İqtisadiyyat

  • 3 504

İnkişafın Azərbaycan modeli: aqrar sahənin inkişafına dövlət qayğısı ŞƏRH

image

Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı FƏRMANI reallığın göstəricisidir

Müstəqil Azərbaycan sosial-iqtisadi inkişafının elə həlledici mərhələsindədir ki, respublikanın milli iqtisadi inkişaf modelinin nəzəri-praktik əsaslandırılması baxımından aqrar sektorda həyata keçirilmiş islahatlara nəzər salmaq, bu sahədə qarşıda duran vəzifələri müəyyənləşdirmək son dərəcə zəruridir. Bu zərurəti şərtləndirən həm də odur ki, Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən arqar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır.Ulu öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra bir çox sahələr kimi kənd təsərrüfatında da 90-cı illərin əvvəllərindən özünü kəskin büruzə verən tənəzzül meyilləri dayandırılmış, səmərəli islahatların təməli qoyulmuşdur. Hər bir vətəndaşın mənafeyi əsas tutulmaqla gerçəkləşdirilən aqrar islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakın səmərəli istifadə edilməsinə, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsinə, sahibkarlığın formalaşması və inkişafına yönəlmişdir.Və bu gün bu kursu keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün, ilk növbədə, qanunvericilik bazası möhkəmləndirilmiş, fermerlərə yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilmiş, texniki təminatın yaxşılaşdırılması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsinə başlanılmışdır. Bütün bunların nəticəsidir ki, indi kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə çatmışdır.Elə iyulun 15-də Prezident İlham Əliyev «Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında» imzaladığı Fərmanı dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğısının göstəricisidir.Dövlət başçımızın imzaladığı Fərmanda deyilir: «Ötən dövrdə Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.Ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Bunu nəzərə alaraq, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizmi məqsədyönlü şəkildə davamlı olaraq təkmilləşdirilməlidir".Həmçinin, Fərmanda qeyd olunur ki, rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması məqsədilə istehsalçıların müvafiq resurslara, o cümlədən əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi məqsədi ilə bu Fərman qəbul olunub.
Aqrar sahənin inkişafı dövlət siyasətinin prioritetidir
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə Azərbaycan xalqının və dövlətinin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları əks etdirir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Bunlar sadəcə olaraq, bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Güclü iqtisadiyyat tezisini əməli fəaliyyətində gerçəkləşdirən dövlətimizin başçısının düşünülmüş uzaqgörən siyasəti hər bir sahədə böyük uğurların əldə olunması ilə səciyyələnir.Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafının ən mühüm sahələrindən olan kənd təsərrüfatının potensialının tam reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir, dövlətin iqtisadi təhlükəsizliyinin əsas komponentlərindən olan ərzaq təhlükəsizliyi ölkəmizdə uğurla həll olunur. Azərbaycanda aqrar sahənin müasir tələblər səviyyəsində formalaşması və inkişafı, kənd təsərrüfatı ilə məşğul olan sahibkar, fermer və əməkçilərin lazımi texnika ilə təchizatında mühüm işlər görülür. Həyata keçirilən bütün layihələr Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatının inkişafı, eyni zamanda, bu sahədə çalışanlara və fermerlərə göstərilən dövlət qayğısı ilə şərtlənir. Kənd təsərrüfatının ənənəvi sahələrinin sürətli inkişafı, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə müasir aqroparklar və iri fermer təsərrüfatlarının təşkili, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində ciddi addımlar atılr. Qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir.
İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı
Məlum olduğu kimi, Ermənistanın təcavüzü nəticəsində min hektarlarla əkinə yararlı torpaq sahələri yararsız hala düşmüşdür. Torpaqların uzun müddət əkilməməsi, becərilməsi onun korlanmasına səbəb olmuşdur ki, bu da gələcəkdə həmin torpaqlardan yüksək məhsul əldə etməyə zəmanət vermir. İşqal nəticəsində hidrotexniki qurğuların, kollektor- drenaj şəbəkələrinin, kanalların, su hövzələrinin dağıdılması küllü miqdarda vəsaitlə ölçülür və əgər torpaqlarımız işqal altında olmasaydı bu gün aqrar sahə daha sürətlə inkişaf etdirilər və iqtisadiyyatımızın ən qabaqcıl sahəsinə çevrilə bilərdi. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, işğal altında olan kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsinin, 231,056 əkin, 352 min hektara yaxın örüş - otlaq və biçənək sahəsinin illər boyu istifadə edilməməsi əkilib- becərilməməsi, korlanması qəbuledilməzdir və inkar olunmazdır ki, həmin sahələrdən min tonlarla taxıl, pambıq, kartof, üzüm, tütün, tərəvəz götürmək mümkün idi. Təəssüflər olsun ki, erməni təcavüzkarlarının işğalı nəticəsində əhalimiz öz torpaqlarını əkib becərməkdən məhrum olmuş və bu dövrlərdə yüz min tonlarla kənd təsərrüfatı məhsulu itirilmişdir.Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarda bütün sahələr üzrə planlı şəkildə bərpa-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı işlərə artıq başlanılıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bu il nazirlik əsas diqqətini və fəaliyyətini yerlərdə fermerlərə məsləhət və informasiya xidmətinin gücləndirilməsinə, xidmətlərin daha əlçatan edilməsinə, innovativ üsulların tətbiqinə və əlbəttə, ən ümdə vəzifələrdən biri kimi işğaldan azad olunan ərazilərdə əkinlərin bərpasına yönəldəcək. Mütəxəssislərin hesablamalarına görə, işğal kənd təsərrüfatına 20 milyard manata yaxın ziyan vurmuş, aqrar sahənin inkişafını xeyli dərəcədə ləngitmişdir. Ancaq bütün bunlara baxmayaraq, 2003-cü ildən 2020-ci ilə kimi Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, kənd təsərrüfatı isə 2 dəfə artmışdır. 2019-cu ildə əvvəlki ilə müqayisədə 7,2 faiz artım əldə edilmişdir ki, bu da aqrar sahədə ildən - ilə inkişafın göstəricisidir. İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı məlumata görə, rayonlarımızın işğal olunması nəticəsində 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq, 34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi işğalçıların əlinə keçib, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda 120 min hektar əkinəyararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılıb. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılıb.Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirir ki, işğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi: “İndi isə Ermənistanın işğal nəzarəti altında saxlamasına baxmayaraq, bu zona Ermənistan üçün səmərəsiz olub. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların olmasına baxmayaraq, bu ərazilərin cəmi 7 faizində istifadə edilib. Belə ki, çayların əsasən şimal hissədə yerləşməsi, əkin sahələrinin isə cənubda olması və həmin ərazilərdə yeraltı suların daha dərində yerləşməsi, işğaldan əvvəl mövcud olan irriqasiya sisteminin məhv edilməsi bu ərazilərin istifadəsiz olaraq qalması ilə nəticələnib. Əkin sahələrində məhsuldarlıq aşağı səviyyədə olub və hər hektardan cəmi 10-12 sentner taxıl götürülüb. Halbuki bu rəqəm işğaldan əvvəl 21-25 sentner idi. Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var”.V.Qasımlının sözlərinə görə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək: “Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozumuza görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan verəcək ki, bu sahədə də vəziyyəti yaxşılaşdıraq”.Göründüyü kimi, işğaldan azad olunan ərazilərin kənd təsərrüfatının inkişafı baxımından potensialı çox genişdir. Bu potensialdan səmərəli istifadəyə nail olunması üçün müvafiq stukturların indidən işə başlaması vacibdir. Bir sözlə, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi sərəncamlar və görülən işlər əldə olunan nailiyyətləri sübut edir. Və bütün bunlar, onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə, digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sektorunda da regionun, eləcə də, Avropanın lider dövlətinə çevriləcək.

sia.az

Digər xəbərlər