərini, din yaymaq adı altında ərəb təcavüzlərini unutmayıb. Hər iki prosesdə milyonlarla dinc insanın vəhşicəsinə öldürülməsini xatırlamamaq olmaz.
Lakin, müasir dünyaya nəzər yetirsək, dinlərlə bağlı mənfi məqamların təkcə tarixdə qalmadığını görürük. Təəssüf ki, XXI əsrdə də inkişaf etmiş dünya dini qarşıdurmaların şahididir. Yaxın və Orta Şərqdə dinin siyasiləşməsi prosesləri, konfessional təəssübkeşlik, dini qarşıdurma və terror aktları davamlı xarakter alıb.
Yaxın Şərqdə, Şimali Afrikada siyasiləşmiş radikal dini təşkilatların insanların başına hansı oyunları gətirdiyini hər kəs bilir. Əfqanıstanda Əl-Qaidə və Talibanın, Suriyada İŞİD-in insanlara divan tutmasını, Pakistanda və İraqda təriqətlərarası qırğınları və terror aktlarını, Türkiyədə təriqətçilərin dövlətə və xalqa qarşı hansı oyunlardan çıxdığını görməmək mümkündürmü?
Bunları əlbəttə, dinin adına yazmaq doğru olmaz, amma dini konfessiyaların başında elə adamlar yerləşib ki, onların dedikləri bütün fikirlər ardıcılları tərəfindən ilahi hökm kimi qəbul olunur. Məsələn, dini liderinin tapşırığı ilə üzərinə bomba bağlayıb qadınları və körpələri qanına qəltan edən kamikadze bunu din yolunda etdiyini düşünür. Lakin, heç bir din öz ardıcılları üzərində belə tələblər qoymur. Demək, problem əslində, dində yox, dindən öz siyasi məqsədləri üçün istifadə edənlərdədir.
Müsəlman ölkələrini problem içində saxlamaq üçün onların daxilində etnik və dini ayrılıqları qabartmaq, qızışdırmaq yolunu seçən Qərbin imperialist dairələri bu ölkələrdə həmişə dini təriqətlərdən, seperatçı millətçilərdən istifadə edirlər. Onların böyük əksəriyyəti isə nəyə alət olduqlarının fərqində belə deyillər.
Tarix irqi, dini, milli, sosial diskriminasiyaya qarşı mübarizənin gücləndiyi yeni minilliyə qədəm qoyub. Amerika, Rusiya və Avropa ölkələrində artıq bütün xalqların, din mənsublarının bərabər hüquqlara malik olduğu nümunəvi cəmiyyətlər yaradılıb. Bu sıraya Azərbaycan da daxildir. Azərbaycan xalqı tarixin heç bir dövründə dini və ya etnik əsasda heç bir ölkəyə, xalqa qarşı təcavüz etməyib, sülh şəraitində yaşamağa üstünlük verib.
Təəssüf ki, bir çox ölkələrdə hələ də keçmişin mənfi ənənələri yaşamaqdadır. Bu cəmiyyətlər bəşəriyyətin acı təcrübəsindən dərs götürmək istəmirlər. Tərslikdən belə ölkələrdən biri də bizim qonşuluqda- Qafqazda bərqərar olub.
Ermənilərin din adı altında, başqalarının torpaq və sərvətlərini ələ keçirmək uğrunda nə oyunlardan çıxdığını hər kəs bilir. Ermənilərin bu siyasəti həmin xalqın özünə hansı fəlakətlər gətirib- bunu ermənilərdən yaxşı bilən yoxdur.
Dünyada olduğu kimi, Azərbaycanda da insanlar zaman-zaman müxtəlif dinlərə inanıb. Bu dinlərin hamısı monoteist xarakter daşısa da, zaman keçdikcə, onların bazasında saysız-hesabsız təriqətlər, məzhəblər, cərəyanlar, camaatlar yaranıb. Nəticədə dinin cəmiyyətdə vahid və sistemli şəkildə qəbul edilməsinə, öyrənilməsinə əngəl yaranıb.
XX əsrin əvvəllərində Azərbaycan xalqı aclıq, səfalət, mövhumat içində çapalayır və elmi, texnoloji, mədəni inkişaf cəhətdən sivil dünyadan xeyli geri qalırdı. Lakin bu xalqın içində Mirzə Cəlil kimi, Nərimanov kimi, Axundov kimi böyük mütəfəkkirlər, Avropada və Rusiyada təhsil alan ziyalılar var idi. Məhz onların böyük və gərgin əməyi nəticəsində xalqı xurafatdan uzaqlaşdırmaq, təhsilə və mədəniyyətə cəlb etmək işi başladı.
20-ci illərdən başlayaraq təhsil kütləvi xarakter aldı və hətta yaşlılar belə təhsilə cəlb olundu. XX əsrdə Azərbaycan xalqı dünya elminə, mədəniyyətinə böyük dahilər, alimlər, sənətkarlar verdi. Bu baza üzərində artıq xalqımız savadlı bir cəmiyyətə çevrilib. Bu səbəbdən bizdə dindarların çox böyük əksəriyyəti təriqətlərə meyil etmir, hansısa siyasiləşmiş dini mərkəzlərin tələsinə düşmürlər. Az hallarda belələri varsa da, onların düzgün dini maariflənməsi üçün müvafiq dövlət orqanlarının və təşkilatların üzərinə böyük iş düşür.
Beləliklə, aydın görünür ki, müəyyən xarici dairələr tərəfindən dəstəklənən dini təriqətlər cəmiyyət və dövlətçiliyimiz üçün yaxşı perspektiv vəd etmir. Məhz bu səbəbdən həm dövlətimiz, həm cəmiyyətimiz dini sahədə sivil münasibətlər yolunu tutub və radikal təriqətlərin burada fəaliyyəti üçün heç bir imkan yoxdur. Azərbaycan fərqli din mənsublarının bir-birinə qarşılıqlı hörmət əsasında yaşadığı bir məkan olaraq dünyada nümunəvi ölkə kimi tanınır.