Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təbliğ olunacaq
Dünən paytaxtımızda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başladı. Bu forum beynəlxalq aləmdə, ilk növbədə, qarşılıqlı faydalı iqtisadi, siyasi, elmi, texnoloji və əlbəttə ki, mədəni əməkdaşlıq üçün əlverişlidir. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayır.
İqtisadi, siyasi və digər sahələrdə ikitərəfli əməkdaşlığın potensialını artırmaqla yanaşı, mədəni mübadilə də əhəmiyyətli komponentdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu onun bütün iştirakçıları üçün mədəniyyət, incəsənət və din sahələrində yeni əməkdaşlıq imkanları yaradacaqdır.
Dünyanın nüfuzlu Euronews televiziya kanalı Bakıda öz işinə başlayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun geniş coğrafiyada təbliği üçün əsas media tərəfdaşı kimi çıxış etməsi bu tədbirin möhtəşəmliyindən və ona göstərilən beynəlxalq marağın yüksək səviyyəsindən xəbər verir.
Bununla bağlı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Euronews televiziyası arasında müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, telekanal forumda çəkiliş aparacaq və tədbirdən sonra verilişi 1 həftə ərzində 20 dildə 20 dəfə nümayiş etdirəcək. Aprelin 7-dən 9-dək Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi sessiyaları və tədbirləri ilə yanaşı, xüsusi mədəni proqram da təşkil ediləcək. Bu proqram da bilavasitə mədəniyyətlərarası dialoq mövzusuna həsr olunacaq.
Mədəni proqram çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın Federal Təhsil, İncəsənət və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə "Yəhudi, xristian və müsəlmanlar: mədəniyyətlərarası dialoq ən qədim yazılarda" adlı sərgi keçiriləcək. Sərgidə ən qədim əlyazmalar nümayiş etdiriləcək. Artıq Avstriyanın Azərbaycandakı səfirliyi ilə bu istiqamətdə iş aparılır. Eyni zamanda, tədbir çərçivəsində YUNESKO, Avropa Şurası və AŞ-nin Sivilizasiyalar Alyansının birgə sərgisi də açılacaq.