PDF Oxu

Köşə

  • 2 929

Mobil quldurluq sistemi: Şirkətlər abonentləri necə soyurlar? - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Mobil telefonların həyatımızdakı rolunun ağlagəlməz sürətlə artması eyni zamanda insanların bununla bağlı xərclərini də artırır. Lakin bu xərclərin bir çoxu heç də ədalətli olmur və abunəçilərin mobil operatorlar tərəfindən aldadılmasına xidmət edir. Bununla bağlı ölkəmizdə çox uzun illərdir ki, ciddi problemlər var. Əvvəla araşdırmalar göstərir ki, bizdə mobil danışığın və mobil internetin qiymətləri dünyada ən bahalı qiymətlərdir. Uzağa getməyək, elə qonşu ölkələrdəki qiymətlər bizdəkindən azı 3-5 dəfə daha ucuzdur. Lakin problem təkcə bahalıq da deyil, əsas məsələ abonentlərin aldadılmasıdır. Yüz minlərlə insan daim aldadıldığını, balansından əsassız olaraq vəsait çıxıldığını, internet trafikinin yoxa çıxdığını desə də, operatorlar heç bir halda bunu qəbul etmir və günahı abonentin boynuna atırlar. Abonent isə bu fırıldağı heç cür sübut edə bilmir. Çünki sistemin sahibi mobil operatorlardır və istənilən vəziyyətdən çıxa bilirlər.

Azərbaycanda 3 əsas operator arasında bölünən abonetlər, narazı qaldığı operatoru dəyişib digərinə keçsə də, orada da oxşar problemlərlə qarşılaşır və aydın olur ki, əslində hamısında belə fırıldaqlar edilir və abonentlər talanır. Bu 3 əsas operatorun (Azərcell, Azərfon və Bakcell) arasında ən çox şikayətlər Bakcell-dəndir. Bu operator açıq aydın abonentlərin balansından vəsaiti süpürüb aparır, internet istifadə edilməyəndə belə internet trafiki yoxa çıxarır və heç vaxt da problemi boynuna almır. Azərcell və NarMobile də o qədər də geri qalmırlar və onlarda da təxminən eyni vəziyyətdir.

Bəziləri deyə bilər ki, telefonda alt fonda işləyən tətbiqlər internet trafiki apara bilər, lakin adi təcrübələr göstərir ki, bir neçə tətbiq alt fonda işləyərkən bir neçə gb trafiki apara bilməz. İnternet sürəti deyiləndən dəfələrlə zəif olur, bəzən adi videonu belə açmır. Bundan başqa, bəziləri bütün proqramların alt fonda işləməsinə qadağa qoysa belə trafik harasa yoxa çıxır. Adicə messencerdə yazışmaq, sosial şəbəkədə bəzi statuslara baxmaq, ya da hansısa saytdan bir-iki xəbər oxumaq necə 5-10 gb internet trafikini apara bilər? Bu, texniki cəhətdən də mümkün deyildir.

Bundan başqa, operatorların təklif etdiyi paketlər, tariflər də aldadıcı elementlərlə doludur. Paketi və ya tarifi dəyişmək üçün də əlavə 1-2 manat vəsait tutur. Halbuki, bu prosesin texniki olaraq xərci yoxdur. Bəzən abunəçiləri hanısa axmaq xidmətlərə abunə edib balansından gizlicə pul silirlər, abonent nə vaxtsa xəbər tutanda isə deyirlər ki, siz filan xidmətə qoşulmusunuz. Dünyanın harasında görünüb ki, kimisə özündən xəbərsiz zorla hanısısa xidmətə abunə edəsən?

Ən çox şikayətlərdən biri də roaminqlə bağlıdır. Xaricə gedib gələn abonentləri elə talayırlar ki, onlar dəhşətə gəlirlər. Dəfələrlə hətta deputatlar belə, bununla bağlı etirazlarını bildiriblər, lakin şirkətlərin heç vecinə də deyil.

Bütün bu problemlərlə bağlı mobil opetarorla əlaqə saxlamaq istəsəniz, bu, praktiki olaraq mümükn olmayacaq. 21-ci əsrdə sırf kommunikasiya təmin edən şirkətlə heç bir üsulla kommunikasiya qurmaq olmur. Saatlarla telefonda gözləməlisən ki, operator cavab verəcək yoxsa yox. Digər vasitələr də əlaqə yaratmaq çətindir. Bir çat-bot robotu qoşurlar zəng mərkəzinə, nə sual versən cavab əzvəzinə standrat cümlələri göndərir sənə.

Çox qəribədir ki, dünyada mobil danışığın və internetin qiyməti sürətlə və davamlı şəkildə ucuzlaşdığı halda, bzidə tam tərsinədir- mobil operatorlar davamlı olaraq qiymətləri bahalaşdırırlar. Bunun heç bir iqtisadi əsası yoxdur, olsa da bilməz. Bunun bir adı var- monopolist soyğunçuluq. Bu soyğunçuluğun jurnalistlər tərəfindən mediada ifşa olunmaması üçün mobil operatorlar hər ay onlara müəyyən qədər danışıq və internet paketləri hədiyyə edirlər.

Vəziyyətdən belə görünür ki, bizim operatorlar arasında gizli seperat sövdələşmə var- kartel razılaşması üsulu ilə, onlar elə bir tarif siyasəti yürüdür ki, bazarda qiymətlər heç vaxt enmir. Keçən il mobil rabitədən əldə edilən gəlir 1,3 milyard manata yaxın təşkil edib. Əvvəlki illərdə bu rəqəm 1 milyarda yaxın idi. Göründüyü kimi, şirkətlərin gəlirləri hədsiz artsa da, qiymətləri aşağı salmaq fikrində deyillər. Ümumiyyətlə, bu sahədə problemlər saysız hesabsızdır, bu yazıda sadəcə bir neçəsinə toxunduq. Görünür bazarda 3 operatorun olması monopolist meyllərə və kartel razılaşmasına şərait yaradır. Bu səbəbdən azı 7-8 şirkət olmalıdır ki, bəlkə həqiqi rəqabət baş verə. Yoxsa, mobil telekommunikasiya şirkətləri abonentlərin hüquqlarını pozmaqda, bütün normalara tüpürməkdə davam edəcək.

Digər xəbərlər