Urmiya görüşündən gözləntilər...
- Aydın müəllim, aprelin 16-da İranın Urmiya şəhərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək. Türk-Müsəlman Birliyindən kənarda qalan İranın bu görüşdə müsbət nəticə çıxarması mümkündürmü?
- İlk dəfə olaraq, bu formatda üçtərəfli görüş keçirilir. Azərbaycan Respublikasının həm İran, həm də Türkiyə ilə çox yaxşı münasibətləri var. Həm dövlət başçıları, həm də xarici işlər nazirləri səviyyəsində dəfələrlə görüş keçirilib. Lakin birinci dəfədir ki, regional əməkdaşlıq məsələlərinə dair birgə görüş keçirilir. Bu məsələni ancaq alqışlamaq olar. Çünki burada regional və əməkdaşlıqdan irəli gələn məsələləri müzakirə etmək olar. Hər halda, əməkdaşlıq və birgə müzakirələr həmişə müsbət effekt verib. İran dövləti bu gün beynəlxalq münasibətlərdə özününün məxsusi siyasəti və fərqli mövqeyi ilə seçilir. Həm Avropa birliyinə iddialı olan Türkiyə ilə, həm də balanslaşdırılmış siyasəti ilə seçilən Azərbaycanla üçtərəfli müzakirələr keçirməsini İranın düşdüyü izolyasiyadan çıxmaq yollarını axtarmaq variantı kimi də qəbul etmək olar. Bu görüşün həm üç ölkənin, həm də dünyanın diqqət mərkəzində olacağı gözləniləndir.
- İranın təcavüzkar Ermənistanla iqtisadi-siyasi əlaqələrinin genişləndirilməsinin qarşısının alınmasında bu görüşün, müəyyən mənada, hansısa rolu ola bilərmi?
- Əlbəttə, bu, Azərbaycanı, ilk növbədə, işğal edən dövlətlə əməkdaşlıq etmək baxımından çox narahat edir. Dəfələrlə İran tərəfinə bu məsələ ilə bağlı öz narahatçılığımızı və narazılığımızı bildirmişik. Təbii ki, üçtərəfli Urmiya görüşündə bu məsələlər, eləcə də, İranın işğalçı Ermənistanı müdafiə etməsinin regionda gərginliyin qalmasına səbəb olması da müzakirə olunacaqdır. Burada hər hansı bir məsələnin diqqətdən kənar qalacağı qətiyyən gözlənilmir. Ən yaxşı halda, müzakirələr aparılan zaman problem yaradan səbəblər barəsində mövqeləri ortaya qoymaq olar.
- İran, Rusiya və digər ölkələrin təcavüzkar Ermənistanı hələ də işğalçı dövlət kimi tanımamaları, sizcə, təəccüb doğurmur ki?
- Əlbəttə ki, bu, həm təəccüblü, həm də çox ciddi problemdir. Amma siyasət, ilk növbədə, mümkünlərin və reallıqların məcmusudur. Azərbaycan dövləti isə, bu reallıqdan çıxış edərək, hər zaman öz siyasətini müəyyənləşdirir. Hər halda, keçirilən görüşlər, aparılan müzakirələr, münasibətlər bu məsələdə dövlətimizin haqq səsini bir daha onlara çatdırmağa kömək edir.
- Aydın müəllim, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk Qrupuna üzv olan dövlətlərin məsələyə ikili standartdan yanaşması nə qədər davam edə bilər?
- Bugünün reallığı onu göstərir ki, istəsək də, istəməsək də ikili standartlar sistemi mövcuddur. Qərb ölkələrinin bir qismi Ermənistanı nə işğalçı dövlət kimi tanımaq istəyir, nə də digər ölkələrə (İraqa, Liviya, Misirə) olan münasibəti bəsləmək istəmir. Xarici siyasətin də mahiyyəti ondan irəli gəlir ki, öz mövqeyini və vaxtilə verilən səhv bəyanatları, düzgün atılmayan addımları israrla bütün dünyaya çatdırsın. Səbr, prinsipiallıq, arqumentli mövqe istər-istəməz sonda qalib gəlir.
- Türkiyə dövlətinin Rusiya dövləti ilə ticarət əlaqələri təxminən 50 milyard dollardan artıqdır. Bu isə, Azərbaycanla iqtisadi-ticarət əlaqələrindən bir neçə dəfə çox deməkdir. Bu halda, Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətimizin maraqları çərçivəsində həll olunmasında Rusiyaya güzəştə getməsi və bir qədər prinsipiallıq nümayiş etdirməsi nə dərəcədə realdır?
- Əslində, Rusiya və Türkiyə kimi iki nəhəng iqtisadi dövlət üçün bu çox az bir rəqəmdir. Bu gün Azərbaycanla Rusiyanın iqtisadi ticarət əlaqələri 3 milyard dollara yaxındır. Çox təqdirəlayiq bir haldır ki, Rusiya və Türkiyə beş əsrlik qarşıdurmadan sonra artıq yaxınlaşma, dostlaşma siyasətini yeridirlər. Məlum məsələdir ki, bu regionda gərginliyin azalmasına, əməkdaşlıq səviyyəsininin artmasına gətirib çıxarır. Bu gün Azərbaycan dövləti ilə Türkiyə dövləti arasında, hər şeydən əvvəl, strateji əməkdaşlıq mühiti var. Bununla bağlı müvafiq müqaviləmiz var və strateji əməkdaşlıq barəsində hətta şura da yaradılıbdır. Göründüyü kimi, tərəflər öz münasibətlərini artıq rəsmi şəkildə də keçiriblər. Azərbaycanla Türkiyə bu gün dost dövlətlərdir. Biz bir millət iki dövlətik. Dilimiz, dinimiz birdir. Artıq bundan sonra əgər Türkiyə bu münasibətləri, müqaviləni, birgə fəaliyyət göstərən şuranı kənara qoyub Rusiyaya olan maraqlarını üstün tutarsa, o zaman bu, tamam başqa situasiya yaradar. Amma bütün bunlara rəğmən Türkiyə rəhbərliyində bununla bağlı fikir dəyişkinliyi hiss olunmur. Azərbaycan 1993-cü ildən indiyə qədər böyük bir dövlətə çevrilibdir. Hər zaman öz sözünü deyib və haqq səsini bütün dünyaya çatdırıbdır. Azərbaycan dövləti böyükdür, yenilməzdir, güclüdür və qüdrətlidir. Bu güc və qüvvəni yenməyə cəhd göstərən dövlətlərin buna heç zaman gücü çatmaz.