Partiyaların maliyyələşməsi
- Tahir müəllim, siyasi partiyaların dövlətdən maliyyələşməsi məsələsi müəyyən dairələrdə müzakirə olunmaqdadır. Bəs siz maliyyələşmə məsələsinin həllini hansı formada görürsünüz?
- Bu məsələ ilə bağlı onu deyə bilərəm ki, həqiqətən də, siyasi partiyalar dövlət tərəfindən maliyyələşməlidir. Çünki bu proses Avropa ölkələrində müvəffəqiyyətlə həyata keçirilir. Yəni, bu qeyri-ixtiyarı partiyaları hansısa, xarici təsirlərdən və yaxud da daxildə bəzi qruplaşmaların maliyyə təsirlərindən qoruyur. Bir sözlə, çoxdan müzakirə edilən bu məsələ öz həllini tapmalıdır. Biz də Vəhdət partiyası olaraq siyasi partiyaların dövlətdən maliyyələşmə məsələsinə müsbət yanaşırıq.
- Bəzi partiyalar QHT-lər vasitəsilə xaricdən müəyyən siyasi məqsədləri üçün maliyyə yardımı alırlar. Sübuta yetirilən bu faktla bağlı, partiyaların, ən azı qınaq obyekti olmaması təəssüf doğurmur ki?
- Həqiqətən də, bəzi radikal müxalifət partiyaları QHT-lər vasitəsilə xaricdən maliyyələşirlər. Şübhəsiz ki, bu partiyalar maliyyələşəndə də həmin xarici ölkələrin istəklərini yerinə yetirməli olurlar. Ölkədə fəaliyyət göstərən, QTH-lərin də bəzi partiyalardan çox yaxın münasibəti var. Bu yaxınlıq vasitəsilə də onlar özləri üçün pul vəsaiti əldə edirlər. Əldə edilən maliyyə vəsaitini heç vaxt göstərilən məsələlər üçün xərcləmirlər. Sadəcə olaraq, öz siyasi fəaliyyətlərini təmin etmək üçün istifadə edilər. Milli Məclisdə vaxtilə bu sözügedən məsələ qaldırıldı ki, bunun qarşısı alınsın. Yalnız daxildən maliyyələşmə baş versin. Ümumiyyətlə, istər ictimai təşkilatların, istərsə də QHT-lərin maliyyə vəsaitlərinin xərclənməsinə İctimai Şura ciddi şəkildə nəzarət etməlidir. Əvvəla, həmin pulun mənbəyi araşdırılmalıdır, bu vəsait nə məqsədlə verilir, veriləndə isə burada hansı xərclər nəzərdə tutulur və o xərclər yerinə yetirilirmi? Yəni, bütün bunlara ciddi nəzarət edilməlidir. Çünki həm QHT-lər, həm də partiyalar yaranan bu sərbəstlikdən sui-istifadə edirlər. Təbii ki, bütün bunların qarşısı alınmalıdır.