Yaxın 10 il ərzində ölkənin yanacaq-enerji resurslarına olan tələbatı tam təmin olunacaq
- Etibar müəllim, son illər respublikamızın energetika sektorunda uğurlu layihələr həyata keçirilməkdədir. Həyata keçirilən bu layihələr ölkəmizin enerji güclərinin artmasında hansı təsirə malikdir?
- Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirmiş, bu sahədə misilsiz quruculuq işləri görmüşdür. Azərbaycanda müstəqil enerji sisteminin formalaşması, dövlətimizin enerji təhlükəsizliyinin təmin olunması Ulu Öndərimizin şərəfli adı ilə bağlıdır. Məhz onun şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 30 il ərzində ölkəmizin energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətləri istifadəyə verilmiş və beləliklə də enerjisistemin real imkanları iki dəfədən çox artırılmışdır.
Ulu Öndərin müəyyənləşdirdiyi və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi inkişafı daha da sürətləndirmək strategiyası Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlmişdir. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramların işlənib hazırlanması və uğurla icra edilməsi nəticəsində ölkəmiz öz iqtisadi inkişaf sürətinə görə dünya lideri mövqeyinə yüksəlmişdir.
Dövlət Başçımız Azərbaycanın elektrik energetikası sistemində mühüm islahatlar və geniş miqyaslı quruculuq işləri həyata keçirir. Ölkə enerjisistemin yeni inkişaf mərhələsi kimi dəyərləndirilən bu dövr 2004-2008-ci və 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafına, 2005-2015-ci illərdə yanacaq-enerji kompleksinin inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, respublikamızda elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində dövlətimizin başçısının göstəriş və tapşırıqlarının uğurla yerinə yetirilməsi ilə əlamətdardır. Bütün bunların nəticəsində 7 il ərzində respublikamızda 10 elektrik stansiyası tikilərək 1500 MVt-dan artıq yeni generasiya gücləri istismara verilmiş və mövcud stansiyaların yenidənqurulması nəticəsində 600 MVt əlavə güc artımı əldə edilmişdir.
Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibinə 13 istilik elektrik stansiyası və 6 su elektrik stansiyası daxildir. Onların ümumi qoyuluş gücü 6400 MVt-a yaxındır. Ölkədə istehsal edilən elektrik enerjisinin 90 faizə yaxın hissəsi istilik elektrik stansiyalarının, qalan hissəsi isə su elektrik stansiyalarının payına düşür. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olmuş, ölkə enerjisistemin təhlükəsizliyi təmin edilmiş və qonşu ölkələrə də elektrik enerjisi ixrac etməyə imkan yaranmışdır. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilmiş, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilmişdir. Nəticədə stansiyaların faydalı iş əmsalı artmış, 1 kVt-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı əhəmiyyətli dərəcədə azalmışdır.
- 2005-2015-ci illər üçün Azərbaycan enerji sisteminin elektrik şəbəkəsinin inkişafına dair proqramın icra vəziyyəti hansı vəziyyətdədir?
- Dövlət Başçımızın şəxsi təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının potensial qüdrəti getdikcə artmaqdadır. İqtisadiyyatın sürətlə inkişafı iqtisadiyyatın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də böyük nailiyyətlərin əldə olunmasına geniş imkanlar yaratmışdır.
Məlum olduğu kimi, ölkə iqtisadiyyatının sürətli inkişafına uyğun olaraq elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədi ilə Dövlət başçısı "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nı təsdiq etmişdir.
Dövlət Proqramı 10 il ərzində ölkənin yanacaq-enerji resurslarına olan tələbatını tam ödəməklə bərabər bu sahənin yenidənqurulmasını, müasir avadanlıqlarla təchizini, modernləşdirilməsini, nisbətən güc çatışmazlığı ilə üzləşən enerjisistemi yaxın gələcəkdə kifayət qədər güc mənbəyinə malik sistemə çevirməyi nəzərdə tutur.
Bununla əlaqədar, "Azərenerji" ASC üzrə 2015-ci ilə qədər uzun müddətli və 2008-ci ilə qədər yaxın müddətli proqramlar müəyyən olunmuşdur. Yaxın müddətli proqram: - qısa müddət ərzində mövcud problem və çatışmamazlıqların aradan qaldırılmasını, enerji təchizatında çətinlik yaranmış bölgələrdə yeni generasiya güclərinin işə salınmasını, mövcud elektrik şəbəkələri infrastrukturun yenidənqurulmasını, müasirləşdirilməsini, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsini; uzun müddətli proqram isə sahənin qabaqcıl templə inkişaf etdirilməsini və respublikanın elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsini nəzərdə tuturdu. Proqramda nəzərdə tutulmuş işlər qrafikə uyğun davam etdirilir. Belə ki, bölgələrdə enerji təchizatının yaxşılaşdırılması məqsədilə 2005-ci ilin əvvəlindən enerjisistemin sistemtəşkiledici yarımstansiyalarında artıq yüklənmə rejimində işləyən transformatorları daha güclüləri ilə əvəz etməklə yenidənqurma işləri aparılmışdır. Proqram çərçivəsində blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının enerji təchizatının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilmişdir.
Ümumiyyətlə, Proqrama uyğun olaraq 2010-cu ilə kimi ümumi gücü 2500 MVA olan 600 transformator quraşdırılmış və ümumi uzunluğu 30 min km-dən artıq elektrik verilişi xətləri istifadəyə verilmişdir.
- Etibar müəllim, ölkəmizin mövcud elektrik stansiyalarının gücünün bərpa edilməsi və yenilərinin tikilməsi üzrə nə kimi tədbirlər həyata keçirilir?
- Dövlət Başçımızın düşünülmüş, uzaqgörən siyasəti nəticəsində son yeddi il ərzində respublikanın enerji sisteminin generasiya gücünün artımı 2100 MVt-dan artıq olmuşdur. Yeni elektrik stansiyalarının müxtəlif bölgələrdə inşa edilməsi enerjisistemin səmərəlilik göstəricilərini yüksəltməklə yanaşı, həmin bölgələrin sosial-iqtisadi inkişafına da güclü təsir göstərmişdir.
Dövlət Başçımızın rəhbərliyi altında həyata keçirilən 2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması və digər zəruri tədbirlər nəzərdə tutulur. Bu da öz növbəsində elektrik enerjisi sistemində generasiya güclərinin artırılmasını tələb edir. Bu məqsədlə regionlarda yeni layihələr uğurla icra edilir.
Belə ki, "Azərbaycan" İES-də yenidənqurma işləri 1,2,3,4,5 və 8-ci enerjibloklarında başa çatmış, 6 və 7-ci enerjibloklarında yekunlaşmaq üzrədir. Bu işlər başa çatdırıldıqdan sonra stansiyanın imkan gücü 2000 MVt-dan 2600 MVt-a yüksələcəkdir. "Mingəçevir" SES-də yenidənqurmaya hazırlıq işləri aparılır, avadanlıqların gətirilməsinə başlanılmışdır. "Varvara" SES-də söküntü işləri və yenidənqurmaya hazırlıq işləri aparılır. Yenidənqurma işləri nəticəsində bu stansiyalarda 90 MVt əlavə generasiya gücü əldə ediləcəkdir. Eyni zamanda vaxtilə istismarda olan, sonradan fəaliyyəti dayandırılmış bir neçə KSES-in bərpası üzrə tədbirlər hazırlanır. Bütün bunlarla yanaşı yeni elektrik stansiyalarının tikintisi üzrə də layihələr həyata keçirilir. Hazırda Şirvan şəhərində 780 MVt-lıq buxar-qaz qurğulu "Cənub" elektrik stansiyasının tikintisində işlər müəyyən edilmiş qrafikə uyğun davam etdirilir. Stansiya işə düşdükdən sonra ildə orta hesabla 700 min ton yanacağa qənaət ediləcəkdir. Cari ilin sonunda istismara verilməsi nəzərdə tutulan bu stansiya elektrik enerjisi sistemində mühüm rol oynayacaqdır.
Füzuli rayonunda Yuxarı-Mil suvarma kanalı üzərində inşa edilən 25 MVt gücündə Füzuli Su Elektrik stansiyasının tikintisi Aran bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi ilə yanaşı pik güclərinin artırılmasına da kömək edəcəkdir. Stansiyanın tikintisi cari ilin ortalarında başa çatdırılacaqdır.
Kür çayı üzərində ümumi gücü 400 MVt olan Tovuz su elektrik stansiyasının da tikintisinə başlanılması nəzərdə tutulmuşdur. Qeyd edək ki, bu çox böyük və mühüm layihədir və bu stansiyanın tikintisi su resurslarından daha səmərəli və çevik istifadə olunmasına imkan yaradacaqdır.
- Bölgələrdə KSES-nin tikintisi ilə bağlı layihələr hansı səviyyədədir?
- Dövlətimizin başçısının alternativ enerji mənbələri yaradılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində "Azərenerji" ASC tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ilkin qiymətləndirmələr əsasında Azərbaycan Respublikasında kiçik çayların su kadastrı hazırlanmış və eyni zamanda külək enerjisinin potensialı qiymətləndirilib, bu istiqamətdə texniki-iqtisadi əsaslandırmalar hazırlanaraq müvafiq strukturlara təqdim olunmuşdur.
Ümumiyyətlə, ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi ilk növbədə hidroenergetikanın inkişafı, o cümlədən kiçik su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritet təşkil edir. İlkin hesablamalara görə, respublika ərazisində bütün çayların nəzəri hidroenerji potensialı 40 milyard kilovatsaatdır. Kiçik su elektrik stansiyalarının nəzəri potensialı isə 28 milyard kilovatsaatdır. Ümumiyyətlə, çaylar üzərində və su təsərrüfatı obyektlərində orta hesabla 280 kiçik su elektrik stansiyasının tikintisi mümkündür. İlkin hesablamalara görə, onların ümumi gücü 700 MVt, enerji istehsalı isə 3,5 milyard kilovatsaat təşkil edir. O cümlədən, yaxın gələcəkdə səmərəliliyinə görə 36 su elektrik stansiyasının tikintisi daha məqsədəuyğundur.
Belə stansiyalardan olan "Göyçay-1", "Balakən-1" və "Qusar-1" kiçik su elektrik stansiyalarında tikinti işləri qrafikə uyğun davam etdirilir. Hazırda bölgələrdə dağ çayları və kanalların üzərində kiçik su elektrik stansiyalarının tikintisi üzrə ilkin olaraq toplam gücü 16,3 MVt olan kiçik su elektrik stansiyalarının tikintisinə hazırlıq işlərinə başlanılmışdır. Bu stansiyalar üzrə mühəndis-geoloji axtarış işləri yerinə yetirilmiş, Texniki-İqtisadi Əsaslandırma hazırlanmış, layihə-smeta sənədləri hazırlanır.
Ümumiyyətlə, 2015-ci ilə kimi respublika üzrə iri və kiçik su elektrik stansiyalarının tikintisi layihələrinin həyata keçirilməsi 2 milyon tondan artıq şərti yanacağa qənaət olunmasına, eyni zamanda atmosferə atılan karbon qazının miqdarının nəzərəçarpacaq dərəcədə azaldılmasına imkan verəcəkdir.
- Yüksək Gərginlikli elektrik xətlərinin dəyişdirilməsi, yeni xətlərin çəkilməsi, yeni yarımstansiyaların tikintisi ilə bağlı hansı işlər planlaşdırılır?
- Respublikanın enerji sistemində gərginliyi 110 kilovolt və ondan yüksək olan 200-dən artıq yarımstansiya vardır. Eyniadlı elektrik verilişi xətlərinin ümumi uzunluğu 8 min kilometrdən artıqdır. Gərginliyi 35 kilovolt və ondan aşağı olan paylayıcı xətlər də daxil olmaqla, elektrik verilişi xətlərinin ümumi uzunluğu 100 min kilometrdən çoxdur. Bu qəbildən olan 220 kV-lik Şirvan-Xırdalan xətti 60-cı illərdə, Şirvan İES-Ağdam-Gəncə-Ağstafa və Şirvan İES-Yaşma-Dərbənd yüksək gərginlikli xətləri 1968-71-ci illərdə, 1-ci və 2-ci Abşeron EVX, 4-cü və 5-ci Mingəçevir, 3-cü Şirvan EVX-ləri isə 80-cı illərdə istismara verilmişdir. Göründüyü kimi bu elektrik verilişi xətləri uzun müddət istismar edildiyindən köhnəlmişdir ki, bu da öz növbəsində enerjisistemin işinə mənfi təsir göstərir. Bu səbəbdən də istehsal olunan elektrik enerjisinin istehlakçılara verilməsi işinin keyfiyyətini daha da yaxşılaşdırmaq, bu sahədə digər lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Ötən il "Abşeron" yarımstansiyasına "Azərbaycan İES"-lə yanaşı, "Şirvan İES"-dən də enerji ötürmək məqsədilə IV Şirvan hava xəttinin bu yarımstansiyaya giriş-çıxışı təmin olunmuşdur. İndi təsadüf nəticəsində Mingəçevirdən gələn xətlərdə problem yaransa belə, təminat Şirvan İES vasitəsilə həyata keçiriləcəkdir. Digər tərəfdən, "Yaşma" xətti ilə 8-ci "Abşeron" xəttinin əlaqələndiyi "Dərbənd" hava xətti və ya Sumqayıt Elektrik Stansiyası vasitəsilə enerjinin ötürülməsi təmin oluna bilər.
Uzunluğu 12 km olan 110 kilovoltluq "Hövsan-Qala" hava xətti tikilib istifadəyə verilmişdir. Nəticədə şəhərin enerjiötürücü şəbəkəsinin təhlükəsizliyi möhkəmləndirilmiş, o cümlədən həmin ərazilərdə yerləşən mühüm infrastruktur obyektlərin elektrik enerjisinin keyfiyyəti və dayanıqlığı daha da yaxşılaşmışdır.