“Biz sabitliyi pozanlara yox deyirik"
Anar müəllim, parlament formalaşıb və bu parlamentin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda ilbəil bütün sahələrdə inkişaf gedir. Bu baxımdan hesab edirəm ki, yeni tərkibdə formalaşan parlamentdə də geriyə yox, irəliyə addım var. Hesab edirəm ki, 2010-cu ilidə formalaşan parlament xalqımıza, millətimizə, ölkəmizə öz töhfələrini verəcək. Mənim buna şübhəm yoxdur.
- Yəni parlamentin fəaliyyəti ilə maraqlanırsınız, onu izləyirsinizmi?
- Əlbəttə, nəinki parlamentin işi ilə, ölkədə gedən bütün proseslərlə maraqlanıram. Təbii ki, dəvət olunduğum tədbirlərdə də iştirak edirəm. Parlamentin fəaliyyətini də izləyirəm, xüsusən beynəlxalq təşkilatlarda keçirilən görüşləri. Möhtərəm Prezidentimizin apardığı xarici siyasətin davamı olaraq deputatlar tərəfindən atılan addımları mütəmadi olaraq izləyirəm və Milli Məclisin fəaliyyətini qənaətbəxş hesab edirəm.
- Hazırda keçmiş deputat yoldaşlarınızla əlaqələriniz varmı?
- Əlbəttə, bütün mənim keçmiş həmkarlarım və bu gün parlamentdə fəaliyyət göstərən, mənimlə eyni vaxta deputat olmayan insanlarla da münasibətlərim var. Onların adını açıqlaya da bilərəm.
- Kimlərlə görüşürsünüz, hansı məsələlər ətrafında fikir mübadiləsi aparırsınız?
- Mən parlamentdə Aqrar siyasət komtəsinin üzvü olmuşam. Ona görə də vaxtaşırı komitənin sədri Eldar İbrahimovu gedib ziyarət edirəm, Hadı Rəcəbli ilə görüşürəm. Əli Hüseynli, Şahin Mansurov, Aydın Abbasov, Rövşən Rzayev, Adil Əliyev, Elman Məmmədov, Vəsadət Əzizov, Vüqar Rəhimzadə ilə də əlaqə saxlayırıq, görüşürük. Hazırda deputat olmayan şəxslərdən Oqtay Səmədov, Ağakərim Rəhimov, Tofiq Hüseynli, Novruz Quliyev və digərləri ilə də xoş münasibətimiz var. Qeyd edim ki, iqtidarın apardığı siyasəti dəstəkləyən hər bir millət vəkili mənim dostumdur.
Biz xeyir-şər məclislərində, tədbirlərdə rastlaşırıq, eyni zamanda boş vaxtımız olanda zəngləşib görüşürük. Bizim ümumi məqsədimiz var ki, ölkəmizdə firavanlıq olsun. Ona görə də biz istər Prezidentimiz tərəfindən verilən tapşırıqlar, istərsə də ölkəmizin gündəmində olan vacib məsələlər olsun, ara-sıra görüşəndə öz aramızda müzakirə aparırıq.
- Anar müəllim, bir neçə müddətdir ki, ərəb dünyasında inqilablar baş verir. Bu prosesləri siz necə qiymətləndirirsiniz?
- Bu proseslər qlobal məsələlərdir. Dərinliyə getsək, haradasa demokratik ölkələrin də ərəb dünyasına müəyyən təzyiqləri var. Amma çevrilişlər bu ölkələrdə xalq inqilabı adı altında gedir. Xalq digər ölkələrə baxıb inkişaf etmək istəyir. Mən hesab edirəm ki, bunlar təbii proseslərdir. Sadəcə, bir məsələyə təəssüf edirəm ki, Azərbaycanda müxalifət adı ilə formalaşan təşkilatlar belə ölkələrdə gedən məsələlərdən nə isə öz ölkəmiz üçün tətbiq etmək və yaxud ondan ruhlanıb hərəkətə keçmək, mitinq etmək istəyir. Bir dəfə mitinq etdilər, indi ikinci dəfə mitinq təyin ediblər.
Ola bilər ki, bu gün 90-cı ildə dünyaya gələn Azərbaycan gəncləri və digər o yaşda olan insanlar bizim yaxın keçmişimizi görməyiblər. Amma biz 1990 və 92-ci illəri, Azərbaycanda gedən prosesləri yaşamışıq. Mən o müxalifət nümayəndələrinə xatırlatmaq istəyirəm ki, Azərbaycanda ilk növbədə xalq inqilabı olub. Azərbaycanda AXCP-Müsavat çütlüyünün yaratdığı anarxiya ölkəmizi dağıtmaq təhlüksilə üz-üzə qoyduğu halda, xalq ayağa qalxdı, Naxçıvana üz tutdu və öz xilasakarını - Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu gün onun qurduğu dövlət dünyanın ən oturuşmuş dövlətləri içərisindədir.
Təəssüf ediləsi hal odur ki, bizim müxalifət nümayəndələri Azərbaycanın qlobal məsələlərində iqtidarın yanında durmaq əvəzinə öz şəxsi mənafelərinə uyğun addımlar atırlar. Onlar nə yolla olursa olsun hakimiyyətə gəlmək istəyirlər. Həmin bu insanların xalq arasında sosial bazası yoxdur. Bu bazanın olmamasının sübutu xalqın "Torqovı" dediyi ərazidə gedib mitinq keçirmələridir. Əgər sənin sosial bazan varsa, partiyanın kifayət qədər üzvü varsa, gedib boş yerlərin birində mitinq keçir. Müxalifət nümayəndələrinin rəhbərləri deyirlər ki, sərbəst toplaşmaq hüquqları var. Mən də deyirəm ki, Azərbaycan vətəndaşlarının da istirahət etmək hüququ var. Əgər mən ailəmlə, yaxınlarımla "Torqovı"da istirahət edirəmsə, onların nə ixtiyarı var səs-küy salıb mənim istirahətimi pozsunlar. Azərbaycan müxalifətinin bugünkü düşüncəsini mən qəbul etmirəm. Onlar Azərbaycan xalqına nə verə biləcəklərini artıq göstəriblər. Onlar geridə Azərbaycanın hər bir regionunda olan Şəhidlər xiyabanları, 1 milyondan çox qaçqın və tənəzzül etmiş iqtisadiyyat qoydular.
Bilirsiniz, fəaliyyət tək danışmaqdan ibarət deyil. Bu gün Azərbaycan iqtidarının nümayəndələri danışmaqdan daha çox əməli işə üstünlük verirlər. İndi təkcə Bakı şəhərində yox, Azərbaycanın bütün regionlarında gedən inkişaf, iş yerlərinin açılması, Bakı şəhərinin günbəgün gözəlləşməsi və eləcə də digər işləri saymaqla qutaran deyil.
İndi bizim çatışmayan tərəflərimizi barmaqla saymaq olar. Bu da daimi aparılan uğurlu dövlət siyasətinin nəticəsidir. Bu gün Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir. Naxçıvanla Azərbaycanı birləşdirən yalnız bir hava yolu var. Lakin bütün bunlara baxmayaraq Naxçıvandakı inkişafa gedib baxın. Bunların hamısı Heydər Əliyev siyasətinin və Naxçıvan rəhbərliyinin, o cümlədən Vasif Talıbovun apardığı işin nəticəsidir. Bu gün Azərbaycanın ən ucqar rayonlarında, istər Cənub bölgəsi olsun, istərsə də Şimal bölgəsi olsun, hər tərəfdə inkişaf var. Bugünkü inkişaf Prezidentimiz İlham Əliyevin uğurlu siyasətindən aslıdır. Əgər kapitan yerindədirsə, sükanı düzgün idarə edirsə, deməli, gəmi də rahat gedəcək. Bizim də gəmimizi sürən, tam təhlükəsizliyimizə təminat verən və onu bacaran dövlət adamı var.
Mən düşünürəm ki, Azərbaycan xalqı lazım gəlsə meyadana çıxmalı, Azərbaycanda ictimai asayişi pozmağa çalışan insanlara "biz sabitliyi pozanlara yox deyirik!" şüarını səsləndirməlidir.
Təbii ki, problemlər də var. İş olan yerdə problem olar, iş olmayan yerdə problem olmaz. Ölkəmiz inkişaf edirsə, problemlərimiz də olacaq. Gəlin biz dövlətimizin yaşına baxaq. Azərbaycan 20 yaşlı bir dövlətdir. Bu yaşda bu inkişaf mənə elə gəlir ki, çox təqdirəlayiqdir.
Əlbəttə, müxalifət nümayəndələri də Azərbaycan vətəndaşlarıdır. Ancaq söhbət təşkilatdan, sosial bazadan gedirsə, onlarda bu, yoxdur. Azərbaycan vətəndaşı olan insan bugünkü inkişafa qara yaxmamalıdır.