ATƏT "dünyanı maraqlar idarə edir" sitatından çıxış etməməlidir
- Azay müəllim, ermənilərin işğal altında olan Xankəndində tikdikləri aeroporta ATƏT öz etirazlarını bildirib. ATƏT-dən gözlənilməyən ədalətli mövqeyi necə şərh edərdiniz?
- ATƏT-in bu bəyanatını alqışlamaq lazımdır. Çünki nə qədər Azərbaycanla bağlı fəaliyyətsizlik nümayiş etdirsələr də yenə də Xankəndini Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edirlər. Və burada aparılan hər hansı bir qanunsuz tikintinin ligitimliyini qətiyyən tanımırlar, xüsusilə də, aeroportla bağlı olan məsələdə. Azərbaycanın bu məsələ ilə bağlı israrlı təkidi, yəqin ki, ATƏT nümayəndələrini az da olsa, cəsarətli olmağa məcbur etdi. Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına bununla bağlı müracit edilərək, həmin təşkilatdan bu məsələyə münasibət tələb edilib. Rəsmi Bakı bildirib ki, Azərbaycanın hava məkanına onun icazəsi olmadan hər hansı bir uçuşun təşkili beynəlxalq konvensiyanın tələblərinə ziddir və dövlətimizin suverenliyi bu məkanda, birmənalı şəkildə, təmin olunmalıdır. Əks təqdirdə, beynəlxalq qanunların verdiyi imkanlardan istifadə edərək, ən müxtəlif tədbirlər görülə bilər, hətta həmin təyyarələr fiziki cəhətdən məhv edilər. Bu baxımdan da, hesab edirəm ki, ATƏT-in bu cür reaksiya verməyi kifayət qədər reallıqdan qaynaqlanır. Əgər belə olmasaydı, o zaman ATƏT-in, doğrudan da, ermənipərəst mövqeyi açıq-aşkar şəkildə aydın olardı.
- Bir çox siyasi analitiklər və ekspertlər ATƏT-in Minsk Qrupunun tərkibin dəyişməsinə zərurət olduğunu bildirirlər. Sizcə, buna ehtiyac varmı?
- ATƏT, təəssüflər olsun ki, son illər ərzində təhlükəsizliklə bağlı olan məsələlərdə çox lazımsız bir mövqe ortaya qoyubdur. ATƏT-in fəaliyyətinin nəticəsində hər hansı bir konflikt öz həllini tapmayıb, xüsusən, Dağlıq Qarabağ münaqişəsi. O baxımdan da, ATƏT-in fəaliyyətini səmərəsiz adlandırmaq olar. ATƏT bu gün bir təşkilat kimi çox ciddi islahatlara möhtacdır. Əgər ATƏT-də bu gün ciddi islahatlar aparılmasa, qəbul etdiyi qərarların icrası ilə bağlı konkret mexanizmə malik olmasa, ATƏT-in təşkilat kimi mövcudluğunu sual altında qoya bilər. ATƏT Parlament Assambleyasının bir nümayəndəsi kimi deyə bilərəm ki, 6 illik fəaliyyətimiz dövründə Azərbaycanın ədalətli mövqeyini qaldırmışıq və şahidi olmuşuq ki, məlum təşkilat öz nizamnamələrindən irəli gələn tələbləri, nəinki lazımi səviyyədə yerinə yetirmir, bir çox hallarda məhəl qoymur. Burada başqa faktorlar da var. Bu faktor isə, güc mərkəzlərinin maraqlarıdır. ATƏT açıq-aydın ikili standartlar yürüdür. Bunun başqa izahı yoxdur. Əgər hansısa dövlətlər onların maraqlarına cavab verirsə, o ölkəyə lazımi sanksiya tətbiq edir, hərbi müdaxilə baş verir. Maraqlarına cavab verməyən dövlətə isə, gözləməyi məsləhət bilir, qanunun aliliyi, beynəlxalq hüquq normaları yaddan çıxır. Və sadəcə olaraq, həmin qətnamələr kağız parçasından başqa heç nəyə yaramır. Bütün bunların fonunda ATƏT-in Minsk Qrupunun tərkibinin dəyişməsi üçün əlimizdə ciddi alternativlər olmalıdır. Bu alternativlər elə formada olmalıdır ki, tərkib dyişdikdən sonra, doğrudan da, problem həll olunsun. Bunlar isə, heç də sadə məsələlər deyil. Bu gün həmin məlum ölkələr dünya siyasətinin düzənini təşkil edir. Xüsüsilə, ABŞ və Rusiyanın Cənubi Qafqaz bölgəsində böyük təsiri mövcuddur. Rusiyanı bu prosesdən uzaqlaşdırmaqla nəyəsə nail olunmasına inanmıram. Amma formata yenidən baxıla və yaxud onun dairəsi genişləndirilə bilər. Məsələn, Türkiyə həmsədr ölkə statusuna götürülə bilər, Almaniya isə, yaxından cəlb edilə bilər. İstənilən halda, bu gün reallıq budur ki, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri bu ölkələrdir. Qərarları, hətta istənilən ölkəni də bombalamaq haqqında əmrləri də verən məhz bu adları çəkilən ölkələrdir. Ona görə də, hələ ki, onların nazı ilə oynamağa məcburuq, hətta məhkumuq.
- Azay müəllim, bəzi ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlardan yanaşmaları nədən qaynaqlanır?
- Təəssüf ki, bu gün dünyanı maraqlar idarə edir. Azərbaycanın yerləşdiyi coğrafi məkan bir çox güc mərkəzlərinin maraqlarının toqquşduğu yerə təsadüf edir. Ona görə də, onlar bir neçə amildən qaynaqlanaraq, bu problemi həll etməyin vaxtını uzadırlar. Əgər münaqişə həll olunarsa, Azərbaycanın inkişafı daha da artacaq. Azərbaycan artıq regionda çox ciddi oyunçuya və fiqura çevrilib. Azərbaycan və Türkiyə bu gün öz çevrəsində kifayət qədər iqtisadi gücə, potensiala malikdir. Görünür, güc mərkəzləri işğal faktoruna son qoymaq istəmirlər. Buna görə də, işğal olunan torpaqlar hesabına Azərbaycan onlara daha çox sərf edir. Ermənistanı isə, özlərinin forpostuna çevirərək istədikləri ölkənin üzərinə müharibə etmək üçün göndərirlər. Bütün göz önündə olan faktorlar isə, təəssüf ki, Dağlıq Qarabağ məsələsinin ədalətli, obyektiv həllinə müəyyən mənada maneçilik törədir.