“QHT-lər siyasi proseslərə qatıla bilməzlər”
- Azay müəllim, bəzi siyasiləşmiş QHT-lərin radikal müxalifətin pozuculuq aktlarına dəstək vermələri və onların fəaliyyətini qızışdırmaları nə dərəcədə düzgün sayıla bilər?
- Bütövlükdə, fəaliyyət bölgüsü baxımından bu düzgün deyil. Çünki QHT-lərin məqsədi hakimiyyətə gəlmək və hakimiyyət uğrunda mübarizədə iştirak etmək, hər hansı bir siyasi partiyanın sözçüsü, filialı və nümayəndəsi rolunda çıxış etmək demək deyildir. Ümumiyyətlə, bütün inkişaf etmiş ölkələrdə müxtəlif institutların konkret vəzifələri və fəaliyyət sahəsi müəyyənləşib. Burada siyasi partiyalar ona görə yaradılır ki, onlar siyasi hakimiyyət uğrunda mübarizə aparsın və gələcəkdə də hakimiyyətə gəlsinlər. Amma QHT-lər isə qarşılarına bu məqsədi qoymurlar. Sadəcə olaraq, QHT-lər vətəndaş cəmiyyətinin inkişafından tutmuş, ölkənin bütün sahələrində ictimai nəzarəti təmin edən, obyektiv, tərəfsiz və hər şeyi olduğu kimi, deməyə çalışan, cəmiyyətin inkişafında maraqlı olan bir strukturlardır. Ona görə də, bu gün QHT-lərin xüsusi radikal müxalifətin yanında olmaları, həmin təşkilatlara dəstək vermələri və bəzi hallarda bu işlərdə iştirakları çox yanlış bir addımdır. Bir sözlə, bu, həm Azərbaycan qanunları, həm də dünya praktikası ilə üst-üstə düşmür. QHT-lərin bu gün gördüyü fəaliyyətindən hasil olan nəticə budur ki, onlar məhz siyasi hakimiyyəti hədəfləyən fəaliyyət göstərir və siyasi hakimiyyət uğrunda mübarizənin iştirakçısına çevrilirlər. Hesab edirəm ki, bu, çox yanlış bir yanaşmadır və bütövlükdə QHT fəlsəfəsinə uyğun deyil. Bir QHT rəhbəri ayrı-ayrı siyasi partiyalarda birinci olmasa belə, ikinci şəxs səviyyəsində və yaxud da həmin partiyaların rəhbər orqanlarında təmsil olunurlar. Hesab edirəm ki, bu, doğru deyildir. Yəni, QHT-lərin rəhbərləri, partiyaların rəhbər heyəti təmsil olunduğu təqdirdə, istər-istəməz partiyanın və onun qarşısında qoyduğu vəzifəni yerinə yetirməsi üçün canfəşanlıq etməli və yaxud da onun nəzərdə tutduğu tapşırıqları yerinə yetirməlidilər. Bunu edəcəyi təqdirdə isə, həmin o müstəqillik, obyektivlik əmsalı pozulur və QHT-lər isə istər-istəməz siyasi partiyanın təmsilçisi və ya ruporu qismində çıxış edirlər. Ona görə də, istərdim ki, bu gün QHT-lərin rəhbərləri ya siyasi partiyada, ya da QHT-lərdə fəaliyyətlərini davam etdirməlidirlər. Çünki burada hər iki partiyanın və institutun ümumi oxşar maraqları olsa da, əsas hədəflərində ciddi fərqlər var. Qeyd etdiyim kimi, siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparır, amma QHT-lərin qarşılarında belə bir vəzifə yoxdur. O baxımdan, hesab edirəm ki, bu cür təşkilatlar, ümumiyyətlə, seçim edən zaman başa düşməlidirlər ki, onların fəaliyyətindən konkret olaraq, cəmiyyət nə qədər faydalanır. Bir sözlə, düşünürəm ki, istənilən halda QHT-lərin bu prosesdə iştirakı az deyil, hətta qanunla da buna icazə verilmir. Ümumiyyətlə, Sudanın bununla bağlı təklifi ondan ibarətdir ki, QHT-lər bu siyasi aktivliyi nümayiş etdirən zaman, məhz qeyd etdiyim bu amilləri mütləq şəkildə nəzərdə tutmalıdırlar. Bir sözlə, onlar siyasi partiyaların sözçüsü və əsas filialı kimi çıxış etməməlidirlər.
- Ümumiyyətlə, qeyri-hökumət təşkilatlarının siyasi proseslərə qatılmaları "QHT-lər haqqında qanun"un tələblərinin pozulması demək deyilmi?
- Açıq şəkildə "QHT-lər haqqında qanun"da qeyd edilib ki, burada QHT-lər Prezident, parlament və bələdiyə seçkilərində iştirak edə, tərəf tuta və hər hansı siyasi partiyalara maddi dəstək verə bilməzlər. Yəni, onların birbaşa platformasının müdafiəçisi rolunda çıxış edə bilməzlər. Bu isə kifayət qədər əsas verir ki, bu gün məsələyə məhz qanunvericilik prizmasından yanaşaq və qanunu bir qiymət verək. Ona görə də qanunveriçilik birmənalı şəkildə, siyasi hakimiyyət uğrunda gedən mübarizədə QHT-lərin iştirakını yolverilməz hesab edir. Bu, təkcə Azərbaycanda deyil, eyni zamanda, bütün inkişaf etmiş ölkələrdə belədir. Bir daha qeyd edirəm ki, QHT-nin fəlsəfəsi hakimiyyət uğrunda mübarizədə iştirakı tam şəkildə istisna edir. Hakimiyyətlə mübarizə siyasi partiyalar üçündür. Amma bəzən görürsən ki, QHT-lər bir çox hallarda siyasi partiyaların hətta rolunu mənimsəməyə cəhd edirlər. Yəni, burada siyasi partiyaların vəzifələrini icra edirlər, sözçüsü rolunda çıxış edirlər və ruporu olurlar. Bundan sonra da özlərinin mövcud imkanlarından istifadə edərək beynəlxalq aləmdə Azərbaycan əleyhinə müəyyən kampaniyalara rəvac verirlər. Hesab edirəm ki, bu, yolverilməzdir və QHT-lər də bunu çox gözəl başa düşürlər. Bir sözlə, düşünürəm ki, bu bütövlükdə, Azərbaycanda vətəndaş cəmiyyətinə çox böyük bir zərbədir.
- Radikal müxalifətlə iş birliyinə gedən QHT-lərin arxasında xarici maraqlı qüvvələrin dayandığını söyləmək olarmı?
- Son vaxtlar bu barədə xeyli dərəcədə fikir mübadiləsi aparılır. Burada heç bir şeyi istisna etməzdim. Yəni, bu gün belə bir fikri konkret olaraq demək olmaz ki, radikal müxalifətin və yaxud da onları dəstəkləyən QHT-lərin arxasında hər hansı bir xarici qüvvə dayanmır. Düşünürəm ki, xüsusilə, yaxın qonşularmızdan və yaxud da Azərbaycanda stabilliyin, ictimai asayişin davamlı olmasında maraqlı olmayan bəzi qüvvələrin dəstəklədiyi qruplar şəklində QHT-lərə və siyasi partiyalara müəyyən dəstəyin verilməsini də istisina etmək olmaz. Amma düşünürəm ki, bu cür şəxslər və qruplar bilməlidilər ki, birinci növbədə, onların hər hansı bir xarici təsiri nəticəsində ölkədə ictimai sabitliyi pozma cəhdləri, ilk növbədə, milli maraqlara təhdiddir və onların birbaşa dövlətinə, millətinə olan bir basqıdır. Onlar isə bu layihələrdə iştirak etməməlidirlər. Burada istənilən halda hər hansı bir narazıçılıq varsa belə, onu məhz ölkə daxilində, dialoq çərçivəsində, təklif və müzakirələr dairəsində həll etməyə çalışmalıdırlar. Yəni, burada hər hansı bir xarici qrupun və qüvvələrin əlində alət olmamalıdırlar. Amma çox təəssüflər olsun ki, son vaxtlar daxil olan ciddi siqnallar bəzən bu cür halların da müşahidə edildiyini bildirirlər ki, dini radikalizmdən siyasi radikalizmə keçidlər olur. Bəzən isə QHT-lər burada aparıcı rola malik olur. Hesab edirəm ki, millətini və dövlətini sevən vətənpərvər insanlar heç vaxt belə bir layihədə yer almazlar. Digər tərəfdən, bu gün, bildiyimiz kimi, cəmiyyətdə QHT-lər üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Onların ən müxtəlif layihələri dövlət tərəfindən dəstəklənir. Ən müxtəlif təkliflərə dövlət tərəfindən müvafiq reaksiyalar daxil olur. Bu gün QHT-lərin elə bir nümayəndəsi olmaz, desin ki, mən hansısa bir məsələ ilə bağlı şuraya müraciət etdim və o, diqqətdən kənarda qaldı. Bu gün hətta QHT-lərə Dövlət Dəstəyi Şurası hökuməti tənqid edən QHT-lərə maliyyə ayırmaqdan belə çəkinmir. QHT-lərə fərq qoymadan onların platformasına, dünyagörüşünə fərq qoymadan bu gün ən yaxşı layihələri dəstəkləyir. Hesab edirəm ki, bu, bizim ən böyük uğurumuzdur. Belə bir gözəl platforma olduğu halda, düşünürəm ki, QHT-lər başqa bir qanuna və milli maraqlara zidd platforma seçməməlidirlər. Mən bir şeyi də qeyd etmək istərdim ki, QHT-lərin böyük əksəriyyəti qanuna və milli maraqlara əsasən fəaliyyət göstərirlər. Amma aralarında az da olsa, bəzi QHT-lər var ki, onlar qeydiyyatsız fəaliyyət göstərirlər. Hətta bəziləri qeydiyyata heç maraqlı da deyillər. Burada bizim də məsuliyyət hissimiz nəzərə alınmalıdır.