PDF Oxu

İqtisadiyyat

  • 6 402

Zəngilan günündə Zəngilan turizminə baxış

image

Zəngilan rayonu Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan, iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malik rayondur. Rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı fürsətlərdir.

Xarici ölkələrin diqqəti Zəngilandadır

Zəngilan rayonu qərbdə və şimal-qərbdə Ermənistanla, cənubda və cənub-şərqdə İranla həmsərhəddir. Bu da onun xarici ticarət üçün unikal imkanlara sahib olması deməkdir. Bu rayonun tranzit nöqteyi-nəzərdən xüsusi özəlliyi var ki, İran ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər.

Eyni zamanda, Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən “Vecnəli” yatağı, ehtiyatları 6 milyon 618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 milyon ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 1 milyon 102 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17 milyon 367 min kubmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları da bu rayonun ərazisindədir.

Zəngilan rayonu iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edir. Bu rayon müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun və sink, molibden, üzlük və mişar daşı, sement xammalı, müxtəlif növ tikinti və sənaye mallarına görə zəngin resurslara malikdir. Bütün bunlar rayonun iqtisadi əhəmiyyətini artırır və xarici investorların marağına səbəb olmaqdadır. Artıq xarici şirkətlər burada layihələrə başlamaqdadır. Türkiyə, Cənubi Koreya, İtaliya, İsrail, Çin, Rusiya və sigər ölkələrin kifayət qədər böyük layihələr icra edəcək ki, bu da Zəngilanın iqtisadiyyatımıza inteqrasiyasını gücləndirəcək, xarici ölkələr çıxışını təmin edəcək və burada yeni iş yerlərinin yaradılmasına böyük töhfə verəcək.

Zəngilan aeroportunun turizmə qazandırdığı imkanlar

Zəngilan hava limanı vasitəsilə Zəngilan sənaye, tranzit daşınmalarının mərkəzi olacaq, böyük logistika mərkəzinə çevriləcək. Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişin olan hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək potensialdadır. Zəngilan Beynəlxalq Hava Limanının platforması eyni vaxtda 8 təyyarəyə xidmət göstərmək üçün nəzərdə tutulub. Hava limanındakı avtomatik sistemlər və idarəetmə qülləsi beynəlxalq mülki aviasiya və nəqliyyat standartlarına cavab verir. Hava limanının tikintisində Türkiyə şirkətləri də iştirak edib.

Qeyd edək ki, Azərbaycana ildə 2 milyondan çox turist gəlir, onların Qarabağa, xüsusilə də Zəngəzur bölgəsinə axını gözlənilir. Lazımi infrastrukturlar və normal həyat şəraiti turistlər üçün əsas amillərdən biridir. Xarici turistlərin Zəngilan hava limanı vasitəsilə gəlişi bu rahatlığı təmin edəcək.

Heç şübhəsiz ki, Zəngilanın işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını sürətləndirəcək. İqtisadiyyatda tikinti sektorunun əhəmiyyətli paya malik olduğunu nəzərə alsaq, daxili tələbin qarşılanmasında Zəngilan rayon təbii sərvətləri əhəmiyyətli rol oynacaq. Bundan əlavə, son illər mineral resurslarımızın ixracı qeyri-neft sektorunda liderlik edir. Daha dəqiq desək, Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaq.

İşğalda ikən Zəngilan rayonu ərazisində sübut olunmuş sənaye ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis olan Vedjneli qızıl yatağı da işğalçıların əlində qalıb. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində sənədləşdirilmiş təsdiq olunmuş sənaye ehtiyatları ilə zəngin 3 qızıl yatağı var idi ki bunlar da Zəngilan rayonundakı Vedjneli, Ağdərə rayonunda Qızılbulaq və Kəlbəcər rayonundaki Zod yataqlarıdır.

Dağlıq Qarabağın işğal olunmuş ərazilərində təbii sərvətlərin talan edilməsi məqsədilə 30-dan çox şirkət yaradılmışdı. Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşfiyyat və istismar məqsədi ilə ərazidə da inşa edilmişdi.

Daşı-torpağı qızıl Zəngilan

Zəngilan qızıl və mis kimi dəyərli metallarla və sənaye əhəmiyyətli ehtiyatlarla zəngindir. İllərdir işğalçı Ermənistan Zəngilan rayonu ərazisində “ekoloji terror” həyata keçirib, yataqlar vəhşicəsinə istismar edilib. Zəngilan meşələrindən kəsilən nadir ağaclar ermənilər tərəfindən bəzi Avropa şirkətləri vasitəsilə qonşu ölkələrə daşınırdı. Xüsusilə, Bəsitçay Milli Parkındakı çinar ağacları erməni işğalçıları tərəfindən kəsilərək inşaat materialları istehsal edən xarici şirkətlərə satılırdı.

Zəngilan turizm potensialı yüksək olan rayondur. Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlığı, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıd meşəsi, 12.864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət Yesentuki-4 suyuna tərkibcə uyğun gələn mineral bulaqlar, Turşsu mineral bulaqları mövcuddur.

Zəngilan rayonu termal sularla zəngin olduğu üçün burada müalicəvi sanatoriya tipli turizm obyektləri inşa edilə bilər. Həmçinin müxtəlif tarixi abidələrin, xristianlığa və islama aid müxtəlif ziyarətgahların yerləşdiyi ərazilər turizm üçün yararlıdır. Hətta maraq çoxdur. Rayonun əsrarəngiz dağlıq əraziləri var ki, orada dağ-idman turizmi təşkil oluna bilər.

1974-cü ildə yaradılan 107 hektar ərazisi olan Beşitçay Milli Parkında dəyərli ağaclar mövcuddur ki, bəzilərinin yaşı 1200-1500 ili keçir. Doğrudur, işğalda olduğu müddətdə ağacların çoxu kəsilərək xammal kimi istifadə edilib, misilsiz təbii qoruq talan edilib, lakin unikal təmiz havasına, füsunkar təbiətinə görə də Zəngilan rayonu bölgənin turizm potensialının əhəmiyyətli bir hissəsi olacaq.

Lalə Mehralı

Digər xəbərlər