“Neftçi”, haydı Avropaya!Azərbaycanın “Barselona”sı barədə bir yazı
O, hər bir azərbaycanlının futbol ilahəsi, İDEAL KOMANDASIDIR! Onun haqqında yenə yazıram. Çünki o, mənim və minlərlə azərbaycanlının uşaqlıq arzuları, qəlbən sevdiyi, bütün varlığı ilə inandığı ideal KOMANDASIDIR. O komanda ki, uşaqlıqda daima qələbəsinə görə neçə gün sevinc keçirər, məğlub olduqda isə evimizin kənarındakı çayın qırağına gedib ağlayardım. Onu uzaq İspaniyada da, Almaniyada da, Nigeriyada da, Şərqdən tutmuş Qərbə qədər hər yerdə məhz Azərbaycanın "Barselona"sı, köklü futbol ilahəsi kimi tanıyırlar. O kimləri diz çökdürmədi ki?! SSRİ dövründə "Şaxtyor Donetsk", "Dinamo" Kiyev, "Spartak" Moskva kimi nəhənglər Bakıya gələndə, keçmiş "İnturist" mehmanxanasında səhərə qədər siqaret üfürürdülər, oyun günü isə meydanda diz çöküb, geri qayıdırdılar. On ildir ki, Avropa səviyyəli oyunlarda öz evində uduzmayan, "SSKA"- sından tutmuş "Anderlext"-inə qədər hamısının dizini bükən, Slovakiya, Belçika, Rumıniya klublarını "tərlədib" göndərən "Neftçi", Azərbaycanın ideal futbol markasıdır. Bu, əlahəzrət faktdır və heç kim mənimlə mübahisə etməsin, heç bir Azərbaycan klubu "Neftçi"nin qazandığı rəğbəti və imici onilliklər bundan sonra da qazana bilməz!
O, artıq özünə QAYIDIR. "Xəzər-Lənkəran"la prinsipial oyunda xal itirməməsi, "İnter"i dayandırması və Bülənd Qorxmazlı "Bakı"nı çökdürməsi, onu göstərir ki, komanda az qala bir ilə qədərki dəhşətli böhrandan çıxmağa başlayıb. Düzdür, nə kubok, nə də çempionluq barədə bəribaşdan nəsə demək düz çıxmaz. Dost düzünü danışar, deyərlər. Komandanın oyunları ilə bağlı müşahidələrimi deyəcəyəm. Deyəsən, mənim komandamda hələ komanda ruhu və oturuşmuş sistem yaranmayıb. Xüsusilə, neçə ildir başımıza bəlaya çevrilən "Olimpik-Şüvəlan"la son oyun vaxtı bu fakt aşkar görsənirdi. Amma bu "Neftçi"dir və sistemli komanda yaratmaq üçün Vaqif müəllimin yeni sistem yaradacağını səbirsizliklə gözləyirəm. Sözsüz ki, indiki bütün hazırlıqlar, məhz 2010-cu ilə HESABLANIB. "Neftçi" üçün hər şey gələn ildən başlanır. "Cücəni payızda, komandaları mayda sayarlar" kimi bir ifadəm var ki, onu deməsəm, olmaz. Həm də "Qalatasaray"ın prezidenti Adnan Poladın sözü olmasın, "ən son gülən MAYDA gülər". Minlərlə "Neftçi" azərkeşi ümidlərini növbəti dünya çempionatının keçiriləcəyi ilə bağlayıblar. "Neftçi", səndən gələn il ən azı UEFA Avropa Liqasının qruplarına düşməyi gözləyirik. Daima qapazaltı etdiyin Moldova "Şerif"i, adı belə çətinliklə tələffüz olunan Pribaltika komandaları UEFA Liqasında oynadığı bir vaxtda artıq sənin GERİYƏ YOLUN YOXDUR!
Gələk AZƏRKEŞ MƏLƏSİNƏ. İndi biz bütün gücümüzü komandanın bir dəfə də olsun ayağını stadionlara qoymayan, amma doğrudan da, "Neftçi"ni canı, qanı qədər ürəkdən sevən MİLYONLARLA sadiq azərkeşini komanda ətrafına cəmləmək üçün yönəltməliyik. Deyəsən, Valeri Lobanovskinin sözüdür, o kişi deyirdi ki, AZƏRKEŞ DƏSTƏYİ QƏLƏBƏNİN TƏN YARISIDIR. Bunun üçün komandanın azərkeşləri ilə "dəmir əlaqə" yarada bilən işlək qurum yaradılmalıdır. Buraya ölkənin tanınmış siyasi-ictimai xadimlərindən, mədəniyyət xadimlərindən tutmuş, dünyanın nüfuzlu şəxslərinə qədər cəmiyyət üçün önəmli adamlar cəlb olunmalıdırlar. O adamlar ki, həqiqətən, "Neftçi"yə qəlbən bağlıdırlar və özlərindən sonrakı nəsillərə də "ağ-qaralı" formanı ərməğan edə və irsən ötürə biləcəklər. Məsələn, Avropa liderləri "Barselona"nın, "Liverpul"un, "Çelsi"nin dəlisov fanatına çevrildikləri kimi, qonşu Türkiyədə bu ölkənin baş nazirindən tutmuş "Kurtlar vadisi" serialındakı Mematisinə qədər "Beşiktaş", "Fənərbaxça" "xəstəsinə" döndükləri kimi, mən də istəyirəm ki, Azərbaycanın qəlbən "Neftçi"yə bağlı olan tanınmış simaları, aparıcı xadimləri "ağ-qaralı" formaya sahib olsunlar. Düzdür, bir az yekə danışmaq olmasın, bu işi yerindən tərpətmək üçün "Neftçinin dostları" ictimai klubunu yaratmışıq. Amma bizim görəcəyimiz işlər çox, lap çoxdur. Birinci növbədə, təbliğat və yenə də təbliğat! Bu təbliğatın nəticəsi isə o olmalıdır ki, flaqmanın, Azərbaycan futbolunun "Barselona"sının şərəfinə, adına uyğun olaraq, ən zəif komanda ilə oyuna ən azı on minə yaxın azərkeş gəlsin. Bir də yaxşı futbolçular almaq lazımdır ki, oyuna azərkeş gətirsin. Niyə bu gün azərkeşlər stadionlara gəlmirlər. Ona görə ki, hazırda Azərbaycan çempionatında oynanılan oyunlar və top qovan futbolçular hələ azərkeş toplayacaq gücdə deyillər. Ayağını ayağının ardınca sürüyən, sürətli və baxımlı futboldan çox-çox uzaq olan klublardakı əksər futbolçular, sadəcə, heç nəyə yaramırlar, vəssalam. Gəl məni öldür, qardaşım fakt budur. Bir də əksər klublarımızın çoxunun yaxşı oyunçu alıb Avropaya çıxmaq istəyi-filanı yoxdur! Onlarınkı heç Mozambikdə belə qəbul olunmayan, xarici ölkələrin məhəllələrində "top qovan" "futbolçuları" transfer edib ciblərinə para qazanmaqdır. Amma əminəm ki, "Neftçi" bunlardan deyil və hörmətli Tahir müəllimlə söhbətimdə də əmin oldum ki, "Neftçi" artıq özünə yaraşan iddiasını gələn ilin yayında ortaya qoyacaq. Amma Tahir müəllim, xahiş edirəm, qış transferində 2010-cu mövsümün planlarına uyğun olaraq, ən azı üç-dörd güclü futbolçu transfer etmək məsələsini həll edin. Elə futbolçular ki, komandaya tez adaptasiya olsunar. İki il bundan əvvəl, UEFA İntertoto Kuboku vaxtı "Dinamo-Kiyev"-dən icarə götürülən Gerasymuk kimi bir futbolçu bizə hava və su kimi lazımdır.
Əkbər müəllim, Tahir müəllim, şəxsən mən "Neftçi"nin milyonlarla sadiq tərəfdarlarından biri olaraq, "Neftçi"nin ƏBƏDİ azərkeşi kimi öz komandamın uğuru üçün sizinlə bir yerdəyəm. Hər kəsə, "Neftçi"nin meydanlara gəlməyən yüz minlərlə azərkeşinə deyirəm: gəlin doğma komandamız üçün əl-ələ verək, onu gələcəyə aparaq. "Neftçi", hər şey sənin Avropaya getməyin naminə!