PDF Oxu

İqtisadiyyat

  • 2 051

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin orta xətti- Xəzər marşrutu - TƏHLİL

image

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb (Rusiya-Azərbaycan-İran) və Şərq (Rusiya-Qazaxstan-Türkmənistan-İran) qolları ilə yanaşı, orta xətti də var ki, bu Xəzər dənizi üzərindən keçir. Bu su yolu marşrutudur və Volqa çayı-Xəzər dənizi-Fars körfəzi vasitəsilə Hind okeanına çıxış xəttidir. Bu istiqamətdə son illərdə müəyyən layihələr hazırlanır və müzakirə edilir.

Rusiya və İran bu il Ulyanovsk və daha geniş Orta Volqa bölgəsini Azərbaycanla həmsərhəd olan İranın Astara limanı ilə birləşdirən yeni bir gəmiçilik marşrutu açmağa hazırlaşırlar. Bu, ikitərəfli ticarətin genişləndirilməsinə və ölkələr arasında logistika əlaqələrinin gücləndirilməsinə yönəlib. Hər iki tərəfin ekspert qiymətləndirmələrinə görə, marşrut kənd təsərrüfatı və sənaye malları üçün yeni nəqliyyat dəhlizi yaradacaq. Hər iki tərəfin nümayəndələri layihənin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin marşrutlarını şaxələndirmək və ənənəvi quru nəqliyyatından asılılığı azaltmaq üçün daha geniş səylərin bir hissəsi olduğunu bildirirlər.

Bu su yolunun davamlılığında əsas məsələ Orta/Aşağı Volqa-Şimali Xəzər bölgəsində çay-dəniz yük gəmiləri üçün kifayət qədər su dərinliyidir. Son illərdə bu göstərici tez-tez tələb olunan səviyyədən aşağıda qalıb.

/Volqa-Xəzər Marşrutu/

Layihəyə əsasən, ilk daşınmanın 2026-cı il naviqasiya mövsümündə baş tutacağı gözlənilir və əsas diqqət Rusiyadan taxıl və bitki yağlarına, İranın sənaye və kənd təsərrüfatı məhsullarına (əsasən neft-kimya məhsulları, plastiklər, çay, sitrus meyvələri və quru meyvələr daxil olmaqla) yönəldiləcək. Rusiyadan kimyəvi gübrələrin ixracında da artım planlaşdırılır.

Yeni gəmiçilik xətti həmçinin regional inteqrasiyanın gücləndirilməsi və Xəzər hövzəsi ticarət şəbəkələrinə çıxışın yaxşılaşdırılması istiqamətində atılan addım kimi qəbul edilir. O, həmçinin Şimal-Cənub dəhlizinin qərb (Rusiya-Azərbaycan-İran) və şərq (Rusiya-Qazaxıstan-Türkmənistan-İran) quru yollarına "müşayiətçi" bir tamamlayıcı mərkəzi xətti- su yolu rolunu oynayır.

2025-ci ildə Ulyanovsk vilayətinin limanlarından İrana 14 yük gəmisi göndərilib. Yem taxılının daşınması rekord həddə- 56.800 tona çatıb. Həmçinin, bölgədən dəmir yolu ilə Azərbaycan, Ermənistan, Qazaxıstan, Belarus və Latviyaya ümumilikdə 21.500 ton məhsul (268 vaqon) göndərilib. Bölgədən avtomobil yolu ilə daşınmaların ümumi həcmi Türkiyə, Qazaxıstan və Belarusa 814 ton taxıl təşkil edib. Əsas məqsəd "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Orta Volqa - Xəzər dənizi - Fars körfəzi beynəlxalq marşrutunun inkişafıdır.

İranın Astara limanının xarici ticarət potensialına gəldikdə, onun 2020-ci illərin sonuna qədər güzəştli gömrük rejiminə malik xüsusi iqtisadi zonaya daxil edilməsi gözlənilir ki, bu da Volqa-Xəzər və xüsusilə də transxəzər yük daşımalarında rəqabət qabiliyyətini artıracaq. Astaranın həmçinin təxminən 240/255 km məsafədə olan İranın şərqindəki Bəndər Əmirabad və ya Bəndər Torkaman limanlarına bərə marşrutu ilə birləşdirilməsi planlaşdırılır ki, bu limanların İranın Bəndər Abbas (Fars körfəzində) və Çabahar (Hind okeanı sahilində) limanlarına dəmir yolu əlaqələri var.

Şimal-Cənub marşrutunun qərb qolunda yeganə məyusedici məqam İranın şimal-qərbində (təxminən 150 km) Rəşt-Astara birləşdirici dəmir yolu xəttinin tikintisində davam edən gecikmələrdir.

/Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin Cənubi Xəzər-Şimali İran sektorları, Azərbaycan və Türkmənistanın bitişik dəmir yolları ilə/

Başqa bir amil də var ki, Astara limanının perspektivlərini çətinləşdirir. Demək olar ki, bütün İran ərazisində quraqlığın güclənməsi və daha uzun quraqlıq dövrləri səbəbindən 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərində Xəzər dənizindən 220 km məsafədə güclü su təchizatı kanalının tikintisi layihəsinə başlanıldı. Digər oxşar layihələr də planlaşdırılır.

Bir sıra İran ekoloqları və iqtisadçıları bu cür layihələrə qarşı çıxırlar, çünki onların həyata keçirilməsi transxəzər gəmiçiliyinə və bərə marşrutlarına problem yarada bilər. Yeri gəlmişkən, təbii səbəblərə görə bu tendensiya 2010-cu illərin ikinci yarısında Astara yaxınlığında baş verdi və 2020-ci illərin əvvəllərində orada dibi dərinləşdirilən liman kanalının tikintisinə səbəb oldu.

İstənilən halda Şimal-Cənub dəhlizinin işləməsi Azərbaycanı da transiz ölkəyə çevirir. Ölkəmiz həm bu kanallarla şimal və cənub ölkələrinə daha rahat çıxa biləcək, həm həmin ölkələrdən bir-birinə göndərilən yüklər üçün transiz məntəqə rolu oynayacaq. Bu isə ticarətin güclənməsi və iqtisadi gəlirlər deməkdir.

Elçin Bayramlı

Digər xəbərlər