2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib. 2023-cü ildə isə bu rəqəm 1742 olub, yəni 2024-cü ildə 463 nəfər azalıb.
463 nəfər azalmaya sevindik. Lakin 1279 uşaq axı az deyil. Bu, 1279 nəfər 18 yaşınadək qız, onunla qanunsuz şəkildə evlənmiş bir o qədər oğlan, oğlan və qız tərəfin hər ikisinin valideynlərini nəzərə alsaq, ailənin qurulmasına razılıq verən beş mindən artıq insanın düşüncə tərzidir. Bu qədər insanın qanunsuz “ittifaqa”, 18 yaşı hələ tamam olmamış qızların dünyaya uşaq gətirib ana olmasına razılığıdır.
Bəs bu vəziyyət hansı bölgələrimizdə daha çox baş verir? Hansı bölgələrdə insanlar daha çox düşünməli, övladını kölə kimi görməkdən əl çəkməlidir? Dövlətin qanunlarına və övladının hüquqlarına sayğı ilə yanaşmalıdır?
Mərkəzi Aran iqtisadi rayonu bu siyahıya başçılıq edir. Yəni 18 yaşadək evləndirilən qızlar və 18 yaşınadək ana olan qadınlar ən çox bu bölgədədir- Yevlax, Kürdəmir və Ucar rayonlarında. Bu iqtisadi rayonun əhalisi məsələnin ciddiyyətinə nəzər salmalıdır. Bu bölgədə yaşayan insanlar həmin rayon sakinlərini ictimai qınaq obyektinə çevirməlidir ki, belə hallar tədricən aradan qaldırılsın.
Qarabağ iqtisadi rayonu siyahıda ikinci, Qazax-Tovuz iqtisadi rayonu üçüncü, Lənkəran-Astara iqtisadi rayonu dördüncü, Mil-Muğan iqtisadi rayonu isə erkən doğumla ilk beşliyi tamamlayır. Həqiqətən ictimai qınaq gərəkdir...
1279 uşaq 18 yaşa çatmayan bir o qədər qızın qeyri-qanuni nikahı, 1279 valideynin, 2-yə vuranda isə 2558 nəfərin günahıdır. Bu, hələ rəsmi statistikadır, qeydiyyata alınmamış onlarla erkən “nikah” var ki, ölkəmizdə, onlar bu rəqəmi daha da artıra bilər.
Deməli, 1279 qız öz ailəsi tərəfindən istismar olunub, onların hüquqları valideynləri tərəfindən əlindən alınıb. Və yaxud da hüquqlarının nədən ibarət olduğu bu qızlara təlqin olunmayıb. Beləliklə də onlar erkən nikaha daxil olublar və bu da söz yox ki, onların gələcək psixoloji vəziyyəti üçün zəmin yaradıb. Axı onlar həyatın, ailənin, qayınana-qayınata, ər qayğısının, uşaq doğmağın, onu böyütməyin nə olduğunu yetəri qədər anlamır.
1279 uşağın 18 yaşınadək analar tərəfindən doğulması o deməkdir ki, 1279 uşaq ya ölümlə və ya baxımsızlıqla qarşı-qarşıya qalıb. Çünki onları dünyaya gətirən ananın hələ özünün qayğıya ehtiyacı var.
Maraqlıdır, qızlarını erkən ərə verən valideynlər heç özlərinə sual verirmi ki, mənim qızım qadın, həyat yoldaşı, ana olmağa hazırdırmı? Bəlkə bu sualı evlənməyə vadar etdikləri qızlara verələr? Ümidvaram ki, bu sualı versələr, cavabında çarəsiz baxan gözlərlə qarşılaşarlar.
Mətanət Məmmədova