PDF Oxu

Müsahibə

  • 16

Ermənistan hakimiyyətinin iflası labüddür

Ermənistan hakimiyyətinin iflası labüddür
- S.Sarksiyan rejiminin Ermənistanda narkotika və insan alveri ilə məşğul olması, bunu deməyə əsas verirmi ki, Ermənistan hakimiyyəti mafiya qanunları ilə idarə olunur?
- Bu, sirr deyildir ki, bu gün Ermənistanın siyasi rejimi çox ciddi problemlərlə üzləşib. Həmin problemlər də iqtisadi, sosial və hərbi sahələrdə özünü göstərir. Şübhəsiz ki, bu problemlər də Ermənistanı böhran səviyyəsinə gətirib çıxarıb. Eyni zamanda, ölkə əhalisinin Ermənistan vətəndaşlığından imtina tendensiyası da günü-gündən güclənməkdədir. İqtisadiyyatı uçurum vəziyyətində olan və büdcəsini formalaşdırmağa çalışan Ermənistan, maraqlıdır ki, Dağlıq Qarabağdakı mövcud status-kvo vəziyyətini qoruyub saxlasın. Çünki Dağlıq Qarabağın işğal altında saxlanılması, Ermənistanın dağılmış iqtisadiyyatı üçün əlverişlidir. Bu da, ilk növbədə, özünü onda göstərir ki, Dağlıq Qarabağ ərazisi nəzarətdənkənar bir zonadır və bu cür zonalarda narkotiklərin yetişdirilməsi və becərilməsi üçün unikal imkanlar yaradır. Nəzərə almalıyıq ki, dünyada narkotiklərin əsas istehsal sahəsi Əfqanıstandır. Bildiyiniz kimi, Əfqanistanda bir çox ərazilər nəzarətdən kənardadır. Bu ölkənin digər ərazilərində də narkoticarət üçün çox geniş imkan və potensial var. Narkotiklər Əfqanıstandan İran ərazisinə keçirilir, oradan isə Dağlıq Qarabağın nəzarətsiz zonasına daxil olur. Buradan isə Qara dəniz vasitəsilə Avropa bazarına çıxarılır. Nəzərə alsaq ki, bu, artıq təsdiq edilmiş bir meyardır. Bu gün silah satışından sonra dünyada ikinci qazanc gətirən sahə məhz narkotiklərdir. Ona görə də, Ermənistan həmişə çalışır ki, Dağlıq Qarabağın status-kvo vəziyyəti qorunub saxlanılsın. Məlumdur ki, "DQR"-in heç bir iqtisadi yüksəlişi müşahidə edilmir, çünki təbii ehtiyatlara malik deyil. Ermənistanda isə korrupsiya baş alıb getməkdədir. Təbii ki, belə bir rejim maliyyə mənbələri baxımından bu narkotiklərdən gələn gəlirlərə xüsusi əhəmiyyət verir. Ona görə də, Ermənistan hər zaman çalışır ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda bir görüntü yaratsın və bu danışıqların imitasiyasını yaradıb, beynəlxalq ictimai fikri çaşdırsın və bu vəziyyəti qoruyub saxlasın. Burada beynəlxalq birlik onun da fərqində olmalıdır ki, narkotiklərdən qazanılan gəlirlərin böyük bir hissəsi terrorizmin maliyyələşdirilməsinə sərf edilir.
- Ermənistanda hökm sürən xaos və anarxiya bu ölkənin dağılmasına gətirib çıxara bilərmi?
- Bu hal Ermənistan hakimiyyətinin dağılmasına gətirib çıxarmayacaqdır. Amma bu cür xaotik vəziyyət Ermənistandakı siyasi rejimin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxara bilər. Bu cür siyasi rejimlərdə isə müxalifətlə iqtidar arasında çox gərgin hallar baş verir. Bu baxımdan, hesab edirəm ki, bu yaxınlarda Ermənistanda S.Sarkisyan rejimi əleyhinə çox ciddi çıxışlar və mitinqlər gözlənilir. Bu mitinqlərin əsas şüarlarından biri də S.Sarkisyan rejiminin istefaya göndərilməsi ilə bağlı olacaqdır.
- Əgər Ermənistanda S.Sarkisyan rejimi dağılarsa, bu halda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına imkanlar yarana bilərmi?
- Hesab edirəm ki, Sarkisyanın hakimiyyətdən getməsi prinsip etibarilə mümkündür. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atılması ərəfəsində Ermənistan rəhbərliyində bu cür hadisələr baş verir. Ermənistan rəhbərliyi çox gözəl dərk edir ki, Azərbaycan bütün sferalarda, xüsusi olaraq, hərbi sahədə daha da güclənməkdədir. Bir sözlə, Ermənistan tərəfi çox yaxşı bilir ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən yüksək texnologiyalı hərbi silah-sursat almır, çünki özü hər cür silah istehsal edir. Uzun sözün qısası, 350-dən çox hərbi təyinatlı məhsul istehsalı məhz ölkə ərazisində həyata keçirilir. Təbii ki, bu sadalananlar Ermənistanda yoxdur. Bütün bunlardan da işğalçı ölkə olan Ermənistan daxili vahimə keçirməkdədir. Ona görə də, hesab edirəm ki, Azərbaycanın hərbi və iqtisadi potensialı nə qədər artarsa, heç şübhəsiz ki, Ermənistan rəhbərliyinin mövqeyi mülayimləşəcəkdir. Bir sözlə, Azərbaycan dövləti son dərəcə güclənəcəyi təqdirdə, yəqin ki, həmsədr ölkələr də bunun fərqində olacaqdır ki, belə bir güclü dövlətin öz torpaqlarını işğaldan azad etmək üçün hərbi yolu seçmək imkanı, potensialı böyükdür və nə vaxtsa bunu reallaşdıracaqdır. Bu qorxunu və təlaşı keçirən beynəlxalq güclər də, təbii ki, Ermənistanı sülhə məcbur edəcəklər. Düşünəcəklər ki, müharibənin qarşısını almaq üçün Ermənistan mütləq sülh yolunu seçməlidir.

Digər xəbərlər