2019-cu ildə həyata keçirilən mühüm islahatlardan biri yanvarın 1-dən “Vergi Məcəlləsi”nə edilən 300-ə yaxın əlavə və dəyişikliklərdir ki, bunun nəticəsində də bu il vergi ödəyicilərinin sayı xeyli artıb. Belə ki, açıqlanan statistikaya əsasən, cari ilin 11 ayı ərzində 103 mindən çox yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb. Artımdan sonra vergi ödəyicilərinin sayı 1,055 milyon nəfərə çatıb.Məsələ ilə bağlı SİA-ya açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov ötən ilin ikinci yarısından gücləndirilən islahatlar və hayata keçirilən tədbirlər vergi ödəyiciləri sahəsində keyfiyyət göstəricilərinin də yaxşılaşmasına səbəb olub.Onun sözlərinə görə, bu müsbət dəyişikliklər dövlət büdcəsinin vergi və gömrük gəlirlərinin artımına da təsir edib: "2019-ci ilin 11 ayının nəticələrinə əsasən dövlət büdcəsinin gəlirlərində proqnozlaşdırılandan təxminən 1 milyard manat çox vəsait artım qeydə alınıb. Əmək müqavilələrinin sayının artması fiziki şəxslərdən toplanan vergilərin və Dövlət Sosial Müdafiəsi Fonduna ödənilən məcburi sosial sığorta haqlarının həcminin artımına imkan yaradıb. Düzdür, 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minən vergi dəyişikliklərinə əsasən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin aylıq gəlirin 8 min manata qədər olan hissəsindən vergi tutulmur. Buna görə də yeni bağlanan əmək müqavilələri üzrə hamıdan vergi alınmır. Amma yeni müqavilələrin hamısı üzrə məcburi sosial sığorta ödənişlərini həyata keçirirlər".Ekspert qeyd edib ki, ümumiyyətlə 2018-ci ilin ikinci yarısından Azərbaycanda "kölgə iqtisadiyyatı"na qarşı aparılan mübarizə, vergi islahatları iqtisadiyyatda ciddi keyfiyyət dəyişikliklərinə səbəb olub: “Sözügedən tədbirlər, islahatlar növbəti illərdə də davam etdirildiyi təqdirdə, iqtisadiyyatın və dövlət büdcəsinin neftdən asılılığı əhəmiyyətli dərəcədə azalacaq”.
sia.az