Bu gün Azərbaycanın qüdrətli sənətkarı, milli teatrımızın sütunlarından sayılan Xalq artisti, Dövlət Mükafatçısı Əlabbas Qədirovun doğum günüdür. Yaşasaydı, bu gün 78 yaşını qeyd edəcəkdi. Düz 18 il əvvəl onun 60 illiik yubileyi münasibətilə hazırlanan “Mesenat” tamaşasında sonuncu rolunda – Hacı Zeynalabdin Tağıyev obrazında səhnəyə çıxdı. Bu günkü kimi xatırlayram, onun Əməkdar artist Sənubər İsgəndərli ilə sonuncu dialoqunu:
-Necəsən, qoca?
-Hə, gəldin? Çox ləngisən də, tanıdım səni...
-Bu fani dünyanın ləzzətindən ayrılmaq çoxmu çətindir?
Yox, əsla yox, çətin deyil... Dediyin bu fani dünyada mən 100 ildən çox yaşadım. Özümü xoşbəxt, firavan, işli-güclü gördüm. Heç kəsə möhtac olmadım.Haqqa tapındım, əl açanları paysız qoymadım. Rəbbim mərhəmətini artırdıqca, ruhum təzələndi, cavanlaşdı, bədənimin əsarətindən çıxdı... Mənim ruhum nimdaş, köhnəlmiş cismimə vida edir... Cismimlə vidalaşır. Görürsən işığı? Necə çəkib aparır ruhumu...
Bu tamaşadan hec15 gün keçməmiş Əlabbas Qədirov məhz martın 8-də, Qadınlar bayramında dünyaya gözlərini əbədi yumdu. O zaman “Ekspress” qəzetində ustadımın vəfatı haqqında yazanda belə bir ifadə işlətmişdim ki, “Dünyalar qədər sevdiyi xanımına 8 Mart hədiyyəsi etdi...”.
Bəli, Əlabbas Qədirov mənim USTADIM olub. Bilmirəm taleyin xoşbəxtliyi, ya da ironiyası idi ki, bəxtimə onun tələbəsi olmaq şərəfi yazılmışdı. Biz 12 gənc Hikmət, Cəmilə, Vahid, Elnur, Elgün, Lamiyə, Vüqar, Emil, Sənubər,Ceyhunə, Pəri və mən bu nəhəng sənətkarın sonuncu tələbələri olmaq xoşbəxtliyini, bəlkə də bədbəxtliyini yaşadıq.
Öz aramızda biz ona “kişi” deyirdik. Hec vaxt adını çəkməzdik. Bizə elə gəlirdi ki, Mədəniyyət və İncəsənət Universitetində hamı bizə qibtə edir – “Kişinin tələbələriyik”. Akademik Milli Dram Teatrının qapıları sanki atamızın eviymiş kimi üzümüzə həmişə açıq idi – “Kişinin tələbələriyik”, yəni direktor bizim ustadımızdır.
Bizə heç vaxt acıqlanmazdı. Amma onun zəhmindən çəkinirdik.
Bir dəfə Akademik Milli Dram Teatrında Bəhram Osmanovun quruluş verdiyi “XurşudBanu Natəvan” tamaşası haqqında sərt bir məqalə yazmışdım. Səhər tələbə yoldaşlarım zəng edib dedilər ki, “Kişi səni axtarır. Özü də çox əsəbləşib, tutsa...” Qorxudan 2 həftə dərsə getmədim. Bununla belə, həmişəmənə deyirdi ki, həqiqəti yazmaqdan çəkinmə. Qoy buna görə, səni sevməsinlər, eybi yoxdur, amma hörmət edəcəklər...
Əlabbas Qədirov bizim cəmi 3 semestr kurs rəhbərimiz olub. Amma bu az müddətdə acılı-şirinli o qədər xatirələrimiz var ki.
Onu itirəndə böyük dəhşət yaşamışdıq. 60 yaş nədir ki?.. Qızlarımızın, xüsusən Cəmilənin ağlamağını hec vaxt unutmaram. Əlabbas müəllimi xatırlayanda dərhal Cəmilənin ağlamağı gəlir gözümün önünə. Qəribədir, mən o dəhşəti bir də atamı itirəndə yaşadım. Əlabbas müəllimin vəfatından 10 il sonra və atamın da onda 60 yaşı vardı...
Allah sənə rəhmət eləsin, böyük KİŞİ!
İltifat HACIXANOĞLU