Müsahibə

  • 10 177

Ermənistan regional təhlükəsizliyə yeni təhdidlər yaradır

image

Milli Məclisin deputatı Tural Gəncəliyev

- Tural müəllim, son vaxtlar Ermənistanda revanşist və təcavüzkar ritorika güclənməkdədir. Rəsmi İrəvan sülh tərəfdarı olduğunu bəyan etsə də, əməldə bunun əksini nümayiş etdirir. Ermənistanın bu qeyri-konstruktiv mövqeyi nəyə xidmət edir?
- Son vaxtlar Ermənistanda revanşist və təcavüzkar ritorikanın intensiv xarakter aldığının şahidiyik. Xüsusilə də, Azərbaycanın Ermənistan ilə yekun sülh sazişinin imzalanması üçün təkliflər etdiyi bir dövrdə, Ermənistanın öz təxribatlarını davam etdirməsi, müxtəlif bəhanələrlə sülh sazişinə maneə törətməsi onu göstərir ki, Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanmasından boyun qaçırır və iki dövlət arasında münasibətlərin normallaşmasında maraqlı deyildir. Ermənistan rəsmiləri tərəfindən gərginliyin artmasına xidmət edən kəskin və təcavüzkar mahiyyətli bəyənatlar səsləndirməsi, həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birbaşa hədəf alan hərəkətlər də buna sübutdur. Biz ümid edirdik ki, 2020-ci il 10 noyabr bəyanatını imzaladıqdan sonra Ermənistan öz üzərinə düşən öhdəliklikləri yerinə yetirər, Azərbaycan ilə münasibətələrin normallaşması üçün cəhd göstərər. Ancaq görünür, Ermənistan üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmək əvəzinə, onlardan boyun qaçırır, təxribatlara əl ataraq öz silahlı birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarmır, regionda sabitlik və təhlükəsizliyə yeni təhdidlər yaradır.
Onu da qeyd etməliyik ki, Ermənistanda anti-Azərbaycan ritorikasının, Azərbaycanafobiyanın artdığının şahidi oluruq. Burada həm erməni kilsəsinin, həm də erməni diasporunun rolunu qeyd etməliyik. Bildiyiniz kimi, Ermənistanda bütün bu məsələlər 3 sütün üzərində qurulur: erməni dövləti, erməni kilsəsi, erməni diasporu. Son zamanlar bu 3 istiqamətdə biz anti- Azərbaycan ritorikasının artdığını görürük. Bütün bunlar dünya erməni diasporunun erməni kilsəsindən nə qədər asılı vəziyyətdə olduğunu və ideoloji baxımdan da Ermənistanın Azərbaycana qarşı kökləndiyini göstərir.
Biz xalq olaraq, ölkə olaraq yekun sülh sazişinin imzalanması ilə bölgədə stabil, ədalətli sülhün bərqərar olacağını düşünürük. Bu həm beynəlxalq hüququn norma və prinsipləri baxımından, həm də iki ölkə arasında normal münasibətlərin formalaşması baxımından alternativi olmayan yoldur. Bölgədə sülhün bərqərar olması üçün Ermənistan öz revanşist və təcəvüzkar ritorikasından əl çəkməlidir.
- Azərbaycan Ordusunun bir neçə gün öncə seperatçılar üçün silah daşınmasının qarşısını almaq məqsədi ilə keçirdiyi əməliyyatı necə dəyərləndirirsiniz?
- Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə Ermənistan tərəfindən qeyri-qanuni silahlı birləşmələrin, silah-sursatın, minaların eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması fəaliyyəti intensivləşmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi, eyni zamanda Müdafiə Nazirliyi tərəfindən müvafiq xəbərdarlıqların edilməsinə baxmayaraq, Ermənistan bu qanunsuz fəaliiyyətini davam etdirir, eyni zamanda, Rusiya sülhməramlı kontingenti də onların bu əməllərinə göz yumur. Bu isə onu göstərir ki, sülhməramlılar sülhün təmin olunmasına çalışmırlar, üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarını yerinə yetirmirlər.
Azərbaycan Ordusunun bölmələri bir neçə gün bundan öncə Laçın yolunun şimalından keçən torpaq yollardan qeyri-qanuni istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycan ərazisinə silah-sursat daşınmasının qarşısını almaqdan ötrü müvafiq nəzarət tədbirləri həyata keçirilmişdir. Bu tam bizim qanunlarımız, konstitusiyamız, suveren hüquqlarımız çərçivəsində baş tutmuşdur. Bütün bu məsələlər məhz Azərbaycanın suveren ərazilərində baş verdiyinə görə Azərbaycan qanunları çərçivəsində də həll olunmalıdır. Qarabağda yaşayan erməni sakinlərin Azərbaycanın iqtisadi, siyasi və humanitar həyatına reinteqrasiyası prosesi bu məsələlərin həlli baxımından çox mühümdür.
- Azərbaycan Respublikası Prezidenti Administrasiyası Qarabağın erməni ictimaiyyəti ilə ikinci görüşün Bakıda keçirilməsi ilə bağlı növbəti dəfə təklif irəli sürdü. Bununla bağlı Xankəndini təmsil edən deputat olaraq nə düşünürsünüz?
- Azərbaycan Prezident Administrasiyası tərəfindən Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə növbəti görüşün Bakıda keçirilməsi təklifi təqdirəlayiqdir. İlk növbədə bu onu göstərir ki, Qarabağ və orada yaşayan sakinlərin reinteqrasiyası Azərbaycanın daxili işidir və bu məsələni biz heç bir üçüncü tərəflə və ya Ermənistanla müzakirə etmirik. Burada əsas amil ondan ibarətdir ki, Azərbaycanın bütün vətəndaşlarının yararlandığı hüquq və azadlıqlar Qarabağda yaşayan sakinlər üçün də keçərlidir. Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdirlər, eyni hüquq və azadlıqıara malikdirlər. Qarabağ erməniləri ilə dialoqların keçirilməsi və onların reinteqrasiyasında bizim təkid etməyimiz həm də dünyaya bir mesajdır ki, 30 il ərzində Ermənistanın təcavüzkar siyasəti ilə Qarabağ bölgəsi tamamilə dağıdılmış və orada yaşayan insanlar Ermənistan işğalçı ordusu tərəfindən əsir saxlanılmışdır. Bu gün Qarabağın yenidən qurulması, bərpa edilməsi ilə yanaşı, orada yaşayan insanların reinteqrasiyası üçün də çox gözəl bir fürsət yaranmışdır. Qarabağda yaşayan sakinlər orada gedən bərpa işlərində iştirak edərək, bütün bu proseslərdən bəhrələnə bilərlər. Təbii ki, bütün məsələlərdən əvvəl onlar Azərbaycan vətəndaşlığını qəbul etməli, Azərbaycan qanunlarına riayət etməlidirlər.

Digər xəbərlər