PDF Oxu

İqtisadiyyat

  • 5

Bakı və ətraf qəsəbələrin inkişafı diqqət mərkəzindədir

Bakı və ətraf qəsəbələrin inkişafı diqqət mərkəzindədir

Azərbaycanda regionlarla yanaşı, ölkənin paytaxtı Bakı və onun ətraf qəsəbələrinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramında hər bir qəsəbə üzrə müxtəlif sahələrdə konkret tədbirlər, onların icrası üçün tələb olunan vəsaitin həcmi, maliyyələşmə mənbəyi və icra müddəti müəyyən edilib. Ötən bir il ərzində isə proqramda nəzərdə tutulmuş bir çox tədbirlər uğurla həyata keçirilib. Bu isə, ilk növbədə, Bakı və ətraf qəsəbələrin sakinlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına səbəb olub.


Bakı şəhəri sürətlə inkişaf edir


Bu dövlət proqramları, o cümlədən, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", eləcə də, iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramları nəticəsində Bakı şəhərində də abadlıq-quruculuq işləri sürətlənib, əhaliyə göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti yaxşılaşıb. Qeyd olunan proqramların icrası sayəsində Bakı şəhəri sürətlə inkişaf edib, yol təsərrüfatının və şəhər nəqliyyatının işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidməti, sosial infrastruktur sahəsində xidmət səviyyəsinin yüksəldilməsi üzrə layihələr həyata keçirilib, yeni müəssisələr və iş yerləri açılıb.

Məhz bunların nəticəsində ötən dövrdə paytaxt əhalisinin elektrik enerjisinə olan tələbatının təmin olunması məqsədi ilə yeni elektrik stansiyaları tikilib istifadəyə verilib, qaz təchizatı sahəsində Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, ümumilikdə, Bakı şəhərinin 97 faizi qazlaşdırılıb.

Son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb, Bakıya Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar gətirilib. Yeni texnika və texnologiyanın tətbiqi ilə məişət tullantılarının mütəmadi olaraq, yığılması və emalını təmin ediləcək. Paytaxtda ekoloji tarazlıq yaradılması üçün Balaxanı Bərk Məişət Tullantıları Zavodunun tikintisi davam etdirilib, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə 32 piyada keçidi tikilmiş, 23 yol ötürücüsü, körpü və tunellər istifadəyə verilib.


Hər bir vətəndaşın sosial vəziyyəti dövlət rəhbərliyinin diqqətindədir


Ölkə Prezidenti paytaxtın və ətraf qəsəbələrin milli üslubda inkişafı, təmizliyi, gözəlliyi, müasirliyi ilə göz oxşaması üçün lazımi tədbirlər görür və eyni zamanda, verilən tapşırıqların icrası ilə yerində tanış olur. Dövlət başçısı tərəfindən atılan bu addımlar və onun qəsəbə sakinləri ilə görüşü sübut edir ki, hər bir vətəndaşın sosial vəziyyəti dövlət rəhbərliyinin diqqətindədir. Təkcə son bir neçə ay ərzində ölkə Prezidentinin iştirakı ilə açılan təhsil, mədəniyyət, turizm və digər müəssisələrin sayı onlarladır. Bakının Nərimanov və Suraxanı rayonlarında yerləşən körpələr evi-uşaq bağçaları əsaslı təmir və yenidənqurma işlərindən sonra fəaliyyətə başlayıb. Paytaxtın Bülbül prospektindəki park əsaslı yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib. Nəsimi rayonundakı 96 nömrəli uşaq bağçası əsaslı təmir olunub. Nizami və Xətai rayonlarında körpələr evi və uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonra balacaların ixtiyarına buraxılıb. Bakının Bilgəh qəsəbəsində dünya səviyyəli beşulduzlu "Jumeirah Bilgah Beach Hotel" kompleksi açılıb. Bu, Azərbaycanda son bir il ərzində fəaliyyətə başlayan üçüncü beşulduzlu oteldir. Bu il isə Bakıda daha 3 beşulduzlu otel açılacaq.


Bakıətrafı kənd və qəsəbələri paytaxtla birləşdirən yeni yollar


Son illər Bakıətrafı kənd və qəsəbələri paytaxtla birləşdirən əsas magistral yollar tamamilə yenidən qurulub. Əvvəlki illərə nisbətən, bu, olduqca böyük uğurdur. Paytaxtın müxtəlif rayonlarında müasir tələblərə cavab verən yol ötürücüsü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin inşası davam etdirilir. Yol-nəqliyyat sisteminin yenidən qurulması zamanı beynəlxalq standartlar və milli- memarlıq ənənələri əsas götürülür. Bütün yeni qurğular yüksək keyfiyyəti və müasirliyi ilə seçilir. Bakı şəhərində yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər sakinlərin sosial həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də paytaxtın gözəlliyini artırır.

Buzovna, Maştağa, Bilgəh qəsəbələrinə və Bakı şəhərinə rahat çıxışı təmin edən Buzovna yol ötürücüsü və tunelinin inşası, eyni zamanda, şəhərdaxili və qəsəbələrarası yollarda yeni piyada keçidlərinin salınması da paytaxtın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərdəndir.

Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi - "Bakı Ağ şəhər"in təməl daşı qoyulub.

4 kilometrlik Bakı bulvarının 10 kilometrədək genişləndirilməsi nəzərdə tutulur. Bu isə, həm şəhər sakinlərinə istər gəzinti, istərsə də istirahət üçün yeni imkanlar verir.


Bütün qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq



Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, regionların sosial-iqtisadi inkişaf proqramı vardır və icra edilir. Eyni zamanda, Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı proqramının yeni mərhələsi başlanmalıdır: "Mən hesab edirəm ki, birinci mərhələdə 2011-2013-cü illər əhatə olunmalıdır. Ancaq artıq o proqramı hazırlayanlar məlumat verirlər ki, iki il ərzində nəzərdə tutduğumuz məsələləri həll etmək üçün vaxt bizə imkan verməyəcəkdir. Ona görə, ola bilsin ki, 2011-2013-cü illərdən əlavə 2013-2018-ci illəri əhatə edəcək proqram da hazırlanmalıdır. Bu proqramın icrası nəticəsində bütün qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq, ən yüksək standartlar tətbiq olunacaq və qəsəbələrin inkişafı üçün bütün lazım olan məsələlər öz həllini tapacaq".

CABİR

Digər xəbərlər