Yeni Azərbaycan Partiyası uğurun zirvəsindədir
- Siyavuş müəllim, ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- Müstəqil Azərbaycan Respublikasında ictimai-siyasi vəziyyət çox sabitdir. Bu gün radikal müxalifət ölkədə hansısa lazımsız, mənasız aksiyalar həyata keçirməklə, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirsə, bu, tamamilə mümkünsüzdür. Çünki Azərbaycanda hakimiyyətlə xalq arasında sarsılmaz birlik mövcuddur. Bunun nəticəsi olaraq, xalqımız bütövlükdə, ölkəmizdə gedən islahatları dəstəkləyir və vətənə sədaqətlə xidmət edirlər. Hansısa xarici qüvvələrin təhriki ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edən qüvvələr qanunla nizam-intizama dəvət olunacaqlar.
- Müxalifətçilərin Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerdə deyil, şəhərin mərkəzində icazəsiz aksiyalar keçirməyə cəhd göstərmələri "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun bilərəkdən pozulması, demək, deyilmi?
- Təbii ki, aksiyanın keçiriləcəyi yeri Bakı Şəhər İcra Hakimiyyəti müəyyənləşdirir. Bu gün Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyinə təminat var. Buna ölkədə yaradılan möhkəm əsaslara malik ictimai-siyasi sabitliklə nail olunub. Radikal müxalifət isə, kənar qüvvələrin maddi və mənəvi dəstəyi ilə mövcud siyasi sabitliyi icazəsiz mitinqlər, küçə yürüşləri ilə pozmağa çalışırlar. Həm Konstitusiyada, həm də "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunda göstərilir ki, insanlar toplaşmaq istədiyi zaman müraciət edirlər və dövlət qurumları da məsləhət bildiyi yerləri bunun üçün ayırır. Radikal müxalifət isə, qanunun tələblərinə riayət etmək istəmir. Amma həmin radikal qüvvələrin özləri də çox yaxşı başa düşürlər ki, bu gün Azərbaycanda heç bir sosial bazaları, dayaqları, ən başlıcası isə, onlara dəstək verən insanlar yoxdur. Bu baxımdan da onlar aksiyalarını şəhərin mərkəzində, insanların ən çox gedib-gəldikləri, istirahət etdikləri yerlərdə keçirməyə cəhd edirlər. Təbii ki, bununla çalışırlar ki, onlara maliyyə ayıran xarici qüvvələrə hesabat versinlər. Radikal müxalifətin bu gün heç bir ictimai dəstəyi yoxdur. Xalq onları dəstəkləmir. Artıq məlum məsələdir ki, müxalifətçilərin tərəfdarları kimlərdir. Onlar mitinqdə iştirak edənlərin sayını şişirdərək, 5000 nəfər olduğunu bildirirlər. Bu rəqəmlər, sadəcə olaraq, çox gülüncdür. Aksiyada 200-300 nəfərdən çox insan olmayıb, o da pərakəndə şəkildə. Həmin şəxslər parlament seçkilərində məğlubiyyətə düçar olanlar idi. Onların, hətta Azərbaycanın bütün rayonlarından topladığı səslərin miqdarı çox az idi. Demək olar ki, özlərindən başqa heç kim onlara səs verməmişdir.
- Radikal müxalifət ərəb dünyasında baş verən iğtişaşlardan ruhlanaraq, bunu Azərbaycanda da həyata keçirməyə çalışırlar. Onların buna gücü, qüvvəsi, ictimai dəstəyi nə dərəcədə yetərlidir?
- Azərbaycan ərəb dövlətləri deyil. Ukraynada narıncı inqilab oldu, radikal müxalifət də narıncı geyindi, Gürcüstanda "qızılgül inqilabı" oldu, onlar da əllərində gül-çiçək tutdular. Radikal müxalifət hansı formada, hansı don geyinsə belə, Azərbaycan cəmiyyəti onları yaxşı tanıdığı üçün qəbul etməyəcək. Azərbaycan xalqı Şərqdə ilk demokratik dövlət quran xalqdır. Bu xalqı hansısa aksiyalarla, boş-boş mitinqlərlə aldatmaq, qətiyyən, mümkün deyil. Azərbaycanda hər bir cəmiyyətin nümayəndəsi çox savadlı və qabiliyyətli insanlardır. Əsl reallıq budur.
- "İctimai Palata" deyilən qondarma qurumun mübarizə hədəfi nəyə görə məhz iğtişaşlar və qarşıdurmalar törətməkdən ibarətdir?
- Təbii ki, onların qanunlara zidd addımlar atmağa cəhd etmələrinin kökündə aldıqları maliyyə vəsaiti dayanır. Mitinqlərdə aksiya iştirakçıları tərəfindən özünü nizam-intizamla aparan polislərə qarşı təhqirlər, söyüşlər, küçə ifadələri səsləndirilib. Sanki qan tökülməsini istəyirdilər. Bununla yanaşı, mətbuat nümayəndələrini görən zaman müxalifət liderləri qışqırır, jurnalist olmayanda isə heç nə olmamış kimi çox sakit dayanırdılar.
- Məlumata görə, "İctimai Palata"ya xarici qüvvələr tərəfindən 40 milyon dollar ayrılıb. Bu, "Siyasi partiyalar haqqında" Qanunun tələblərinə zidd deyilmi?
- Təbii ki, xaricdən maliyyə yardımı almaq Azərbaycanın "Siyasi partiyalar haqqında" Qanuna ziddir. İcazəsiz aksiyanın gedişində də üzə çıxan maraqlı nüanslar mitinqlərin sifariş əsasında keçirildiyini üzə çıxarırdı. Aksiyada iştirak edən insanlar Azərbaycanda gərginlik, xaos yaratmaq istəyənlər idi. Amma onların niyyətləri heç zaman reallaşa bilməyəcək. Çünki bu gün Azərbaycan xalqı ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edir və dünya xəritəsində yeri və rolu daha da möhkəmlənir. Azərbaycanda yeganə xalq tərəfindən dəstəklənən və qəbuledilən partiya var ki, o da Yeni Azərbaycan Partiyasıdır. Bu mənada, xalq - hakimiyyət birliyi xarici qüvvələrə və onların Azərbaycandakı təmsilçilərinə imkan verməyəcəklər ki, ölkəmizdə özbaşınalıq yaratsınlar.
- Siyavuş müəllim, bəzi QHT-lərin radikal müxalifətlə əməkdaşlığa getməsi və onlara dəstək verməyə çalışmaları maraqlı fondların QHT-lərə tapşırığı kimi qiymətləndirmək olarmı?
- Biz hər şeyi çox yaxşı görür və bilirik. Müxalifətin haradan, hansı formada maliyyə yardımı alması heç də gizli məsələ deyil. Həmin qeyri-hökumət təşkilatları bir dəfə bəyan etsin ki, hansısa müəllimin, həkimin hüququnu müdafiə ediblər. Yalnız onlar radikal müxalifətin məntiqsiz, yersiz, lazımsız siyasi oyunlarında iştirak ediblər. Bu oyunların da hamısı xaricdən aldıqları maliyyə dəstəyi hesabına baş verir.