PDF Oxu

Müsahibə

  • 14

Alt Komitənin fəaliyyətinin bərpa olunması AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin ciddi uğurudur

Alt Komitənin fəaliyyətinin bərpa olunması AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin ciddi uğurudur
- Rəfael müəllim, AŞPA-nın qış sessiyasında, qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsini yeni rəhbəri - ispaniyalı parlamentari Jordi Çukla Kosta təyin edildi və onun iştirakı ilə toplantı keçirildi. Komitənin işini effektiv etmək üçün Azərbaycan nümayəndə heyəti hansısa təkliflər planını hazırlayırmı?
- Dağlıq Qarabağ üzrə Alt Komitə fəaliyyətini bərpa etdisə, bu, həm Azərbaycan nümayəndə heyətinin, həm Azərbaycan dövlətinin apardığı siyasətin, həm də AŞPA-nın bugünkü rəhbərliyinin ciddi uğuru sayılmalıdır. Çünki Alt Komitə AŞPA-nın 2005-ci ildəki məlum 14/16 saylı qətnaməsinin icrası ilə əlaqədar yaradılmışdı və mərhum Lord Rassel Consonun fəaliyyəti müddətində sözügedən qurum səmərəli fəaliyyət göstərir, üstəlik, ardıcıl da görüşlər keçirirdi. O Alt Komitənin əsas vəzifələrindən biri və birincisi də 14/16 saylı qətnamənin icrasına nəzarət etmək, digər tərəfdən isə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar ortaya çıxa biləcək başqa fəsadların aradan qaldırılması, onların qarşısının alınması üçün mümkün səylərini ortaya qoymaqdır. Lord Rassel Consonun vəfatından sonra bu Alt Komitə fəaliyyətini dayandırmış və ermənilər də ciddi cəhdlərlə bunun qarşısını almağa çalışmalıdırlar ki, bu komitə fəaliyyətini bərpa, davam etdirməsin.
- Konkret olaraq, nəyə görə?
- Ona görə ki, bu komitənin və onun mərhum sədri Lord Rassel Consonun vaxtilə fəaliyyəti onları qane etmir, razı salmırdı. Eyni zamanda, AŞPA-nın prezidenti Mövlud Çavuşoğlunun bu istiqamətdə səylərindən sonra Ermənistan nümayəndə heyəti bir sənəd hazırlamış, çıxışlar da etmişdilər, sözügedən şəxsi məhz türk olduğu üçün bu addımı atmaqda ittihamlamışdılar. Lakin ötən ilin aprel ayında mən Makedoniyada AŞPA-nın Daimi Komitəsinin toplantısında iştirak edərkən bununla bağlı ayrıca bir sənəd hazırladım, Avropanın ən müxtəlif ölkələrindən olan deputatlar həmin sənədə imza atdılar və o sənəddə birbaşa göstərildi ki, həmin Alt Komitənin fəaliyyətinin bərpa olunması bir zəruriyyətdən irəli gəlir. O cümlədən, AŞPA-nın sədri də məhz bu qurumun rəhbəri olduğu üçün- hansı millətdən olmasından asılı olmayaraq - Alt Komitənin fəaliyyətini bərpa etməlidir. Ermənistan tərəfinin də məsələyə bu cür yanaşması rasist yanaşmadır və bu yanaşma heç cür qəbul edilə bilməz.
- Rəfael müəllim, Alt Komitə münaqişənin həllinə hansı yeniliklər gətirə biləcək?
- Əvvəl quruluş, format bundan ibarət idi ki, həmin Alt Komitənin tərkibinə onun sədrindən əlavə Azərbaycan və Ermənistan nümayəndə heyətlərindən iqtidarla müxalifəti təmsil edən deputatlar daxil idi. Lakin format indi bir qədər də genişləndirilib, həm Ermənistan tərəfinin, həm Azərbaycan tərəfinin problemlərini araşdıran - hər iki ölkə monitorinq altında olan ölkədir - həmməruzəçilər də həmin Alt Komitənin iclaslarında iştirak edəcəklər. Yəni, həm Azərbaycan, həm Ermənistan tərəfinin nümayəndə heyətinin üzvləri, eləcə də, hər iki ölkə üzrə həmməruzəçilər bu komitənin iclaslarına qatılacaqlar. Təbii ki, Avropa Şurası rəhbərliyi, onun ayrı-ayrı strukturlarının nümayəndələri də arzuolunan halda bu Alt Komitənin iclasında iştirak edəcəklər. Həmin Alt Komitənin ümumi varlığı, daimi fəaliyyət göstərməsi artıq özü böyük uğur sayılmalıdır. Ona görə ki, bu komitənin varlığı o deməkdir ki, Dağlıq Qarabağ məsələsi, Ermənistanın Azərbaycana təcavüzü problemi daimi olaraq Avropa Şurasının gündəliyindədir. Bu məsələ bu qurumun daimi hədəfindədir və yalnız bu qurum keçmişi araşdırmaq məqsədi daşımır, həm də problemlə əlaqədar yeni məqamlar, fəsadlar ortaya çıxanda, o da həmin Alt Komitənin gündəliyinə gələcək. Yəni, sırf hərbi məsələlər olmaya bilər, təcavüzün törətdiyi hansısa dağıntılar, yanğınlar, yaxud, atəşkəsin pozulması faktları olmaya bilər.

Digər xəbərlər