Aydın Quliyev “ACP” sədrliyinə gəlir
"ACP"-daxili vəziyyət öz gərginliyi ilə bir çox radikal partiyalardakı durumdan xeyli fərqlənir. "ACP" lideri okeanın o tayında mühacirət həyatı yaşayır. Partiyanın problemləri ilə sədr məşğul olmalıdır. Bəs "ACP" sədri bu işin öhdəsindən gəlirmi? Bir çox partiya funksionerlərinin bu suala cavabı birmənalı tərzdə eynidir. Onların hamısı köks ötürərək, deyirlər ki, A.Şahbazov heç yerində tapılır ki, iş də görsün?
Partiyada görüləcək işləri atmaqla A.Şahbazov nə demək istəyir? "ACP" sədri belə hesab edir ki, R.Quliyev cari işlərin həlli üçün kifayət qədər maddi vəsait ayırmadığına görə, mövcud problemləri həll etmək qeyri-mümkündür. Əgər partiya qərargahında deyilsə, bəs A.Şahbazov haradadır? Yenə də funksionerlər bir ağızdan deyirlər ki, sədr öz şəxsi işlərini görmək üçün dünyanın o başına da getməyə hazırdır. A.Şahbazova yaxın olanlar isə partiya sədrinin Biləsuvarda evində istirahət etdiyini bildirdilər.
"ACP" sədrini müavini Zəminə Dünyamalıyeva isə A.Şahbazovun bəd əməllərindən o qədər qəzəblənmişdi ki, onu partiyanın xirtdəyinə çökmüş "qarayara" adlandırdı və onun Biləsuvar dağlarında qoyun otardığını bildirdi. Biz 10-15 il əvvəl A.Şahbazovun "kolxoz sədri" kimi xarakterizə edildiyi bildiyimizdən, hazırda onun "çobanlığı"nın nə ilə əlaqələndirildiyini öyrənmək istədik. Z.Dünyamalıyeva dedi ki, zalım oğlu R.Quliyevin partiya üçün göndərdiyi pullara o qədər daşınmaz əmlak və mal-qara alıb ki, həddi-hüdudu, sayı-hesabı yoxdur.
R.Quliyev son vaxtlar nə əl telefonu, nə də selektor vasitəsilə "ACP" sədri A.Şahbazovla əlaqə yarada bilmədiyi üçün əsəb gərginliyi keçirmişdir. O, partiyanın sədr müavinləri qarşısına belə bir məsələ qoymuşdu ki, A.Şahbazovun Aydın Quliyevlə əvəzlənməsi məsələsinə baxsınlar. Partiyanın ikinci eşalonundakı rəhbərinin dediklərinə görə R.Quliyevin qaldırdığı məsələ "ACP"-nin qurultayında həll edilə bilər. Onlar belə hesab edirlər ki, partiya qurultayı iyul ayında keçiriləcək, A.Şahbazov sədrlikdən kənarlaşdırılacaq və ola bilsin ki, "ACP" üzvlüyündən məhrum ediləcəkdir. Qurultayda "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin "ACP" sədri təyin edilməsi məsələsi gündəliyə salınacaqdır. Hələlik, R.Quliyev partiyanın sədr müavinlərindən tələb edir ki, son olaraq A.Şahbazova verdiyi 23 min dolları alsınlar.
Z.Dünyamalıyevanın A.Şahbazovla əlaqə saxlamaq niyyəti baş tutmamışdı. Əvvəl A.Şahbazov pulu qaytarmaqdan imtina etmişdi. Daha sonra isə Z.Dünyamalıyevaya belə bir xəbər göndərmişdi ki, borcun əvəzini 50 qoyun və 10 keçi ilə ödəməyə hazırdır. "ACP"-nin sədr müavinləri məsələni məhkəmə yolu ilə həll etmək fikrindədirlər.
A.Şahbazov ultimativ şəkildə bəyan etmişdi ki, heç bir vəchlə partiya sədrliyindən getməyəcəkdir. Z.Dünyamalıyeva cavab almadığımız bir məsələyə də aydınlıq gətirmişdir. Onun dediyinə görə, vaxtilə ADP sıralarına kolxoz sədri postundan gələn A.Şahbazovda, hətta kolxoz sədrlərində olacaq dəyərlər də qalmamışdır. "Bu gün onun imkanı ancaq öz qoyun sürülərinə çobanlıq etməyə çatar" deyə Z.Dünyamalıyeva bildirmişdir.
Vaxtilə R.Quliyevin okeanın o tayında olmasından istifadə edən ADP sədri Sərdar Cəlaloğlu lazımi anda əks hücuma keçib, sədri öz vəzifəsindən uzaqlaşdırmağa nail olmuşdur. A.Şahbazov həmkarının təcrübəsindən yararlanmaq fikrinə düşə bilərmi? Əkslində, "ACP" sədri postunu heç vəchlə tərk etməyəcəyini bəyan edən A.Şahbazov, bir sıra vacib şəxsi işlərini başa çatdırdıqdan sonra, qərargaha qayıdacağını və qurultaya qədər R.Quliyevin partiyadan uzaqlaşdırılması məsələsi ilə məşğul olacağını bildirir. Z.Dünaymalıyeva A.Şahbazovun partiyada heç bir nüfuzunun olmamasını vurğulayıb, bu ideyanın xülya olduğunu bildirib. A.Şahbazov yaxın günlərdə partiyanı yeni maliyyə vəsaiti ilə təmin etdikdən sonra, hətta Z.Dünyamalıyevanın da gül ağzını qapayacağı ehtimalına inanır. Əks tərəf isə R.Quliyevlə işləyəcəyini israr edir.