Köşə

  • 2 946

“Qarabağ” dastanının “Fərrux” boyu

image

2020-ci ilin payızının 44 günü xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldı. 30 il öncə dövlətimizin səriştəsiz rəhbərləri tərəfindən bir-birinin ardınca ermənilərə satılan Qarabağ torpaqları 44 gündə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz tərəfindən işğaldan azad edildi. Bu xalq 30 il ərzində nələr yaşadı, hansı çətinliklərlə üzləşdi, bunun özü bir dastandır. Ata-baba yurdundan zorla çıxarılan, min bir zəhmətlə ərsəyə gətirdikləri doğma ev-eşiklərini, barlı-bəhrəli həyət-bacalarını, qəbiristanlıqlarda uyuyan əzizlərini qoyub yurdundan uzaqlaşdırılan, ölkəmizin bölgələrində yerləşdirən, ozamankı Azərbaycanın sosial-iqtisadi çətinlikləri məngənəsində sıxılan insanların həyatına bizlər şahid olduğumuz üçün deyərdim ki, bəli, bu, həm də bir mücadilə idi. Soydaşlarımızın acı, keşməkeşli həyatla mücadiləsi idi.

44 günlük Vətən müharibəsinədək minlərlə qarabağlı torpaq təşnəsi ilə yanıb kül oldu, öz torpağında deyil, başqa yerlərdə dəfn olundu. Yurdunun ətri burnunda dünyasını dəyişdi. Xəyallarında, yuxularında hər gün evində, həyətində dolaşa-dolaşa bunun bir gün reallaşacağını arzu edərək gözlərini həyata yumdu. Minlərlə körpə doğuldu, yurdundan kənarda, böyüdü, 25-28 yaşına çatdı, Şuşalı, Ağdamlı, Laçınlı, Kəlbəcərli və Qarabağın digər yerlərindən idi, bu yurdları hələ də görə bilməmişdi. Onun ata yurdu haqqında təəssüratları yalnız ata-analarının anlatdıqları qədər idi...

44 günün dastanı

Sonrakı illərdə ölkəmizdə qaçqın-köçkünlərimiz üçün hərtərəfli şərait yadıldı. Onlar üçün mənzillər tikildi. Ölkəmizin Prezidentinin göstərişi ilə çadır şəhərcikləri ləğv edildi, qaçqınlar mənzillərlə təmin olundular. Sosial-rifah halları yaxşılaşdırıldı. Ölkədə bütün diqqət qaçqın-köçkünlərin problemsiz həyatına yönəldildi.

Torpaqlarımızın isə bir gün işğaldan azad edilməsi üçün lazımi işlər görülməyə başlandı. Dövlətimiz sülh yolu ilə torpaqları geri almağa çalışdı. 1990-cı illərdə Birinci Qarabağ müharibəsində olduğu kimi qan tökülməsini, ana-ataların şəhid qarşılamasını istəmədi. Haqq səsini bütün dünyaya çatdırdı. Beynəlxalq təşkilatlara üz tutdu, Qarabağa bir nəzər salmalarını, haqqın kimin tərəfində olduğunu araşdırmalarını istədi. Lakin heç bir nəticə əldə olunmadı. Bütün dünya bizim haqq səsimizə qarşı kar qaldı. Belə olanda isə müharibədən başqa heç bir yolumuz olmadı. Çünki ölkəmizin Prezidenti hər zaman çıxışlarında Qarabağın danışıqlar, sülh yolu ilə alınmayacağı təqdirdə müharibə yolu ilə alınacağını, işğal altında qalmayacağını vurğulayırdı.

2020-ci ilin sentyabrında yeni ərazilər işğal etmək niyyətində olan, bunun üçün sərhədlərimizdə münaqişələr törədən erməniləri artıq yerlərində oturtmağın vaxtı çatmışdı. Beləliklə İkinci Qarabağ müharibəsi başlandı. Üstünlüyün 90-cı illərdəki kimi öz tərəfində olacağını zənn edən ermənilər 44 günün hər anı böyük itkilərlə geri çəkildilər. Milli Ordumuz düşmənin başına od ələdi. Qarabağda dastan yazdı. Bir-birinin ardınca Suqovuşan, Füzuli, Xudafərinimiz, Zəngilan, Qubadlı, Şuşamız, Ağdam, Kəlbəcər, Laçınımız azad edildikcə bu dastanın boyları yazıldı. Hər boya da qəhrəmanlarımız şücaətlərini qanları ilə yazdılar.

Qarabağ dastan oldu. Yüzlərlə şəhid verdik, yüzlərlə qazilərimiz oldu. Lakin dövlət-xalq birliyi, həmrəyliyimiz bütün dünyaya nümunə oldu. Biz 30 il əsarətdə olan torpaqlarımıza qovuşduq. Düşməni qovduq yurdumuzdan. Qarabağ azad nəfəs almağa başladı. Axan şəhid qanı bu torpaqlara hopduqca 30 ilin həsrətli, hicranlı, ələmli-qəmli torpağı onu su kimi ciyərinə çəkib cana gəldi. Biz övlad itirdik, lakin torpağımızı-namusumuzu xilas etdik.

Fərrux qəhrəmanlıq dastanının növbəti boyudur

Nə vaxtsa kimlərinsə maraqları ucbatından yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi vahidi ilə bağlı statusu ölkəmizin Prezidenti elə müharibə zamanı ləğv etdi. Beləliklə Qarabağ bütövləşdi, ermənilərin qondarma xülyaları da bununla məhv edildi. Qarabağ qədimdən Azərbaycanın tərkibində necə idisə, eləcə də öz haqqına yenidən nail oldu. Ermənilər bizim torpaqlarda digər millətlər necə yaşayırlarsa, eləcə yaşaya bilərdilər. Lakin görünür düşmən üçün faydası yoxdur. O elə düşmənliyində də qalır. Həm də ki, düşmən sözü ilə erməni sözü arasında da fərq inanılmaz dərəcədədir. Düşmən hər kəs ola bilər, müxtəlif səbəblərdən. Lakin hər düşmən də erməni qədər xislətsiz ola bilməz axı. Bunlara yazıq gəlindikcə yeni vaxt əldə edib təxribat hazırlayırlar. Güzəşt edildikcə növbəti planlar hazırlayırlar. Xocalının Fərrux kəndində olduğu kimi. Burada yaşamaqlarına icazə verildiyi halda səngər qazmağa başladılar yeni planları üçün. Ta bilmədilər ki, Milli Ordumuzun ayıq-sayıq əsgərləri onların hər hərəkətini nəzarətdə saxlayır. Nə bu ordu 90-cı illərin zəif, silahsız ordusudu, nə də dövran həmin dövran deyil. Biz yenicə zəfər qazanmış xalqıq. Bu zəfəri də göz bəbəyimiz kimi qoruyub saxlayacağıq. Torpaqlarımızı qorumaq, ona xor baxan gözləri kor etmək isə ən başlıca vəzifəmizdir.

Beləliklə ermənilərin növbəti təxribatı yenə də öz başlarında çatladı, Fərruxda isə Azərbaycan bayrağı dalğalandı. Bu bayraq öz dalğalarında ərazi bütövlüyümüzün bərpasını, separatçı qüvvələrin ona əl uzada bilməyəcəyini diqtə edir. Onu da diqtə edir ki, Qarabağ Azərbaycandır, Fərrux Qarabağdır!

“Madagiz” yox, Suqovuşan, “Vardenis” yox, Basarkeçər, “Şuşi” yox, Şuşa... və ya “Furux” yox, Fərrux

Ulu öndər Heydər Əliyev tarixçi alimlərə üz tutaraq deyirdi: “Bu yer-yurd adlarını sizin nəsil yazmasa, itib-batacaq və gələcək nəslə çatmayacaqdır. Bu yer-yurdların azərbaycanlılara məxsus olduğunu yazıb beynəlxalq aləmə yaymaq lazımdır”.

Bəli, Qarabağda elə bir ərazi vahidi qalmayıb ki, ermənilər onun adını dəyişib özününküləşdirməsinlər. Lakin 44 günlük Vətən müharibəsi buna da son qoydu. Biz öz torpaqlarımızla-yurdlarımızla yanaşı, həm də onların adlarını işğaldan xilas etdik. Hər bir yurdumuzun qədim adı özünə qaytarıldı. Onlar öz adları ilə səsləndirilməyə başladı ki, bunun üçün də dövlətimizin başçısına minnətdarıq. Müharibə zamanı Prezidentimiz hər dəfə xalqa qələbə müjdəli müraciətlərində, digər çıxışlarında işğaldan azad edilən rayon, qəsəbə və kəndlərin adlarına da münasibət bildirir, onların qədim adlarının bərpa olunmasını tapşırırdı.

Ötən günlərdə Rusiya Federasiyası Müdafiə Nazirliyinin bəyanatında Fərrux kəndinin Furux kimi səsləndirilməsi də birmənalı qarşılanmadı. Çünki bu qurum böyük yanlışa yer verirdi. Kiçik bir bəyanatda həm Dağlıq Qarabağ Muxtar Vilayəti ifadəsi öz əksini tapırdı, həm də Azərbaycanın qədimdən qədim Fərrux kəndi Furux kimi ifadə olunurdu ki, bunlar bağışlanmaz hallardır. Azərbaycan dövlətinin hər iki məsələyə dərhal reaksiya verməklə Rusiya Federasiyası Müdafiə Nazirliyinə bəyanatında düzəliş etməsini anlatması təbiidir. Çünki bu və ya digər hərəkətlər həm 2020-ci ilin 10 noyabr Bəyannaməsinə, həm də 2022-ci ilin 22 fevralında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə zidd hərəkətlərdir.

Qaldı ki, sülhməramlı qüvvələrin Qarabağda fəaliyyətinə,düşünürəm ki, bu qüvvələrin fəaliyyəti nə qədər ki, düzgün qurulmayıb, erməni separatçıları yerlərində oturdulmur, hər an belə münaqişələr ortaya çıxa bilər və təbii ki, bütün bunların öhdəsindən Milli Ordumuz vaxtında və layiqincə gələcəkdir. Çünki müstəqil Azərbaycanın güclü ordusu minlərlə şəhidimizin yarımçıq ömürləri, yüzlərlə qazilərimizin sağlamlıqlarını itirmələri, bir qərinəyədək dövrdə qaçqın-köçkün həyatını yaşamağa məcbur olan yurd həsrətlilərinin duaları hesabına azad edilən yurd yerlərimizdə bir daha münaqişəyə, təxribata yol verilməsinə imkan verməyəcək.

“Qarabağ” dastanının “Fərrux” boyu qəhrəmanlıq tariximizin növbəti səhifəsidir. Gələcək nəsillər qarşısında üzümüzü ağ, başımızı uca edən səhifə. Fərrux qələbəmiz mübarək olsun!

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər