PDF Oxu

İqtisadiyyat

  • 1 230

"Büdcə gəlirləri və xərcləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb" - Vüqar Gülməmmədov

image

Hesablama Palatası 2024-cü ildə həyata keçirdiyi audit tədbirləri zamanı dövlət büdcəsinin gəlir və xərcləri, dövlət borcu və təminatları, eləcə də dövlət fondlarının idarə olunması sahələrində ciddi uyğunsuzluqlar aşkar edib. SİA-nın xəbərinə görə, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib."Dövlət büdcəsinin gəlirləri üzrə aparılmış təhlillər zamanı müxtəlif növ pozuntular qeydə alınıb. Buraya düzgün hesablanmayan vergilər, malların dəyərinin yanlış göstərilməsi, büdcədənkənar gəlirlərin azaldılması və dövlət əmlakından əldə edilən vəsaitlərin büdcəyə köçürülməməsi kimi hallar daxildir. Büdcə xərcləri üzrə isə 38 istiqamətdə araşdırma aparılıb. Xərclərin proqnozlaşdırılması, icrası və səmərəliliyi qiymətləndirilib, nəticələr uyğun meyarlar üzrə qruplaşdırılıb. Hesabatda 39 halda büdcə qanunvericiliyinin, 24 halda dövlət satınalmaları, 16 halda isə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulub”, - deyə o qeyd edib.Sədrin sözlərinə görə, əsas pozuntular sırasına artıq əməkhaqqı və mükafat ödənişləri, dövlət sifarişlərinin qeyri-dəqiq müəyyənləşdirilməsi, büdcə vəsaitlərinin müxtəlif yollarla banklara yerləşdirilməsi və vəsaitlərin təkrar sənədlərlə əsaslandırılması daxildir.“Dövlət satınalmaları sahəsində də ciddi problemlər müşahidə olunub. Bir mənbədən satınalma metodunun sui-istifadəsi, ehtimal qiymətin düzgün hesablanmaması, satınalma prosedurlarında şəffaflığın pozulması və müqavilə icrasında gecikmələr baş verib”, - deyə o vurğulayıb.V.Gülməmmədov əlavə edib ki, satınalma proseslərinin əhatə dairəsi əvvəlki illərlə müqayisədə artsa da, bir mənbədən satınalma hallarının artması bu sahədə problemlərin hələ də aktual olduğunu göstərir.“Əsaslı xərclər üzrə araşdırmalar zamanı isə layihə sənədlərinə artıq iş həcminin daxil edilməsi, icra olunmamış işlərə görə ödənişlərin aparılması və nəticədə xərclərin şişirdilməsi halları müəyyən olunub. Auditlər göstərdi ki, bəzi sahələrdə normativ aktların olmaması və ya köhnəlməsi, ödəniş sistemlərində qeyri-bərabərlik və daxili nəzarət mexanizmlərinin yetərsizliyi maliyyə pozuntularına yol açır”, – deyə sədr əlavə edib.

Digər xəbərlər