Dünən rekord həddə çatan qızıl və gümüş qiymətləri, mənfəət götürmə məqsədilə satışların artması səbəbindən düşməyə başlayıb. Ekspertlər 2026-cı ildə qiymətlərin kəskin düşməsini gözləmədiklərini bildirir.
ABŞ Ədliyyə Nazirliyinin FED rəhbəri Jerome Powell-ə qarşı açdığı istintaq və İrandakı gərginliyin artmasından sonra dünən qiyməti rekord həddə- 4630 dollara çatan qızıl, bu səhərdən etibarən ucuzlaşmağa başlayıb.
Qızılın unsiyasının qiyməti bu səhər 4579 dollara düşüb. Dünən qiyməti rekord həddə- 86.30 dollara çatan gümüş hazırda 85.48 dollardan satılır.
Ekspertlər geosiyasi qeyri-sabitliyin, siyasi qarışıqlığın və institusional qeyri-müəyyənliklərin qiymətli metalları yeni yüksəkliklərə doğru apardığını bildirir. Buna dolların dəyər itirəcəyi ilə bağlı proqnozlar da təsir göstərir.
FED-ə qarşı aparılan istintaqın dəqiqliyindən asılı olmayaraq, Trampın bu addımı ABŞ pul siyasəti qurumlarının müstəqilliyinə inamı sarsıdır. Bu xəbərdən sonra ABŞ dolları indeksi 25 baza bəndi aşağı düşüb. Bu, son 3 həftədə indeksə ən kəskin təzyiqdir. FED-in siyasi müdaxiləyə məruz qala biləcəyi fikri dollardan qaçışı sürətləndirəcək.
Dolların hər bir enişi qızıl və gümüş üçün ideal mühit yaradır. Son dövlərlərdə bir çox ölkələrin rezervlərini dollardan qızıla çevirməsi də dolların qlobal reytinqini kəskin aşağı salır və qızıl, gümüş kimi qiymətli metalların qiymətini bahalaşdırır. Rusiya, Çin, Hindistan, İran, Braziliya, CAR və s. ölkələrin qarşılıqlı əməliyyatlarda dollardan imtina edərək öz valyutalarına keçməsi dolların qlobal hegemonluğuna son qoymaq üzrədir.
Son illərdə bu prosesə qoşulan ölkələr böyük həcmdə qızıl alışı həyata keçirib və qızılın qiymətinin fasiləsiz bahalaşması fonunda öz aktivlərinin dəyərini xeyli artırıb. Getdikcə daha çox ölkə rezervlərini qızıla çevirir və bu da arxasında heç nə dayanmayan, boş kağız kütləsinə çevrilmiş olan dolların qlobal valyuta statusunu məhv edir.

Bu tendensiyanın davamlılığı səbəbindən ekspertlər hesab edirlər ki, bu il dolların ucuzlaşması və qızılın bahalaşması davam edəcək. Böyük investorların da qızıla marağının kəskin artması da bu səbəbdəndir.
Son illərdə qızıl alışında liderlər sırasında Rusiya, Çin, Hindistan, ABŞ, Qazaxıstan yer alır. Dünya Qızıl Şurasının (WGC) hesabatında deyilir ki, qızıl alışına görə Azərbaycan dünyanın ilk 10 ölkəsi sırasındadır. Son 1 ildə ölkəmizin qızıl ehtiyatı təxminən 25 faiz artıb və hazırda 180 ton civarındadır. 2025-ci ilin ilk yarımilində Azərbaycan 3 milyard dollar dəyərində 35 ton qızıl idxal edib. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən dəyərdə 5 dəfə, həcmdə 4 dəfə yüksəkdir! Bir neçə il əvvələdək Fondun rezerv portfelində qızılın payı 1 faizə çatmırdı. Hazırda bu portfeldə qızılın payı 30 faizə yaxındır.
Azərbaycan hökumətinin son dövrlərdə qızıl alışını davamlı artırması və strateji rezervlərində qızılın payını kəskin çoxaltması bu addımın nə qədər düşünülmüş və uzaqgörənliklə həyata keçirilmiş olduğunu göstərir.
Ümumiyyətlə, ölkənin qızıl ehtiyatının çox olması onun iqtisadi və maliyyə dayanıqlılığını göstərir və bu da investorları da cəlb edir. Nəticədə iqtisadi aktivlik artır, ÜDM-in artımı baş verir.
Qızıla investisiya edən ölkələrin böyük gəlirlər əldə edəcəyi şübhəsizdir. Qızıl sürətlə bahalaşır və uzağı gələn unsiya üçün 5 min dolları keçəcəyinə analitiklər şübhə etmir.
Elçin Bayramlı