Köşə

  • 12 131

Kənddə qaldı uşaqlığım KÖŞƏ

image

Hər bəşər övladınınn şirinli-acılı xatirələrlə dolu ömrü olur. Olur ki, kimsə çoxlarının qibtə ilə baxdığı vəzifə və ya iş adamı mərtəbəsinə yüksələnə qədər, dəfələrlə büdrəyir, amma yıxılmayır, qamətini və qəddini düzəlməklə arzu etdiyi məqsədinə doğru irəliləyib. Elələri də olur ki, “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” məsəlinə uyğun olaraq kiminsə və nəyinsə hesabına vəzifə pilləsində oturur, ya da adlı-sanlı sahibkara çevrilir. O gün hazırca kökə əldə edənlərdən biri olmuş bir (indi həbsxana həyatı yaşıyır. İ.Ə.) zadın müsahibəsinə rast gəldim. Şəxs iddia edir ki, 26 yaşı olanda, artıq onun 100 milyon manat pulu vardı. Açığı, sətirləri oxuyarkən caşdım, ani düşündüm ki, yanlış oxudum, gözlərimi ovuşdurub bir daha cəhd etdim, bəli, səhv oxumamışdım - 100 milyon manat. Səmimi deyəcəm, mən o yaşda olanda cibimdə nəinki 100 manatım, heç 10 manatım olmayıb, bu zadın isə 26 yaşı olanda 100 milyon manatı olub. Nə isə… Bəli, həyatda elə insanlar da olur ki, ömrünü çətinliklərlə, faciələrlə keçirir. Maddi və mənəvi sarsıntı bir yana, müxtəlif xəstəliklər o insanı haldan salır, yaşamağı davam etdirmək arsuzuna suallar yaradır. Vay o günə ki, maddi və mənəvi çətinliklər fonunda, öyüd-nəsihət verən əzizlərindən də məhrum olasan. Bax, o zaman sənin üçün ağır və məşəqqətli anlardır. Düşünürəm ki, hətta bu halda belə həyatdan küsməyə, özünə və ümidsizliyə qapanmağa dəyməz. Həyatın enişli-yoxuşlu yollarında çətinliklərə dözüb, mübarizə aparmaq və şərəfli bir ömür yaşayıb qaliblərdən olmaq lazımdır. Bəli, çətindir, amma mümkündür...İstər varlı, istər kasıb, istərsə də vəzifə mənsubları olan orta və yaşlı insanla söhbət etsəniz, uşaqlığından danışacaq, vurub-yıxan, qocaq və dəcəl uşaq olmasından dəm vuracaq. Sonda da deyəcək ki, kaş atalı-analı o günlərə yenidən qayıda biləydim. Ancaq arzular sadəcə xəyaldı, keçən günə gün çatmaz, calasan günü-günə. Artıq zamanın təkəri fırlanıb və uşaqlıq gəncliyi, gənclik də yerini ömür xəzanına verib. Yaddaşlarda qalan isə uşaqlığın gözəl xatirələridir. Gəldiyim qənaət ondan ibarətdir ki, ən gözəl uşaqlıq elə kəndlərdə keçir. Bəlkə də səhv edirəm, uşaqlıq həyatı üçün şəhərlər daha rəngarəngdir. Lakin dahilərin və söz ustadlarının fikirlərinə əsalanaraq demək olar ki, uşaqlar kəndlərdə daha rahat, firavan, qayğısız, həm də kiçik ömür yolunu maraqlı keçirirlər. Birinci növbədə, kənd uşaqları şəhər uşaqlarına nisbətən daha dəcəl və dalaşqan olurlar. İkinci də, kənd uşaqları şəhər uşaqlarına nisbətən gəzməli, görməli yerlərdə daha çox vaxt keçirirlər. Yadıma gəlir, yaz-yay aylarında biz səhər açılar-açılmaz meşəyə üz tutar, meyvədən yığıb, çaya enirdik. Çayın qarşısını daşlarla kəsib, su hovuzu yaradıb, deyib gülə-gülə çimirdik. Heç zaman yemək-içmək haqqında düşünməzdik. Təbiətin gözəlliyi fonunda, Allahın verdiyi meyvələrdən qidalanıb, şən həyatımızı davam edirdik. Uşaq vaxtı müxtəlif oyunlar oynamaqda, kənd həyatının ən maraqlı anlarından sayılırdı. Oyunlar fərqli olurdu. Deyək ki, bir ay çilingağac, növbəti ay, şaşgı-şaşgı, başqa bir ay taxtadan düzəldilən qılınclarla qılınc-qılınc oyunları olurdu. Təpələrdə mövcud olan təbii səngərlərdən istifadə etməklə, dava-dava oyunları da uşaqlıq həyatının diqqətçəkən oyunlarından hesab olunurdu. Qış fəslində isə, qarın gəlişini səbirsizliklə gözləyirdik. İlk qarın yağması isə üzlərə təbəssüm, gözlərə sevinc gətirirdi. Sanki qar yağan zaman evdə oturmaq qəbahət sayılırdı. Həyətlərə çıxmaq, qonşu uşaqlarla birlikdə, kəndin ortasına gedib, qartopu oynamaq və ya Şaxtababa heykəli qurmaq adət halına çevrilmişdi. Başımız qartopu oynamağa elə qarşırdı ki, böyüklərin bizi evə səsləməsini eşitmirdik. Yalnız böyüklərin bizə yaxınlaşıb, qolumuzdan tutub, silkədikdən sonra, başımızı qaldırıb, evə getmək vaxtı olduğunu anlayırdıq. Təbii gölün donması zamanı da sürüşmək üçün əla fürsət yaradırdı. Ancaq bir problem vardı ki, əksər hallarda buz sınır, sinəmizə qədər suya düşürdük. Ancaq heç zaman qorxu-hürkü bilmirdik. Dəfələrlə buzun sınması səbəbindən suya düşməyimizə baxayarq, təkrar səhərisi gün gölə gəlib, buzda sürüşməyə davam edirdik. Yadıma bir xatirə düşdü. Deməli, göldə buzun üzərində sürüşdüyüm zaman, buz sındı və mən suya düşdüm. Elə bir vaxt gəldi ki, mühüm hadisə baş verdi, mənə isti ayaqqabı aldılar. Dönə-dönə tapşırdılar ki, gölə gedib buzda sürüşmə. Buz sınsa və suya düşsən, ayaqqabı zay olacaq. Yaxşı, oldu, - dedim. Uşaqlarla qartopu oyunundan sonra gölə gəldik, balaca dostlarım buzda sürüşüb rəqs edir, xokkey oynayırdılar, mən isə kənardan dayanıb, böyük iştah və həsrətlə bir sürüşən uşaqlara, bir də təzə ayaqqabıma baxırdım. Nəhayət, hərəkətə keçib, asta-asta buza yaxınlaşdım, az sonra artıq buzun ortasında müxtəlif oyunlar oynayırdım. Hər kəs kimi yorulub, gölü tərk edəndə, sevinirdim - mən suya düşməmişdim, ayaqqabım da elə təzə olaraq qalırdı. Beləcə, uşaqlığımızı keçirdik. İndi fikir verirəm, həm də maraqlanıram, müasir dövrün uşaqları bizm yaşadığımız uşaqlıq həyatından tamam fərqli ömür yaşayırlar. Sanki uşaqlar elə, birdən-birə böyüklərə çevrilirlər. Hərdən də fikirləşirəm ki, yəqin elə belə də davam edəcək. Gələcək uşaqlar da indikilər kimi çilingağac, şaşgı-şaşgı, qılınc-qılınc, gizlənpaç, aşıq-aşıq, çilədi və digər oyunları oynamayacaq. Belə olsa, vay uşaqların halına. Ancaq yazını yekunlaşdıran məqamda Qismət adlı iş yoldaşım, dedi ki, bazar günü İsmayılıdan gələndə Diyallı kəndində uşaqların çilingağac oynadıqlarını görüb. Sevindim, gözlərimə işıq gəldi, deməli, uşaqlar sosial şəbəkələrdən imtina edib, uşaqların oynadıqları oyunları oynamağa qayıdırlar. Axı deyirlər ki, uşaqlar ağıllı olurlar. Maksim Qorki demişkən, uşaqlar böyüklərdən əksər hallarda daha ağıllı və həmişə səmimi olurlar.

İ.ƏLİYEV

Digər xəbərlər