İsa Qəmbərovun məcburi Türkiyə səfəri
Müsavat başqanı İsa Qəmbərovun partiyasını Avropa liberalları ilə birləşdirməsi, yəqin ki, bir çoxlarının yadındadır. Azərbaycanda millətçi partiyanın başqanı olub, Avropa sferasında liberallarla qoşalaşıb iş görmək əvvəl birmənalı qarşılanmamışdı. Müsavatın ali orqanının üzvü olan Nəsib Nəsibli yüksək addan imtina edib, sıravi müsavatçı olmaqla kifayətləndi. O vaxt bir müddət atılıb-düşən Rauf Arifoğlu, sonralar başqanın liberallaşmış millətçiliyini qəbul etməli olmuşdu. Ancaq bir müddət sonra, nəhayət, o, İ.Qəmbərovun yanından birdəfəlik getməli oldu.
İ.Qəmbərovla Müsavatda qalanlar milli və seksual azlıqların hüquqlarını qorumağın vacibliyini anlayır və bu müddəalara yalnız yüksək pul müqabilində əməl etməyə razılıq verirdilər. O vaxt İ.Qəmbərov Avropa liberal liderlərindən milli azlıqların təbliği ilə məşğul olmaq üçün 120 min dollar almışdı. Referendum öncəsi isə Müsavat başqanı "Azadlıq" bloku ilə birlikdə Avropanın "Soros" və digər fondlarından 200 min dollar almışdı. Başlıca vəzifə Avropa liberallarının tapşırıqlarını yerinə yetirmək idi.
İ.Qəmbərov, ilk olaraq, Türkiyədə terrorçuluq əməlləri törədən PKK azlığının müdafiəsində durmalı idi. Daha sonra Gürcüstan müxalifətinə dəstək vermək və Ermənistan müxalifəti ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirməli idi. İ.Qəmbərovun Avropa liberalları önündəki daha bir borcu fars rejiminin təqiblərindən qaçanların siyahısını tərtib edib, lazımi yerə ünvanlamaq idi.
300 min dollardan çox pul alan İ.Qəmbərov tapşırıqların icrası yönündə heç bir iş görməmişdi. Əvəzində, həmin pullara özü üçün "Mersedes" almış, cangüdənlərinin sayını xeyli artırmış və Buzovnada iri bir bağ evi almışdı. Pulun əks istiqamətə xərclənməsi Avropa liberal dairələrinin ciddi narazılığına səbəb olmuşdu. Onlar İ.Qəmbərova hədələyici mesajlar göndərmiş və qısa vaxt ərzində Türkiyəyə gəlib, buradakı Avropa liberalları nümayəndələrinə hesabat verməyi tələb etmişlər.
İ.Qəmbərov cağırışa cavab olaraq, tezliklə Türkiyəyə getmək niyyətindədir. Avropa liberallarının Türkiyədəki nümayəndələri onun gəlişini gözləyirlər. İ.Qəmbərovun quyruğu bir növ qapı arasında qalmışdır. Bir tərəfdən o, Gürcüstan müxalifətinin başçıları Nino Burcanadze və digərləri, eləcə də qocaman gürcü siyasətçisi Eduard Şevardnadze ilə heç bir əlaqə yarada bilməmişdi. Türkiyə hökuməti ilə mübarizə aparan kürd separatçıları da İ.Qəmbərovdan hər hansı bir dəstək almadıqlarını bildirmişlər. İranda hökumət təqiblərinə məruz qalanlar da İ.Qəmbərovun nəzər-diqqətindən yayınmışdı. Bu biri tərəfdən də Müsavat başqanı bu ilin payızında bələdiyyə, 2010-cu ilin axırlarında keçiriləcək parlament seçkiləri ərəfəsində isə Avropa liberallarından maliyyə yardımı almaq niyyətindədir.
İ.Qəmbərovun Türkiyəyə səfərini tezləşdirmək istəməsi türkiyəli liberal həmkarlarından kifayət qədər tez üzr istəməsi ilə əlaqədardır. O, belə hesab edir ki, türkiyəli həmkarları onun haqqında Avropa liberallarında müsbət rəy yarada bilərlər. Bu, Müsavat başqanının maliyyə yardımı ilə mükafatlandırılmasına səbəb olardı.
İ.Qəmbərovun Türkiyədəki hesabatından sonra Avropa liberal qurumunun İdarə Heyəti və Mərkəzi Şurası bu ilin sentyabrında Madriddə toplantı keçirmək niyyətindədir. Madrid toplantısına İ.Qəmbərov da dəvət edilmişdir. Müsavat başqanının Türkiyədə verdiyi hesabat Madrid toplantısında müzakirə ediləcək və İ.Qəmbərovun cavabı dinləniləcəkdir. Sentyabra hələ çox qaldığından, İ.Qəmbərovun başlıca məqsədi Türkiyə səfərindən üzüağ qayıtmaq istəməsidir. Bu gün o, əməllərinə necə müsbət don geydirəcəyi üzərində düşünməkdədir.
Bunu o, külli miqdarda pulu öz şəxsi məqsədləri üçün istifadə edərkən düşünməli idi. Ancaq İ.Qfəmbərov inanır ki, Avropa liberalları ona daha bir şans verə bilərlər. Belə olacağı təqdirdə, İ.Qəmbərov həm bələdiyyə, həm də parlament seçkilərindən öncə, maliyyə dəstəyi almağa nail olacaqdır. Bundan sonra pulu yenə istədiyi kimi xərcləmək onun ixtiyarında olacaqdır. Sonra ya İ.Qəmbərov ölə, ya Avropa liberalları.