Görəsən biz nə üçün internetin əslində nə olduğunu hələ də dərk etmək istəmirik? İnanın, yüzlərlə insanın rəyini soruşsaq, internetin oyun, əyləncə, asudə vaxt, zaman keçirmək kimi bir vasitə olduğunu söyləyəcək. Lakin internet əslində əyləncə vasitəsi deyil, oyun da deyil, asudə vaxtın təşkili üçün də deyil, internet bizim həyatımıza tətbiq edilmiş yeni bir “həyat”dır.
Biz məcburi şəkildə bu həyata baş əyməli olmuşuq. Çünki hər dövrün bir özünəməxsusluğu var, insan övladı da ona uyğunlaşmaq məcburiyyətindədir.
Lakin gəlin etiraf edək ki, internat adlı yeniliyə daha tez uyğunlaşmalı olduq. Ona görə ki, biz onu real həyat kimi qəbul etdik və əslində real olan həyatımızdan internet adlı dünyaya köçdük. Məhz el buna görə də əyləncəni, asudə vaxtı, oyunu da burada axtarmalı olduq. Və qısa zaman kəsiyində də tapdıq.
Əslində internetin nə olduğunu dərk etməyərək başladıq onu sadəcə oyuncaq kimi istifadə etməyə. Bu zaman nə baş verdi? O baş verdi ki, internet bizim üçün təhlükəli vasitəyə çevrildi. Yəni özümüz bu təhlükələrə yol açdıq. Məsələn, oyunlar vasitəsilə çoxsaylı təhlükəni gətirdik həyatımıza. Uşaqlarımızın da internetdə təhlükəsizliyini düşünərək bu təhlükəyə atdıq. Düşünmədik ki, onların internet dünyasına qədəm qoyması hələ tərzdir. Özümüzü qurban etdiyimiz internet dünyasına uşaqlarımızı da qurban verməyə başladıq.
Bir vaxt baxdıq ki, artıq təhlükəsiz deyilik. Lakin yenə də bunu vecimizə almadıq və əvvəlki kimi davam etməyə başladıq.
Beynəlxalq Təhlükəsiz İnternet Günü Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilib. Bu əlamətdar hadisə dünyanın 60-dan çox ölkəsində müxtəlif şüarlar altında (“İnternet və uşaqlar”, “Qlobal şəbəkədə kibercinayət: qanunsuz kontentlərdən müdafiə”, “İnternet adi bir oyun vasitəsi deyil, internet bizim həyatımızdır” və s.) qeyd olunur. Tədbirlər Avropa Təhlükəsiz İnternet Şəbəkəsi (INSAFE) qeyri-hökumət təşkilatı tərəfindən koordinasiya edilir.
INSAFE- Avropa Komissiyasının iştirakı ilə yaradılan milli təşkilatlar şəbəkəsidir. Bu qurumun əsas missiyası təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaqdır. INSAFE təşkilatı Avropanın 26 ölkəsinin təhsil nazirlikləri nümayəndələrinin daxil olduğu Avropa Məktəblər Şəbəkəsi tərəfindən idarə edilir.
Bunları xatırlatmaqda məqsədim bəlkə təhlükəsiz internetin nə olduğu barədə bəzi insanların azacıq məlumat almasıdır. Və yenə də ümidlərimi kəsmək istəmirəm və ümid edirəm ki, internet təhlükəsizliyinin nə olduğunu dərindən anlayacaq və özümüzü hər an yarana biləcək təhlükələrdən qoruyacağıq.
Bu, əslində çətin deyil. Öz əlimizdədir ki, bizə təklif olunanların hər birini acgözlüklə qəbul etməyək, bir az düşünək, sonra barmağımızla elə düyməni sıxmağı seçək ki, təhlükəsizliyimizə təminat vermiş olsun.
Digər tərəfdən, bütün video və fotolar, xüsusilə övladımızın fotosunu hər zaman sosial şəbəkələrdə paylaşmamalıyıq. Çünki elə əsas təhlükəni bunlar yaradır.
Dostluq münasibətləri, əlaqələr, düzgün qurulmalıdır.
Bu dünya aldadanlarla doludur. Ayıq-sayıq olaq ki, aldadılıb təhlükə ilə üz-üzə qalmayaq.
Bir də, onu anlamağa çalışaq ki, internet bizim həyatımız ola bilməz. Aradabir real həyata da qayıdaq ki, internetə bağlı olmadığımızı görə bilək. Bu zaman daha az təhlükə ilə qarşılamalı olarıq.
Əslində isə internet faydalı bir vasitədir. Lakin o zaman ki, ondan səmərəli istifadə edəsən. Əks təqdirdə zərərləri saysızdır. Odur ki, heç olması bu gün təhlükəsizliyimiz barədə düşünək.
Mətanət Məmmədova