İqtisadiyyat

  • 3 986

“Azərbaycan dünyaya inteqrasiya olunur və dünya standartlarını tətbiq edir” ÖZƏL-MÜNASİBƏT

image

"Yanacağın qiymətinin artmasına bir sıra amillər təsir edir. Əvvəla, beynəlxalq standartlar var. Ümumiyyətlə, Azərbaycanda ekoloji problemlərə və onların həllinə yaxın illərdə böyük diqqət ayrılır, fikir verilir və buna dövlətin kifayət qədər də marağı vardır. Təbiidir ki, burada ən qabaqcıl məsələlərdən biri də bu beynəlxalq standartlardır. Benzin və dizel yanacağının beynəlxalq standartlara cavab verməsi bu baxımdan labüddür, vacibdir." Bu sözləri SİA-ya verdiyi açıqlamasında millət vəkili, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunur və təbiidir ki, biz də tədricən dünya standartlarını tətbiq edirik.
"Dünya standartlarını tətbiq edərkən, dizel yanacağını və benzini istehsal edən zavodlar da təbii ki, rekonstruksiya edilməlidir. Yeni qurğuların, yeni texnologiyanın istifadə olunması da təbii ki, yeni investisiyalar, vəsaitlər deməkdir. Bu da sözsüz ki, yeni məhsulun maya dəyərinə təsir edir və maya dəyərinə təsir edirsə, deməli, o cümlədən qiymətinə də təsir edir.
Digər amillərdən əsaslı amil nədir? Təbiidir ki, bu lokdaunların nəticəsidir və burada bu amil də var. Bütün ölkələrdə ümumdaxili məhsulun və iqtisadiyyatın geriləməsi müşahidə olunub. Dünya iqtisadiyyatı təqribən 12 trilyon dollar geriləyib, yəni itgiləri olub və hətta Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının proqnozlarına görə bu itgilərin üzümüzə gələn 2 ilin içərisində 28 trilyon dollara qədər artması, qalxması gözlənilir. Yəni, 28 trilyon dollar kifayət qədər böyük rəqəmdir və dünya iqtisadiyyatının beşdə birindən də çoxdur. Bu itgilər böyükdür. Yəni, təbiidir ki, gedən proseslər dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına da təsir edir.
Bir tərəfdən dünya iqtisadiyyatından gələn çağırışlar, yaxud təsirlər var və bir də bu, bizim ölkədə məcburiyyət qarşısında apardığımız siyasətdir, lokdaun siyasəti. Görün, hər gün 5 minə yaxın yeni koronavirusa yoluxan, xəstələnən müşahidə olunurdusa, indi bu rəqəm 10 dəfə azalıbdır. Yəni müsbət təsirlər, istiqamətlər var. Amma, iqtisadiyyata da bunun mənfi təsiri gözlənilirdi. Bu təsirlərdən biri də ondan ibarətdir ki, biz bu ilin, 2021-ci ilin büdcəsinə gəlir barəsində də düşünməliyik. Amillərdən də biri məhz budur və burada da qeyd etmək lazımdır ki, həmin büdcədən hardasa 40 faizə qədəri də sosial məsələlərlə əlaqədar nəzərdə tutulub. Ümumiyyətlə, bizim büdcəmiz neçə illərdir, 20 ilə yaxındır ki, sosial yönümlü büdcədir. Təbiidir ki, bunun dövlətin sosial məsələlərini həll etmək üçün böyük müsbət təsiri olacaq.
Üstəlik, bir neçə məqamları da diqqətə çatdıraq ki, Azərbaycanda biz inflyasiyanı 3 faiz həddində saxlaya bilmişik və cari il, 2021-ci il üçün də 3 faiz həddində proqnozlaşdırılır. İqtisadi artım 4 faizə qədər gözlənilir. Valyutamız devalvasiya olunmadı və biz valyutamızı saxlaya bildik. Hətta, 2021-ci ildə də valyutanın eyni səviyyədə qalacağı proqnozlaşdırılır. Bizdə dövlət borcu da artmadı, təqribən 20-21 faiz civarındadır. Halbuki, bütün possovet məkanında və bizim uzaq qonşularda da, artıq, hətta inkişaf etmiş ölkələrdə də dölət borcunun səviyyədi 60-70 faizi keçib. Məsələn, Ukraynada dövlət borcu hardasa 70 faizi ötür.
Bütün bunlar hamısı nəyi göstərir? Bütün bunlar Azərbaycanın iqtisadiyyatının dayanıqlığını göstərir və təbiidir ki, büdcədə yığılan vəsait şübhəsiz ki, 2021-ci ildə insanların sosial məsələlərinin həllinə yönəldiləcək.
Onu da qeyd edək ki, enerji bazarında müşahidə edilən qiymət artımı enerji daşıyıcılarının qiymətinin yenidən tənzimlənməsi məsələsini aktuallaşdırıb. Qlobal tendensiya hal-hazırda ondan ibarətdir ki, benzin və dizel yanacağının parakəndə qiymətlərində demək olar ki, dünyanın hər yerində qiymət artımı müşahdə edilir. Təcrübə təsdiq edir ki, vaxtında bu cür qərarların qəbul edilməsi sonrakı mərhələdə müvafiq sektorda yarana biləcək mümkün risklərin də qarşısını alır", deyə Rüfət Quliyev bildirib.

sia.az

Digər xəbərlər