Uşaqlar dövlət qayğısı ilə əhatə olunub
- Gülər xanım, uşaqların müdafiəsi, onların davamlı olaraq qayğı ilə əhatə olunmalarını, qənaətbəxş hesab etmək olarmı?
- Dövlət tərəfindən, uşaqların müdafiəsi, onların davamlı olaraq qayğı ilə əhatə olunmasında kifayət qədər ciddi qanunlar qəbul olunub. Konstitusiyamızda uşaqlarla bağlı olaraq, son düzəliş və əlavələrdə bir neçə maddə dəyişdirilib. Əlbəttə ki, dövlətin bu sahədə apardığı siyasətdən tamamilə razılıq etmək mümkündür. Nəzərə alsaq ki, bu gün bir çox ölkələrdə uşaq problemləri ilə bağlı olaraq nə qanunvericilik bazası, nə də ki konstitusiyalarında əlavələr və dəyişikliklər yoxdur. Amma o ki qaldı, uşaq bağçalarının problemləri, uşaqların dərnəklərdə məşğul olmaları, asudə vaxtlarının təşkil və uşaqlar üçün yay istirahətlərinin təşkili ilə bağlı sahələrdə görüləsi işlərimiz çoxdur. Eyni zamanda, bu sahədə olan məsələləri, bir çox qurumları cəlb etməklə problemi həll etmək lazımdır. Bu qurumların arasında da bələdiyyələri və QHT-ləri nəzərdə tutmaq lazımdır. Çünki hər şeyi dövlətdən tələb etmək doğru deyil.
- 2009-cu il Prezident İlham Əliyevin Sərəncamı ilə "Uşaq ili" elan olunub. Bu bir daha dövlətimizin uşaqların hərtərəfli inkişafı üçün göstərdiyi qayğı kimi qiymətləndirmək olar?
- 2009-cu ilin Prezident İlham Əliyevin Sərəncamı ilə "Uşaq ili" elan olunması, uşaq problemlərinin yenidən ictimaiyyətin və cəmiyyətin diqqət mərkəzində olması üçün, kifayət qədər atılmış ciddi bir addım idi. Bu baxımdan, düşünürəm ki, "Uşaq ili"nin önəmini hər kəs çox gözəl gördü və bildi. Hesab edirəm ki, "Uşaq ili" yeni bir addım olduğu üçün, qarşıdan gələn illərdə həmin proseslərin yeni sürətlə və inkişaf xətti ilə davam etdirilməsi üçün bir çağırış idi. Bu çağırışı geniş şəkildə davam etdirmək, artıq ölkə Prezidentinin yox, yuxarda qeyd etdiyim yerli icra strukturlarının və ictimai təşkilatların bir nömrəli işi olmalıdır. Amma təəssüflər olsun ki, bir çox hallarda hələ də, uşaqlarla bağlı bütün məsələlərin ya Heydər Əliyev Fondu tərəfindən, ya da ki, cənab Prezident İlham Əliyevin sərəncamları ilə həll olunmasını gözləyirlər.
- 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə Azərbaycanda hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?
- 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Azərbaycanda keçirilən tədbirlərin sayı olduqca çoxluq təşkil edir. Yəni, dövlət qurumlarının, QHT-lərin keçirdiyi tədbirlər var. Mən yalnız uşaq təşkilatının keçirdiyi tədbirlərlə bağlı məlumat vermək istəyirəm. Biz bu il əsasən valideynlərin uşaqlar tərəfindən hər hansı fiziki, psixoloji istisimara uğraması ilə bağlı aksiya keçirməyi nəzərdə tuturuq.
- Ulu Öndərmiz Heydər Əliyev hər zaman uşaqların sağlamlığı, onların yaxşı təlim və tərbiyə görməsi, vətənə və xalqa gərəkli övlad olaraq yetişməsi üçün böyük işlər görüb və dövlət proqramları təsdiqləyib. Bu gün bu kurs necə və hansı formada davam edir?
- Ulu Öndər Heydər Əliyevin uşaqların sağlamlığı, onların yaxşı təlim və tərbiyə görməsi, vətənə və xalqa gərəkli övlad olaraq yetişməsi üçün gördüyü işlər bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəzərə almaq lazımdır ki, bu gün Heydər Əliyev Fondunun uşaqlara göstərdiyi qayğı, bu sahədə gördüyü işlər cəmiyyətdə müsbət dəyərləndirilir. Hər zaman söylədiyim fikri bir daha təkrar edərək, demək istəyirəm ki, cəmiyyət, ictimaiyyət və şübhəsiz ki, ailələrdə uşaqlara qarşı olan münasibət yenilənməlidir. Bu, mənim şəxsi fikrimdir və düşünürəm ki, burada heç bir qəbahət yoxdur.