"İqtisadi artımın statistik göstəricilərdə əks olunması hələ onun cəmiyyətin bütün təbəqələri tərəfindən hiss edilməsi demək deyil. Bir çox ölkələrin təcrübəsi göstərir ki, makroiqtisadi sabitlik və ÜDM-in artımı sosial rifahın yüksəlməsi ilə paralel getmədikdə, bu, həm sosial narazılıq yarada, həm də iqtisadi inkişafın dayanıqlılığına mənfi təsir göstərə bilər".Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.Onun sözlərinə görə, buna görə də əsas məsələ iqtisadi artımın inklüziv xarakter alması, yəni onun real gəlirlərə, məşğulluğa və həyat keyfiyyətinə çevrilməsidir: "Real gəlirlərin və alıcılıq qabiliyyətinin artması üçün ilk növbədə iqtisadiyyatın strukturunun şaxələndirilməsi vacibdir. Tək bir sektordan asılılıq uzunmüddətli perspektivdə həm riskləri artırır, həm də əmək bazarında keyfiyyətli iş yerlərinin sayını məhdudlaşdırır. Qeyri-neft sektorunun, xüsusilə sənaye, kənd təsərrüfatı, xidmətlər və yüksək texnologiyalar sahələrinin inkişafı daha geniş məşğulluq imkanları yarada və orta sinfin güclənməsinə şərait formalaşdıra bilər. Digər mühüm istiqamət əmək bazarında məhsuldarlığın artırılmasıdır. Təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması, peşə hazırlığının gücləndirilməsi və innovasiyaların təşviqi həm əməkhaqlarının artmasına, həm də iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edir. Paralel olaraq, kiçik və orta biznesin inkişafı üçün əlverişli biznes mühitinin yaradılması, kredit resurslarına çıxışın genişləndirilməsi və inzibati maneələrin azaldılması gəlirlərin daha geniş əhali qrupları arasında bölüşdürülməsinə imkan verir.Sosial siyasət də bu prosesin ayrılmaz hissəsidir. Ünvanlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi, regionlararası inkişaf fərqlərinin azaldılması və infrastruktur layihələrinin genişləndirilməsi iqtisadi artımın sosial təsirini gücləndirir. Xüsusilə regionlarda iqtisadi fəallığın artırılması insanların yaşayış səviyyəsinə birbaşa təsir göstərən əsas amillərdəndir. Bu prosesdə dövlətin rolu strateji istiqamətlərin müəyyənləşdirilməsi, institusional islahatların həyata keçirilməsi və ədalətli rəqabət mühitinin təmin olunmasıdır. Bazar isə resursların səmərəli bölüşdürülməsi, innovasiya və investisiyaların təşviqi vasitəsilə iqtisadi dinamikanı təmin etməlidir. Vətəndaşların rolu isə iqtisadi fəallığın artırılması, sahibkarlıq təşəbbüslərinin genişləndirilməsi və insan kapitalının inkişafına yönəlmiş fərdi səylərlə bağlıdır. Ümumilikdə, iqtisadi artımın real rifaha çevrilməsi yalnız kompleks struktur islahatlar, effektiv idarəetmə və dövlət–bazar–cəmiyyət əməkdaşlığının balanslı şəkildə qurulması ilə mümkündür. Məhz bu halda iqtisadi göstəricilərdəki artım vətəndaşların gündəlik həyatında da hiss olunacaq və sosial sabitlik daha da möhkəmlənəcək".
Müəllif: Ziya Hikmətoğlu
Amerikalı bir nevroalim 80-dən çox ölkədən tədqiqat məlumatlarını təhlil edib...
Neft gəlirləri artıq büdcəyə qənaət etmir...