PDF Oxu

Müsahibə

  • 14

Qadınları küçələrə çıxmağa məcbur etmək siyasətçiyə başucalığı gətirməz

Qadınları küçələrə çıxmağa məcbur etmək siyasətçiyə başucalığı gətirməz
- Nurlana xanım, bu gün Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəaliyyətini necə dəyərləndirmək olar?
- Tarixən Azərbaycan qadını güclü, mərd və mübariz fəaliyyəti ilə seçilib. Azərbaycan qadını bu gün, üçüncü minilliyin ilk onilliyində dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub- yaradırlar. Çünki bu gün onların yaşadığı ölkədə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurub-yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb. Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtisadi inkişafın vüsət alması, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması, təhsilə yeni yanaşmanın təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. Öz fəaliyyəti dövründə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşıb, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli Liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır".
- Ölkəmizin ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında qadınlar böyük üstünlük təşkil edir. Partiyada təmsil olunan qadınların Azərbaycanda hüquqi, demokratik cəmiyyət quruculuğunda rolunu yetərli hesab etmək olarmı?
- YAP-ın sıralarında təmsil olunan insanların 49 faizi qadınlardır. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərində sadiqdirlər, ictimai-siyasi prosesin fəal iştirakçısıdırlar. Xatırladım ki, YAP-ın Qadınlar Şurası 1995-ci ildə yaradıldı. Partiyamızın sıralarında ilk olaraq ziyalı, fəal qadınlar qoşuldular. Daha sonra ildən-ilə Qadınlar Şurasının sıraları xeyli genişlənməkdədir. Onların sıralarında evdarlardan tutmuş müxtəlif sahələrdə çalışan qadınlar da var. Bəzən siyasəti qadınlara yaraşdırmırlar. Amma mən deyərdim ki, bu gün siyasətin daha çox qadınlara dəxli var. Siyasət sülhdür, əmin-amanlıqdır. Siyasət cəmiyyətin tərəqqisidir, cəmiyyətdə yaşayan vətəndaşların təhlükəsizliyi və toxunulmazlığı, o cümlədən, hüquqlarıdır. Bunların hamısı qadınlarımızın arzusudur. Qadın əgər cəmiyyətdə özünü xoşbəxt hesab edirsə, demək, həmin ölkə siyasi-iqtisadi cəhətdən inkişaf etmiş ölkədir. Bizim, doğrudan da, geniş potensialımız var. Bəlkə elə buna görə də yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. Çünki həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində onların üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma torpaqların bir qisminin işğal altına düşdüyü indiki dövrdə gəncləri Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək işində Azərbaycan qadını öz üzərinə düşən ağır yükü şərəflə çəkir. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərində sadiqdirlər, ictimai-siyasi prosesin fəal iştiakçısıdırlar. Ölkəmizdə aparılan dövlət siyasətinin uğurlu nəticələrini hamımız görürük. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu siyasət bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi Azərbaycanın mövqeyi dünyada tanınır, təqdir olunur.
- Nurlana xanım, radikal müxalifət liderlərinin təsiri altına düşən bəzi məram və məqsədlərini anlamayan qadınların küçələrə çıxaraq qeyri-qanuni çağrışlar etməsi təəssüf doğurmur ki?
- Radikal müxalifətin yürütdüyü siyasət milli və dövlətçilik maraqlarına ziddir. Onlar müxalifətdə olduqları dövrlərdən başlayaraq, tələbə və gənclərin şəxsi həyatlarına müdaxilələr edən, onları öz tərəflərinə çəkmək üçün bütün vasitə və üsullardan istifadə edən ünsürlər olub. Amma fakt ondan ibarətdir ki, radikal müxalifət insanları öz tərəflərinə çəkmək niyyətlərini reallaşdıra bilməyiblər. Çünki ictimaiyyət onların xislətinə tam şəkildə bələddir. Məhz buna görə də, keçirmək istədikləri aksiyalar iflasa uğrayır. Buna misal kimi sonuncu 11-12 mart mitinqlərinə cəhdlərin iflasa uğramasını göstərmək olar. Bəzən Müsavat, AXCP (i) və digər radikal müxalifət təşkilatlarının rəhbərləri qızışdırıcı mövqe tutaraq, qadınları belə qanunsuz əməllərə təhrik edirlər ki, bu da siyasətçiyə başucalığı gətirməz. Bu reallığı müəyyən anti-Azərbaycan mövqeli qüvvələrin təsiri altında olan radikal müxalifət partiya sədrləri də başa düşüb, dərk etsələr, daha yaxşı olardı. Qadın elmdə, təhsildə, dövlət idarəetməsində olmalı, çalışmalı və dövlətə, millətə xeyirli, gərəkli işlərlə töhfələr verməlidir.

Digər xəbərlər