"Azərbaycanda sosial xərclərin və dövlət investisiyalarının artması makroiqtisadi sabitliyin qorunması, əhalinin sosial rifahının yüksəldilməsi və regionların inkişafı baxımından mühüm rol oynayıb. Xüsusilə infrastruktur, sosial təminat, məşğulluq və regionların tarazlı inkişafına yönələn dövlət xərcləri qısamüddətli dövrdə iqtisadi aktivliyi stimullaşdırıb və qeyri-neft sektorunda artım tempini sürətləndirib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.Onun sözlərinə görə, bu artımın real dayanıqlığının necə ölçülməsi və uzunmüddətli perspektivdə iqtisadi inkişafı nə dərəcədə təmin etməsi əsas müzakirə mövzularındandır: "Qeyri-neft sektorunun real dayanıqlığı ilk növbədə onun dövlət büdcəsi və dövlət investisiyalarından asılılıq səviyyəsi ilə ölçülməlidir. Əgər artım əsasən dövlət sifarişləri, subsidiya və ya büdcə hesabına maliyyələşən layihələr üzərində formalaşırsa, bu zaman statistik artım olsa belə, struktur baxımından zəiflik qalır. Dayanıqlı qeyri-neft sektoru isə özəl təşəbbüslərin payının artması, ixracyönümlü istehsalın genişlənməsi, məhsuldarlığın yüksəlməsi və bazar mexanizmləri hesabına formalaşan gəlirlərlə xarakterizə olunmalıdır. Bu baxımdan əsas ölçü meyarları kimi qeyri-neft sektorunda özəl investisiyaların həcmi, yeni yaradılan iş yerlərinin keyfiyyəti, məhsul və xidmətlərin rəqabət qabiliyyəti, həmçinin qeyri-neft ixracının coğrafiyası və dəyər zəncirində tutduğu yer çıxış etməlidir. Əgər qeyri-neft sektorunda artım daxili tələblə yanaşı, xarici bazarlara çıxışla möhkəmlənirsə, bu, uzunmüddətli dayanıqlığın əsas göstəricisi sayıla bilər. Sosial xərclərin artımı isə bir tərəfdən əhalinin alıcılıq qabiliyyətini artıraraq daxili bazarı genişləndirir və qeyri-neft sektoruna əlavə stimul yaradır. Digər tərəfdən, bu xərclər iqtisadiyyatın istehsal potensialı ilə uzlaşdırılmadıqda fiskal yükü artırır və büdcə gəlirlərindən asılılığı dərinləşdirə bilər. Xüsusilə neft gəlirlərinin volatilliyi fonunda sosial xərclərin davamlı maliyyələşdirilməsi fiskal riskləri ön plana çıxarır.Dövlət investisiyaları baxımından əsas risk ondan ibarətdir ki, bu investisiyalar özəl kapitalı əvəzləyən deyil, onu cəlb edən və tamamlayan xarakter daşımalıdır. Əks halda, iqtisadiyyat “dövlət mərkəzli artım” modelində ilişib qala, özəl sektorun təşəbbüskarlığı və risk alma motivasiyası zəifləyə bilər. Uzunmüddətli iqtisadi inkişaf üçün dövlət investisiyaları institusional islahatlar, biznes mühitinin yaxşılaşdırılması, maliyyə resurslarına çıxışın asanlaşdırılması və insan kapitalına yatırımlarla müşayiət olunmalıdır. Qeyri-neft sektorunda müşahidə olunan artımın uzunmüddətli iqtisadi inkişafı təmin edib-etmədiyi onun keyfiyyətindən asılıdır. Əgər bu artım dövlət xərcləri hesabına süni şəkildə dəstəklənirsə, büdcədən asılılıq riski qaçılmazdır. Əgər artım özəl sektorun genişlənməsi, rəqabət qabiliyyətinin yüksəlməsi və ixracyönümlü istehsalın güclənməsi ilə müşayiət olunursa, bu zaman qeyri-neft sektoru iqtisadiyyatın dayanıqlı lokomotivinə çevrilə bilər. Bu səbəbdən əsas hədəf təkcə artım tempini deyil, həmin artımın struktur keyfiyyətini və uzunmüddətli dayanıqlığını təmin etmək olmalıdır".
Müəllif: Ziya Hikmətoğlu