Ermənistanın aqibəti acınacaqlı olacaq
- Elşad müəllim, Ermənistanda Serj Sarkisyan rejiminin narkotik və insan alveri ilə məşğul olması bunu deməyə əsas verirmi ki, ölkə hakimiyyəti mafiya qanunları ilə idarə olunur?
- Ermənistan hakimiyyətinin formalaşması qanundankənar baş verən bir hal kimi tarixə düşüb. Ermənistanın əvvəlki prezidenti Robert Köçəryanın varisi olan Serj Sarkisyanın hakimiyyətə gəlməsinin özü də qeyri-qanuni formada baş verib. Çünki R.Köçəryan qeyri-qanuni və cinayətkar yollarla hakimiyyətə gəlmişdir. Ölkəni idarəetmə prosesində də, əsasən, kriminal elementlərə daha çox üstünlük verilir. Bu gün isə S.Sarkisyanın rəhbərlik etdiyi dövrdə təkcə insan alveri deyil, eyni zamanda, digər məqamlarla da bağlı hakimiyyət səviyyəsində cinayətkarlıq müşahidə olunmaqdadır. Təbii ki, bu cür yollara, prinsiplərə söykənərək dövlətin idarə olunması Ermənistanda siyasi sistemin və dövlətçiliyin məhv olunmasına gətirib çıxaracaqdır.
- Ermənistanda hökm sürən xaos və anarxiya bu ölkənin dağılmasına gətirib çıxara bilərmi?
- Artıq bu proseslər müşahidə olunmaqdadır. Əgər qısa bir müddət ərzində işğalçı ölkə olan Ermənistanda əsaslı dəyişikliklərə start verilməsə, demək olar ki, Ermənistanın aqibəti çox acınacaqlı olacaqdır. Çünki bu gün dövlət səviyyəsində, cəmiyyətə münasibətdə həyata keçirilən siyasətdə qeyri-müəyyənlik mövcud olmaqdadır. Bildiyiniz kimi, Ermənistanda çox sayda ac insanlar mövcud olmaqdadır və görünür ki, həmin problemlərin həlli hakimiyyət orqanlarını, ümumiyyətlə, düşündürmür. Qeyd etmək istərdim ki, burada Ermənistanın ən böyük cinayətkarlığı terrorizmin dövlət siyasəti səviyyəsinə qaldırılmasıdır. Yəni, bütün bu qeyd etdiyimiz məqamlar zaman-zaman Ermənistanı dövlət olaraq çökdürür. Dövlət siyasətində bir ardıcılıq olmadıqda və dövlətin daxili auditoriyaya hesablanmış siyasətində bir məntiq olmadıqda, həmin o dövlətin süquta uğraması labüddür. Təbii ki, işğalçı ölkə olan Ermənistanda gedən acınacaqlı proseslər onun bir dövlət olaraq sıradan çıxmasına gətirib çıxaracaqdır.
- Əgər Ermənistanda Serj Sarkisyan rejimi dağılarsa, bu halda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına imkanlar yarana bilərmi?
- Əgər Ermənistanda Serj Sarkisyanın iqtidara rəhbərlik etdiyi sistem dağılarsa və konstruktiv düşüncəli insanlar hakimiyyətə gələrsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində irəliləyişlər müşahidə oluna bilər. Amma təkcə fərdi olaraq S.Sarkisyanın hakimiyyətdən getməsi bunun üçün kifayət etməyəcəkdir. Sizin qeyd etdiyiniz kimi, ümumiyyətlə, bu sistemin aradan qalxması gərəkdir ki, mütərəqqi mövqe nümayiş etdirə biləcək qüvvələr hakimiyyətdə təmsil olunsun və bu münaqişənin tənzimlənməsi istiqamətində hər hansı addımlar atılsın.