Müsahibə

  • 6 012

Konstruktiv mövqe gözləyirik

image

Müsahibimiz Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasinin üzvü, professor Elman Nəsirov

-Elman müəllim, Prezident İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda çıxışı zamanı mühüm məsələlərə toxundu, önəmli mesajlar verdi. Dövlət başçısı multilateralizm mövzusu ilə də bağlı əhəmiyyətli məqamlara diqqəti cəlb etdi...
- Əvvəla qeyd edim ki, cənab Prezident proqram xarakterli çıxışında Qlobal Bakı Forumunun təmsilçilik səviyyəsi və intellektual potensialının aparıcı beynəlxalq konfranslara adekvat olduğunu vurğuladı. 60 ölkədən 350 nəfər iştirakçının olması, habelə onlardan da 50 nəfərdən çoxunun hazırkı və sabiq prezident və baş nazır statusunda təmsilçiliyi özü-özlüyündə bir göstərici, Forumda yüksək səviyyəli müzakirələrin keçiriləcəyinin bir əlamətidir. Xüsusilə də, müasir beynəlxalq koordinatlar sistemində baş verən köklü dəyişikliklər fonunda yeni yanaşmaların irəli sürülməsi zərurəti Foruma olan diqqəti daha da artıran amillərdən sayılmalıdır.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində bir az passiv fəaliyyət göstərən Qoşulmama Hərəkatına (QH) 2019-2022-ci illərdə sədrlik etməklə ona çeviklik, innovativlik və dinamika verməyə çalışdı. Bu istiqamətdə mühüm addımlar atdı. Sədrliyimiz dünyanı cənginə alan pandemiya dövrünə təsadüf etdiyindən ölkəmizdən daha çevik hərəkətlilik tələb edirdi və bu ağır işin öhdəsindən gəlməyi bacardıq. Cənab Prezidentdin qeyd etdiyi kimi, 3 dəfə QH-nın zirvə görüşlərini keçirdik. Bir zirvə görüşü pandemiyaya qarşı mübarizə məsələlərinə həsr olundu.
QH adından BMT Baş Məclisinin Xüsusi İclasının keçirilməsinin təşəbbüskarı olduq və 2020-ci ilin dekabrında həmin mühüm tədbir keçirildi. Bununla da Azərbaycanın sədrliyi altında QH pandemiyaya qarşı beynəlxalq səylərin birləşdirilməsinə mühüm töhfə verdi.
İkincisi, Prezident İlham Əliyev vurğuladı ki, pandemiyaya qarşı qlobal mübarizənin təşkili prosesində növbəti ciddi bir problemlə dünya üz-üzə qaldı. Bu, “peyvənd millətçiliyi” məsələsi idi. Peyvəndlərin qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı problem idi. Bu məsələlərin də həlli istiqamətində beynəlxalq müstəvidə öz səsimizi ucaltıq və ədaləti müdafiə etdik.
Üçüncüsü, pandemiyaya qarşı mübarizə xüsusunda əksəriyyəti QH-ya üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardımlar göstərdik. Ümumdunya Səhiyyə Təşkilatına eyni məqsədlə 10 milyon ABŞ dolları həcmində birbaşa ianə yardımı ayırdıq.
Dördüncüsü, biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi.
Beşincisi, QH-nin instisional inkişafı prosesinə Azərbaycan ciddi töhfələr verdi.
Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə bizim təşəbbüsümüzlə Parlament Şəbəkəsi yaradıldı. Onun ilk iclası Bakıda təşkil edildi. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir.
Cənab Prezident xüsusi olaraq qeyd etdi ki, “soyuq müharibə”dən sonra ilk dəfədir ki, Şərq-Qərb qarşıdurması kritik məzmun kəsb edir. Bu reallıq fonunda QH movcud münaqişə və qarşıdurmaların həllində yeni yanaşmalarla çıxış edə bilər və təməl prinsiplərinin-Banduq prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər. Söhbət ilk növbədə sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığı prinsiplərindən gedir.
-Dövlət başçısının xüsusi olaraq toxunduğu məsələlərdən biri də münaqişələrin həlli məsələsidir. Bu xüsusda Azərbaycan Prezidenti Ermənistana və beynəlxalq ictimaiyyətə hansı mesajları verdi?
-Cənab Prezident münaqişələrin həlli prosesinə diqqəti cəlb edərək vurğuladı ki, onların iki həlli yolu olur: dinc və qeyri dinc. Bu xüsusda dövlətimizin başçısı Ermənistan-Azərbaycan münaqişəsi timsalında kokret fikir, mülahizə və yanaşmalarını səsləndirdi. Vurğuladı ki, bu münaqişəni dinc yolla həll etmək mümükün olmadı. Səbəbi də bəllidir. ATƏT-in Minsk qrupu 1992-ci ildən başlayaraq əslində münaqişənin “dondurulması” mənafeyinə xidmət edən siyasət həyata keçirdi. “Münaqişənin hərbi həlli yoxdur” tezisini əldə bayaraq edərək, Ermənistanda arxayınçılıq və cəzasızlıq sindromunun formalaşmasına rəvac verən davaranış ortaya qoydu. Nəticədə Ermənistan BMT TŞ-nın belə qətnamələrinə qarşı çıxdı, onlara məhəl qoymadı və beynəlxalq ictimaiyyətə hörmətsizlıik göstərdi.
Prezident İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan ordusu BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək torpaqlarımızı güc yolu ilə geri qaytarmağa nail oldu. BMT TŞ-nın icra olunmayan qətnamələri işlək vəziyyətə gətirildi. Tarixi adaləti bərpa etdik. Hal-hazırda isə ölkəmiz Ermənistan silahlı qüvvələrinin tamamilə dağıtdığı və viran qoyduğu 10 min kv kilometr ərazilərimizin sürətli bərpası prosesini yaşayır.
Dövlət başçısının çıxışında yer almış mühüm məsələlərdən biri də postmüharibə dövrünün reallıqlarına həsr olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan sülh istəyir və bu istiqamətdə konkret addımlar atmışdır. Ölkəmiz sülh müqaviləsini imzalamaq üçün Ermənistana beş baza prinsipi təqdim etmişdir. Ermənistandan nəhayət ki, konstruktiv mövqe gözləyirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaq mümkündür.
Prezident İlham Əliyev Qarabağda yaşayan erməni azlığı ilə bağlı məsələyə də toxunaraq vurğuladı ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir.
Deməli, Qarabağda yaşayan ermənilər də Azərbaycan pasportu daşıyaraq, qanunlarımıza tabe olmalı, ölkəmizdə bütün digər millətlərin istifadə etdiyi bərabər hüquq və vəzifələrdən bəhrələnməlidirlər. Əks təqdirdə ermənilər üçün tunelin o biri başında işıq görünmür.

Digər xəbərlər