PDF Oxu

İqtisadiyyat

  • 550

Sahibkarlığın inkişafına dövlət dəstəyi

image

Ölkəmizdə sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaradıb. Sahibkarlara ayrılan diqqətin nəticəsidir ki, onlara güzəştli kreditlər verilir, fermerlərə subsidiyalar ayrılır ki, bu da ölkədə sahibkarlığın inkişafına münbit şəraitin olduğunu əks etdirən amillərdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı ölkədə sahibkarlığın inkişafında yeni mərhələ oldu və sahibkarlığın inkişafı üçün geniş imkanlar açmış oldu. Həyata keçirilən tədbirlərin, reallaşan dövlət proqramlarının davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" məlum Sərəncamı ölkəmizdə əhalinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlər sırasında əhəmiyyətli Sənəddir. Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, eləcə də kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaratmış oldu. Azərbaycanda məhz dövlət səviyyəsində və bütün ölkəni əhatə edə biləcək şəkildə, geniş formada özünüməşğulluq proqramı icra olunur. Bu sahədə görülən tədbirlər ölkədə ailə biznesinin genişlənməsində, nəticə etibarilə sosial-iqtisadi inkişaf proseslərində vətəndaşların fəal iştirakının təmin olunmasında, kiçik və orta sahibkarlığın inkişafında növbəti irəliləyişlərə əsas yaradır.

Qeyd edək ki, Azərbaycan Prezident Cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması bu sahədə mühüm addımların atılmasında əhəmiyyətli rol oynadı. Sosialyönümlü layihələr həyata keçirən "ABAD" (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılması yolu ilə əhalinin məşğulluq səviyyəsinin artırılmasına yönəlib. "ABAD" publik hüquqi şəxsin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir. Layihələrə cəlb olunan insanlar müəyyən müddətdən sonra heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq, tərəvəzçilik (istixana), pərakəndə satış kimi istiqamətlər üzrə uğurlu şəkildə özünməşğulluq fəaliyyəti qurublar.

Əhalinin məşğulluq imkanlarının artırılması, bölgələrdə sosial infrastrukturun yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali təbəqələrinə dövlət qayğısının artırılması yönündə həyata keçirilən tədbirlər insanlarda məmnunluq yaradır. Ailə biznesini qurulması və inkişafı da sosialyönümlü layihələr sırasında uğurlu hesab olunur. Təbii ki, bunun böyük nəticələri var.

"Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamının yüksək səviyyədə icrası və özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində ardıcıl işlər görülüb. Bu gün ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi sağlam biznes mühitini yaradıb. Təbii ki, bu da fərdi təsərrüfata sahib olan iştirakçılar onların özünüməşğulluğunun təmin olunması, ailə gəlirlərinin artırılması, ümumən biznes imkanlarına malik olmaları üçün yaradılan şərait onlarda məmnunluq hissini yaradır.

QADINLAR VƏ GƏNCLƏR ARASINDA İŞSİZLİK MİNİMUM SƏVİYYƏYƏ ENDİRİLƏCƏK

Məlumdur ki, Azərbaycan Respublikasında mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" təsdiq edilib. Sözügedən Strategiyaya əsasən, iqtisadiyyatda rəsmiişləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq nəzərdə tutulub. 2030-cu ilədək işsizliyin səviyyəsinin 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirilməsi nəzərdə tutulub. Yüksək əlavə dəyər yaradan və çox əmək sərf olunan sahələrə diqqət yetirməklə, iqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə qalxmasına nail olmaq və 2030-cu ilədək əmək məhsuldarlığını 2 dəfəyə qədər artırmaq nəzərdə tutulub. 2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartlarını hazırlamaq, onların müntəzəm yenilənməsi mexanizmini yaratmağa nail olunacaq.

Məşğulluğun, qeyri-neft ixracının artırılması və digər strateji məsələlərdə özəl sektor həlledici rola malikdir. Azərbaycanda azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ötən dövr ərzində ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur. Özəl bölmənin ÜDM-də payı 83,5%, məşğulluqda payı isə 78%-ə yaxındır.

DÖVLƏTİN GÜZƏŞTLİ KREDİTLƏRİ

Statistik məlumatlara əsasən, 2003-2022-ci illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin 42.703 investisiya layihəsinin maliyyələşdirilməsinə 2,83 milyard manat güzəştli kredit verilib.

Maliyyələşdirilmiş layihələr hesabına 178 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb.

Bakı və Abşeron iqtisadi rayonu istisna olmaqla, ayrılmış güzəştli kreditlərin 62,2%-i (1,76 milyard manat) regionların payına düşür. Kreditlərin 50,7%-i kənd təsərrüfatı məhsullarının istehsalına, 49,3%-i isə müxtəlif növ sənaye məhsullarının istehsalı, emalı, o cümlədən aqrar məhsulların emalı və digər sahələrin inkişafına yönləndirilib.

Sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə əlçatanlığını asanlaşdırmaq üçün tələb olunan sənədlərin sayı minimuma endirilib, sənədlərin notarial təsdiq olunması şərti ləğv edilib və 200 min manatadək kreditlər üzrə biznes plan tələbi aradan qaldırılıb. 2018-ci ildə isə güzəştli kreditlərin illik faiz dərəcəsi 5%-ə endirilib. Onu da vurğulayaq ki, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması məqsədilə, bir sıra hallar istisna olmaqla, yoxlamalar 2015-ci ildən 1 yanvar 2024-cü il tarixinədək dayandırılmışdı.

Pandemiya dövründə sahibkarlara göstərilən dəstək dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir. Bu tədbirlər sahibkarların iqtisadi fəallığının bərpası və artmasına, iqtisadi inkişafın sürətlənməsinə imkan verib. Bu, regionda ÜDM-ə nisbətdə ən böyük dəstək paketi idi. Pandemiya dövründə maliyyə dəstəyi almış sahibkarların sayı 132 mindən çox, ümumi ödənilmiş maliyyə vəsaitinin həcmi isə 364 mln. manata yaxın olub. Sahibkarlara həcmi 115 milyon manatdan çox olan vergi güzəşti paketi təqdim edilib. Bununla yanaşı, pandemiyanın təsirlərindən zərər çəkən sahibkarlar üçün dəyəri 1,5 milyard manat olan kredit-zəmanət və mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmlərini xüsusilə qeyd etmək lazımdır. Sahibkarların işinin sadələşdirilməsi, onlara dəstək mexanizminin artırılması dövlət əmlakının icarəyə verilməsi sahəsində də həyata keçirilib. Göründüyü kimi ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımlar uğurlu nəticə verir.

Görülən tədbirlər deməyə əsas verir ki, Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılıb.

İlham ƏLİYEV

Digər xəbərlər