Ermənistan hakimiyyəti dağılır
- Fəzail müəllim, işğalçı Ermənistanda baş verən kütləvi aksiyada müxalifət lideri Ter-Petrosyan Misirdə baş verən hakimiyyət dəyişikliyinin Yerevanda da baş verəcəyini bəyan etdi. Bununla bağlı nə deyə bilərsiniz?
- Əslində, Misir dövləti ilə təcavüzkar dövlət olan Ermənistandakı hadisələri eyni ssenari deyil. Çünki işğalçı dövlətdə Serj Sarkisyanın hakimiyyətə gəldiyi gündən indiyə qədər vaxtaşırı hökumət əleyhinə kütləvi şəkildə etiraz aksiyaları keçirilir. Bu, artıq təcavüzkar Ermənistanda adi bir hala çevrilib. Birmənalı olaraq, istər müxalif qüvvələri, istərsə də ictimaiyyət Sarkisyanın hakimiyyətdən getməsini tələb edirlər. Çünki Sarkisyan ölkənin iflasa uğramasının, korrupsiyalaşmasının səbəbkarıdır. Bundan əlavə, Sarkisyanın məlum "alver" xobbisi də getdikcə artmaqdadır. Hər kəsə məlumdur ki, həm R.Köçəryanın, həm S.Sarkisyanın hakimiyyəti dövründə Ermənistanda, ümumiyyətlə, insan haqları demək olar ki, həmişə pozulurdu. İşğalçı dövlətdə demokratiyadan, insan hüquqlarının müdafiəsindən söhbət belə gedə bilməz. Sarkisyanın hakimiyyətə gəlişi ilə, demək olar ki, işğalçı dövlətdə hərbi xunta biraz da gücləndi və insanların siyasi fikirlərinə görə, kütləvi surətdə həbslər başlandı. İşğalçı Ermənistanın həbsxanalarında siyasi məhbusların həddindən çox olması artıq adi bir həyat formasına çevrilib. Müxalifət liderlərinin hətta parlamenti belə gülləbaran yağışına tutmaları tarixdə çox nadir hadisələrdən idi ki, Ermənistanda bu, baş verdi. Bu isə öz həqiqi istintaqını, demək olar ki, tapmadı və bunun da səbəbləri birbaşa olaraq, həm Köçəryan, həm də Sarkisyan hakimiyyəti ilə bağlıdır.
- Ermənistanda hakimiyyət dəyişikliyi Sarkisyanın ölkədən qaçması ilə nəticələnsə, bu halda, Dağlıq Qarabağdakı azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım aktlarına görə onun məsuliyyətə cəlb olunması nə dərəcədə realdır?
- Hələ indiyə qədər tarixin cəzasından və məhkəmisindən heç kim qaça bilməyib. Doğrudur, indi də olmasa gec-tez Sarkisyan, Köçəryan, Ohanyan kimiləri Xocalıdakı, Dağlıq Qarabağdakı azərbaycanlıların tökülən günahsız, nahaq qanına görə cavab verəcəklər. Get-gedə Sarkisyana qarşı mühakimələr, təzyiqlər, təsirlər olacaqdır. Hakimiyyətdə Sarkisyanın, yaxud da qeyrisinin olması Azərbaycan dövləti üçün qətiyyən önəmli və əhəmiyyətli deyil. Azərbaycan üçün önəmli olan məsələ odur ki, dövlətimizin işğal olunmuş ərazilərindən erməni qüvvələri tamamilə qeyri-şərtsiz çəkilsinlər. Mənfur ermənilər özlərinin işğalçı dövlət olduğunu o zaman açıq-aşkar şəkildə etiraf edəcəkdir ki, Azərbaycanın bayrağı Xankəndində dalğalanacaq. Artıq bir çox dövlətlər Ermənistanın işğalçı dövlət olduğunu bəyan edib.
- Bunu Azərbaycan dövlətinin yürütdüyü siyasətin uğurlu nəticəsi hesab etmək olarmı?
- Əlbəttə, Azərbaycan diplomatiyasının, o cümlədən, azərbaycanlı parlamentarilərin müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlardakı, o cümlədən, NATO, ATƏT, AŞPA-dakı uğurlu fəalliyyətlərinin nəticəsidir. Təbii ki, dövlətimizin qazandığı bu uğurların əsas səbəbkarı cənab Prezidentimiz İlham Əliyevdir. Bu uğurlar hər zaman mütəmadi şəkildə silsilə olaraq, davam edəcəkdir və öz haqq səsimizi bütün dünyaya çatdıracağıq. Beynəlxalq təşkilatlarda haqlı mövqeyimizi hər zaman müdafiə edəcək. Mənfur ermənilər, demək olar ki, düz üçüncü əsrdən başlayaraq, 1700 ildir ki, böyük və heç zaman reallaşmayan xülyalarla yaşayır. Lakin indiyə qədər heç nəyə nail olmayıblar və çox təəssüf ki, ötən əsrin 20-ci illərində Azərbaycan torpaqları hesabına öz dövlətlərini qurdular. İndi də torpaqlarımızı işğal ediblər. Amma təbii ki, bu işğal müvəqqətidir. Azərbaycan xalqı hər zaman olduğu kimi çox güclüdür, əzmkardır və düşmən işğalı altında olan torpaqlarını mütləq işğaldan azad edəcəkdir. Buna Azərbaycanın hərbi potensialı yetəri qədər imkan verir.
- Almaniya və Fransa dövləti kimi Rusiya dövləti də nə vaxtsa Ermənistanı işğalıçı dövlət kimi tanıyacaqmı?
- Bəli, siyasətimiz məhz bu istiqamətə yönəlib. Nəhayət ki, Fransa dövləti Ermənistanı işğalçı dövlət kimi tanıdı və vətəndaşlarının Dağlıq Qarabağa getməməsini bəyan etdi. Əlbəttə, bu, çox müsbət bir haldır. Çalışmalıyıq ki, digər dövlətlər də bu tendensiyanı çox uğurlu şəkildə davam etdirsin. Amma bütün bunların fonunda Rusiyanın Ermənistanı işğalçı dövlət elan etməsi, hələ ki, elə də real deyil. Ona görə ki, ən azı, hələ Rusiya dövlətinin hərbi qüvvələri işğalçı dövlətdədir və elə Azərbaycana olan işğalda da iştirak ediblər. Rusiya tam bir nüvə dövlətidir və Cənubi Qafqaz regionunda möhkəmlənmək üçün işğalçı Ermənistanı öz forpostuna çevirib. Amma bütün səylərimizlə, var-qüvvəmizlə çalışacağıq ki, Rusiyanın mövqeyini Azərbaycan dövlətinin lehinə yönəldək.