Köşə

  • 4 350

Sərsəmləyən “qoca qitə” - AVROPA!

image

Rəhmətlik Şükür kişinin ağıllı kəlamlarından biri də bu idi: hər qocalan ağıllı olmur, adam var qocaldıqca ağlı artır, müdrikləşir, adam da var qocaldıqca ağlını itirir, sarsaqlayır! Rəhmətlik bunu deyəndə təkcə insanları nəzərdə tuturdu. Amma sən demə bu kəlam təkcə ayrı-ayrı insanlara deyil, həm də insanların qurduğu dövlətlərə və hətta qitələrə də aid imiş. Avropanı həm də onun sinonimi kimi “qoca qitə” adlandırırlar.Qəribədir ki, dünya bu qocalmış qitəni müdrikləşmiş, daha ağıllı, daha ədalətli, daha obyektiv insan cəmiyyətlərinin birləşdiyi bir məkan hesab edir. Sən demə, bu qitə o qədər qocalıb ki, nəinki ağlını itirib, ədalətdən, haqqdan, hüquqdan, obyektivlikdən uzaq düşüb, adi normal insanlığını da itirib. Dünyaya ağıl verən, insanların, toplumların, cəmiyyətlərin bərabərliyindən, hüququndan ağız dolusu (yəni, bizim xalqın təbirincə desək, ağzı köpüklənə-köpüklənə) danışan bu qitənin, çaşan dövlətlər toplusunun özündə ya bir qram ağıl qalmayıb, ya da xristianlıq təəssübkeşliyi o qədər güclənib ki, özünü axmaqlığa vurmaqdan belə çəkinmir. Dünən bu qoca qitənin taleyini həll etməli olan, yəni bu “ağıllı” qitənin ən “ağıllıları”nın toplaşdığı və adını Avropa Parlamenti qoyduqları sərsəm bir toplum yenə bir yerə cəm olub bir qərar icad elədilər. Sən demə, Azərbaycan xalqı “qədim erməni abidələri”ni dağıdırmış... Allah, sən saxla, dilimə gəlmişdi e... Yaxşı, deyək ki, bu qoca qitənin sərsəm bir toplumu xristian təəssübkeşliyindən çıxış edib bu boyda yalanı qərar kimi icad eləyir. O zaman alban xalqına, yəni qədim türklərə məxsus xristian abidələrini min illərlə qoruyan, onu bütün qovğalardan salamat çıxaran Azərbaycan xalqına bu kinin qaynağı haradandır? Ermənistanda Azərbaycan türklərinə məxsus yüzlərlə dini, mədəni, tarixi abidələri, məzarlıqları yer üzündən silən erməni adlı vandal bir tayfanın əməllərinə son qoyulmasını tələb etməli olan bu sərsəmlər, hansı əsasla Azərbaycandakı “qədim erməni irsi”nin dağıdılmasından danışa bilirlər?Əvvəla ermənilərin özlərinin də dəfələrlə etiraf etdikləri kimi, bu torpaqlara XIX əsrdən sonra rus çarlarının əli ilə köçürülən bir tayfanın bu torpaqlarda hansı “qədim irsi”ndən danışmaq olar? İkincisi, zəhmət çəkib o parlamentarilər ermənilərin otuz il işğal altında saxladıqları və cəmi 44 günə dəmir yumruq kimi birləşən xalqın azad elədiyi ərazilərə baş çəkiblərmi? Azərbaycan dövləti il yarımdı dəvət etməkdən yorulsa da, bu dağıdılmış, xarabazara çevrilmiş yurd yerlərinə səyahət etməkdən niyə qorxurlar? Özləri də gözəl bilirlər ki, gəlib bu vandalizmi yerində görsələr, içlərində haqqa-ədalətə tərəf dönüş yarana bilər (əlbəttə, içlərində insanlıqdan, vicdandan əsər-əlamət qalıbsa). Elə bunu bildiklərindən gəlmirlər, araşdırmırlar, gerçəkdən qaçırlar. Qaçırlar, cəhənnəmə qaçsınlar, gora qaçsınlar. O zaman, heç olmazsa sussunlar. İkili standartların indiki dünyanın siyasətində ana cizgi ilə keçdiyini bütün dünya bilir. Amma bu, ikili standart da deyil, heç üçlü, dördlü, beşli standart da deyil. Bu, ümumiyyətlə, standart deyil. Bunun adını nə qoymaq olar, onu da bilmirəm. Bunun adı yoxdu.Amma bildiyim odur ki, indiki dünyada “ağsaqqallıq”, “çoxbilmişlik” etmək iddiasında olan qoca qitə - AVROPA, doğrudan sarsaqlayıb, ağlını tamam itirib. Ordan-burdan çılız düşüncəli adamların fikirlərin eşidirik. Guya Azərbaycanın Rusiya ilə yaxınlığı qoca qitənin başını itirmiş başbilənlərinin xətrinə dəyir. Yox atam, Rusiya ilə eyni gömrük ittifaqında, eyni hərbi blokda olan elə Ermənistandı, Azərbaycan yox! Üstəlik, bütün Avropanı darmadağın edən, milyonlarla avropalının qanını axıdan faşizmi təbliğ edən, ən qaniçən faşistə İrəvanın mərkəzində abidə qoyan da Ermənistandı, Azərbaycan yox. Avropaya, ümumən dünyaya heç bir xeyir verməyən, dünyanın damarından yapışıb zəli kimi qanını soran erməni toplumunu yerli-yersiz müdafiə edən Avropanın, bu yerlərə, ümumən bəşəriyyətin inkişafına tarix boyu olduğu kimi bu gün də həm iqtisadi, həm mədəni, həm də siyasi yardım edən Azərbaycana və Azərbaycan türklərinə indiki münasibətin arxasında nəsə daha fundamental bir niyyətin olduğu, artıq danılmazdır. Hüquqşünas olmadığıma görə bəlkə yanılıram, bilmirəm. Amma mənə elə gəlir ki, bu qoca qitəni sərsəm kağız parçasına görə elə özünün yaratdığı məhkəməyə vermək gərək. Qoy, araşdırsınlar, görsünlər, dağılan kimindir, dağıdan kimdir! Yox əgər məhkəməsi də onlar kimi yanaşacaqsa, onda bu qitə ilə bütün siyasi və mədəni əlaqələrə son qoyub, sadəcə, alış-veriş etmək haqqında fikirləşməyə dəyər. Məncə, bu, ən doğrusu olardı!Sonda hələ də Avropanın göbəyinin qırışlarında özünə yer edən bəzi bizdən törəyən mikrobların da, nəhayət, qanını daşıdıqları bu millətə öyündükləri qitənin münasibətini dərk edib, hardansa bir papaq tapıb qoysunlar qabaqlarına və başlasınlar fikirləşməyə...

Təhmasib Novruzov

Digər xəbərlər