Elçin Bayramlı
Son vaxtlar ailə problemləri və qarşılıqlı münasibətlər daha çox müzakirə olunur. Ailənin hər iki tərəfi öz hüquqlarını müdafiə etsələr də, nədənsə öhdəlikləri “unudulur”. Bu, əsasən, qadınlara aiddir, lakin kişilərin də bu sahədə yanaşmasında problemlər var. Bu yazıda kişilərin ailədə rolu haqda danışacağıq.
Bəzi kişilər ailədə öz rolunu yalnız pul qazanıb gətirməklə məhdudlaşdırılmış şəkildə görürlər. Halbuki, ailə başçısı rolu yalnız maddi təminatdan ibarət deyil. Kişinin ailə qarşısında mənəvi öhdəlikləri də var. Bura ailəni qorumaq, dolandırmaq, problemlərini həll etmək daxildir. Qayğı göstərmək, maraqlanmaq, nəzarət etmək, uşaqlara diqqət ayırmaq, hər hansı sağlamlıq problemi olduqda, təhsillə bağlı məsələlərdə, uşağın yaradıcı inkişafı ilə bağlı həyat yoldaşına qayğı göstərmək, problemlərlə maraqlanmaq, ona vaxt ayırmaq da öhdəliklərdir.
Yaxşı maddi imkanı olan, işləyən kişilər ailəni maddi cəhətdən yaxşı təmin etsələr belə, bu, o demək deyil ki, onlar öz rollarını tam yerinə yetiriblər. Qayğıkeş ata, qayğıkeş ər rolu ən vacib məsələlərdəndir. Burada təkcə maddi baxımdan söhbət getmir, əsas mənəvi tərəf olmalıdır. Ailə müqəddəs bir dəyərdir və ən birinci sırada gəlməlidir. Bir çoxları dostlarına ayırdıqları vaxtı ailələrinə, uşaqlarına ayırmırlar. Uşaqları özbaşına buraxırlar, onların necə böyüdüyü, kiminlə oturub-durduğu, hansı təsirlərə məruz qaldığı, təhsilinin və tərbiyəsinin necə getdiyi, eləcə də sağlamlığı ilə maraqlanmırlar. Ona görə də evi maddi cəhətdən təmin etmək məsələnin yalnız bir tərəfidir. Ailə maddi əsaslar üzərində qurula bilməz. Çünki burada əsas məsələ mənəvi tərəfdir, maddi tərəf deyil. Mənəvi öhdəliklər var və bunu həm qadın, həm də kişi yerinə yetirməlidir.
Ailə hər zaman prioritet olmalıdır. Belə ki, ən çox vaxt onlara ayrılmalı, qayğı göstərilməli, onlarla maraqlanılmalı, bir-birinə dəstək və məsləhət verilməlidir. Təbii ki, ailə başçısı rolunu kişi tam şəkildə daşımalıdır. Bu ailə onun öhdəliyində və məsuliyyətindədir. Ailə üzvləri də onun sözünü, tövsiyələrini və məsləhətlərini qəbul etməlidirlər. Bu, minillərdir belə olub. İndi ailə məsələsində hər cür psixologiyaya malik insanlar var. Bəziləri öz rolunu yalnız maddi təminatda, bəziləri isə yalnız mənəvi tərəfdə görür. Lakin hər ikisi birlikdə olanda düzgün münasibət formalaşır.
Şərt deyil ki, yüksək maddi təminat olsun. İnsan gücü çatan qədər, imkanları daxilində ailəsini maddi cəhətdən təmin edirsə, üstəlik mənəvi baxımdan da ailəsinə sahib çıxır, qayğı göstərir, vaxt ayırırsa, onda əsl ailə olur. Burada maddi tələblərin yüksək və ya aşağı olmasının o qədər də böyük rolu yoxdur. Amma mənəvi tələblər aşağı olanda və ya ümumiyyətlə olmayanda ailədə soyuqlaşma başlayır və nəticədə dağılma təhlükəsi yaranır. Bu baxımdan insanlarımız bu məsələlərə diqqət yetirməlidir. Mənəvi əsaslara söykənən ailə modelimiz minillərdir çox sağlam və möhkəm olub.
Ailədə hər kəsin öz yeri var. Necə ki, ailə üzvləri kişinin öhdəliyində və məsuliyyətindədirsə, o da ailəni hərtərəfli– həm mənəvi, həm də maddi baxımdan təmin etməlidir. Ailə üzvləri də ataya və ya həyat yoldaşına yüksək dəyər və hörmətlə yanaşmalı, onun qayğısını çəkməlidirlər. Bu münasibət qarşılıqlı olmalıdır. Hər kəs bir-birinə belə münasibət bəsləməlidir.
Fədakarlıq ailədə ən vacib, bir nömrəli dəyərdir. Fədakarlıq olmayan ailədə yaxşı heç nə ola bilməz. Əgər fədakarlıq yoxdursa, digər bütün amillər mövcud olsa belə, orada sağlam və mənəvi ailədən söhbət gedə bilməz. Ona görə də insanlarımız müasir düşüncələri, yanaşmaları və psixologiyaları kənara qoyaraq, sağlam milli dəyərlərimizə və ənənəvi ailə modelimizə əsaslanan nümunələri əsas götürməlidirlər. Mənfi nümunələr həmişə olub və olacaq, sadəcə onların sayı artmamalıdır. Biz müsbət nümunələr əsasında gənclərə örnək göstərməli və çalışmalıyıq ki, bütün ailələrimiz həm mənəvi, həm də maddi baxımdan bütöv olsun, bir-birinə qayğı və diqqət göstərərək sağlam əsaslar üzərində inkişaf etsin.
Belə ailələrdə böyüyən uşaqlar sağlam insanlar və sağlam vətəndaşlar olurlar. Onlar ölkənin və cəmiyyətin inkişafına daha çox töhfə verirlər.